Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Kəngərli rayonunda gənclər arasında siyasi biliklər üzrə olimpiada keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək ulu öndərimizin ölkəmizin çiçəklənməsi yolunda misilsiz xidmətləri haqda danışıb, ümummilli liderimizin siyasi fəaliyyəti barədə hər bir gəncin ətraflı məlumata malik olmasının əhəmiyyətindən bəhs edib, olimpiadada iştirak edənlərə uğurlar arzulayıb. Qeyd edilib ki, belə tədbirlərin təşkilində məqsəd gənclərin siyasi fəallığını artırmaq, siyasi biliklərə malik gənc nəslin yetişdirilməsinə töhfə verməkdir.
Adıçəkilən təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin sədri Süleyman Süleymanov gənclərin belə tədbirlərdə fəal iştirak etməsini müsbət hal kimi dəyərləndirib.
Sonra olimpiadaya start verilib. 50 gəncin iştirak etdiyi olimpiadada siyasi biliklərini sınayanlara 50 sual təqdim olunub.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri olimpiadanın nəticələrinə əsasən, gənc fəallardan Ağa Seyidov I, Ülkər Gülməmmədova, Yunis Ələkbərov, Vüsalə Musayeva, Gülnar Nəcəfova II, İlqar Əliyev isə III yerə layiq görülüblər.
Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Xəbərlər şöbəsi