Dünən Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikanın tam orta məktəblərinin müəllimlərinin cəlb edildiyi, Word, MS Windows, MS Excel proqramları və elektron lövhədən istifadə qaydaları üzrə təşkil edilən ongünlük ixtisasartırma kurslarını bitirənlərə sertifikatların təqdimetmə mərasimi keçirildi.
Tədbirdə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək qeyd etdi ki, ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb. Dərslərdə elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradıb. Buna görə də müəllimlər elektron lövhənin imkanlarından geniş istifadə etməyi bacarmalı, bu lövhələrdən maksimum şəkildə yararlanmaq üçün lazım olan proqramları yaxşı mənimsəməlidirlər. Kursun təşkilində də məqsəd müəllimlərin elektron lövhələrdən istifadə səviyyəsini yüksəltməkdir.
Sonra kursu bitirənlərə sertifikatlar təqdim edildi.
Tədbirdən sonra həmsöhbət olduğumuz Naxçıvan Müəllimlər İnstitutunun informatika müəllimləri Səminə Rüstəmova və Kəmalə İbrahimova bildirdilər ki, kursun ilk günlərində iştirakçıların elektron lövhə ilə bağlı məhdud səviyyədə bilikləri olsa da, on gün ərzində onlar bu lövhələrdən peşəkarlıqla istifadə etməyi öyrənə biliblər. Sözsüz ki, kursda yaxşı nəticələr əldə edilməsinin bir səbəbi də kursa qatılanların bu işə böyük maraq və həvəs göstərmələridir. Əminliklə demək olar ki, onların qazandıqları biliklərin tədris prosesində böyük faydası olacaq.
Kursu uğurla başa vuranlardan Babək rayonunun Kərimbəyli kənd tam orta məktəbinin müəllimi Lətafət Seyidbəyli və Çeşməbasar kənd tam orta məktəbinin müəllimi Zülfəli Əliyevlə söhbətimizdə qeyd edildi ki, belə kursların təşkili vacibdir və müasir texnologiyalarla bağlı biliklərinin artırılmasında mühüm rol oynayır. Bu kurs vasitəsilə öyrəniblər ki, elektron lövhə müəllimin ən yaxın köməkçisi ola biləcək bir vəsaitdir. Ondan effektiv istifadə isə elə özlərindən – yəni bu lövhənin imkanlarından nə dərəcədə istifadə etmək bacarıqlarından asılıdır. Kursda interaktiv lövhədən daha səmərəli istifadə etmək üçün, ilk növbədə, onun proqram təminatını dərindən öyrəniblər və ondan istifadə zamanı köməyi ola biləcək resursları təyin ediblər. Ümumiyyətlə, Naxçıvan Müəllimlər İnstitutu son illərdə onların müasir texnologiyaları mənimsəməsinə yaxından kömək edir. Bu köməyə görə təşkilatçılara minnətdardırlar.
Səbuhi Hüseynov