Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Universitetinin Ərəb dili ixtisası Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin hamiliyinə verilib. Universitetin bu ixtisas üzrə 2-ci və 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarədə olublar. İdarənin rəisi Vüqar Babayev bildirib ki, dini dəyərlərə muxtar respublikamızda yüksək ehtiramla yanaşılır. Müqəddəs sayılan ünvanlar, qədimdən mövcud olan pirlər, məscidlər təmir edilir, yeni məscidlər inşa olunur. İnsanların dini azadlıqları qorunur. “Multikulturalizm ili”ndə dini dəyərlərin gənclər tərəfindən başa düşülən şəkildə əxz olunması, həmin dəyərlərə əməl edilməsi diqqət mərkəzində saxlanılır. Çünki multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub, burada başqa dinlərə də hörmətlə yanaşılıb.
Vüqar Babayev diqqətə çatdırıb ki, bu gün muxtar respublikamızda 217 məscid, 26 pir və ziyarətgah mövcuddur. Onların fəaliyyətinə hərtərəfli şərait yaradıldığını bildirən idarə rəisi rəhbərlik etdiyi qurumun iş prinsipləri barədə tələbələrə geniş məlumat verib. Tələbələr idarənin kitabxanası ilə yaxından tanış ediliblər.
Sonra tələbələr Heydər məscidində olublar. Burada Naxçıvan Muxtar Respublikasının qazisi Sahib Məmmədov muxtar respublikada yaradılmış dini icmaların fəaliyyəti, iş prinsipləri barədə danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Muxtar Məmmədov