(Oçerk)
Pəncərədən bayıra baxanda gördü ki, axşamdan yağmağa başlayan çiskin yağış hələ kəsməyib. Elə o anda da düşündü ki, burada təəccüblü nə var ki? Yaz yağışı belə olar, ruzi-bərəkətdir indiki yağış.
Məktəbə bu gün bir qədər tez getmək, təmiz yağış havasından udmaq istədi. Çayını içib, evdən çıxdı. Doğulub boya-başa çatdığı Milax kəndinin əsrarəngiz gözəlliyini seyr edə-edə məktəbə tərəf getməyə başladı. Məktəbin 15-20 il əvvəlki görkəmini yadına salmaq istədi. Sifəti bir anlığa tutuldu, sonra bu ifadəni təbəssüm əvəz etdi. Yadına düşdü ki, təkcə məktəb binası yenilənməyib, bütövlükdə kənd yeniliyə qovuşub: yeni tikililər, geniş asfalt yol, ilbəil artırılan yaşıllıqlar. Bütün bunlar insanların da həyata baxışlarını dəyişdirib. Ucqar dağ kəndinin bugünkü siması Nəbi müəllimin ovqatına elə bil yeni çalarlar gətirdi. Dəfələrlə bu hissləri yaşamışdı. Yaşadıqca da sanki cavanlaşırdı.
Məktəbə doğru irəlilədikcə düşüncələrinə hakim kəsilən məqamlar getdikcə çoxalırdı.
Budur, məktəb binasının həyətinə çatıb. Hələ bir o qədər qələbəlik deyil. Beş-on dəqiqə sonra şaqraq uşaq səsləri məktəb həyətinə bir sevinc bəxş edəcək. Uşaq vaxtı biz görə bilmədiyimiz günlərdir, şükür Allaha, bu gün uşaqlarımız görürlər. Bu fikirlərlə məktəbin binasına daxil oldu. Hər şey yerli-yerində idi. Sonra sinifləri gəzdi, otaqlar dərs məşğələlərinə hazır idi.
* * *
Müəllimlər ikibir, üçbir müəllimlər otağına daxil olur, bir-birlərilə hal-əhval tutur, ilin ruzili, bərəkətli olacağından söhbət edirdilər.
–Test-sınaq imtahanlarına hazırlıq necədir? – deyə Nəbi müəllim müəllimlərə ümumi şəkildə sual verdi. Aldığı cavabdan çöhrəsinə təbəssüm qondu. Əslində, cavabın belə olacağını bilirdi. Çünki müəllimlərin imtahanlara ciddi hazırlığını kənardan müşahidə etmişdi. Bu da onda əminlik yaratmışdı ki, çəkilən zəhmət hədər getməyəcək, növbəti test-sınaq imtahanlarının da nəticələri ürəkaçan olacaq.
Bir qədər sonra zəng çalındı, uşaqlar siniflərə keçdilər. Məktəb sakitliyə qərq oldu. Nəbi müəllim, adəti üzrə, otaqdan çıxıb zalda gəzişməyə başladı. Siniflərdən dərsə cavab verən şagirdlərin, ara-sıra müəllimlərin səsi gəlirdi.
Yenə xəyallar onu keçmişə apardı: uyğunlaşdırılmış məktəb binası, darısqal sinif otaqları, sınıq-salxaq partalar, müəllim və şagirdlərin hazırladıqları primitiv tədris ləvazimatları. İndi durub o illəri xatırlayanda inana bilmirsən ki, elə bir dövrü yaşamışıq. Uşaqlar isə heç inanmazlar buna. Yadına ali məktəbdə ona triqonometriya fənnindən dərs deyən Hüseyn müəllimin sözləri düşdü: insan dünənini unutmamalıdır. Haradan gəlib, haraya getdiyini yaxşı bilməlidir. İnsan ömrü bir yoldur, kitab səhifələridir.
Nəbi müəllimin səhifələrə dönmüş ömür yolu gözləri önünə gəldi.
* * *
Birinci sinfə gedəndə 1963-cü il idi. Bayaq xatırladığı Milax kənd 8 illik məktəbi əla qiymətlərlə başa vurmuşdu. 1973-cü ildə orta məktəbi qonşu Bənəniyar kəndində bitirib. 1973-1977-ci illərdə indiki Naxçıvan Dövlət Universitetində təhsil alıb. Bir neçə il rayonun Gal və Ərəfsə kəndlərində riyaziyyat müəllimi işləyib. 1980-ci ildən pedaqoji fəaliyyətini doğma kəndində davam etdirməyə başlayıb.
1999-cu ildə işgüzarlığını, tələbkarlığını, təşkilatçılıq qabiliyyətini nəzərə alaraq onu məktəbə direktor təyin ediblər. O vaxt Milax məktəbi rayonun geridə qalmış təhsil ocaqlarından biri idi. Fəaliyyətə başladığı ilk günlərdən təhsilin səviyyəsini yüksəltmək üçün yollar axtarıb. Qabaqcıl məktəb direktorlarının təcrübəsindən yararlanmağa səy göstərib. Məktəbə direktor təyin olunandan sonra keçirdiyi ilk pedaqoji şurada dediklərini xatırladı:
– Dərs dediyi şagirdin imtahanda “2” almasına müəllim necə baxır? “2” almaq o demək deyil ki, uşağın həmin fəndən heç xəbəri yoxdur? Bəs ona 5-6 il dərs deyən müəllim nə fikirləşir onda? Deməli, müəllimin 45 dəqiqəlik fəaliyyəti sıfırla ölçülməlidir. Hər bir müəllim şagirdin müstəqil işləməsinə şərait yaratmalı, istiqamət verməlidir. Elə düşünmək də düzgün olmaz ki, şagirdin hazır bilikləri öyrənib müəllimə verdiyi cavab onun müstəqil nəticə çıxarmağıdır. Şagirddə, ilk növbədə, axtarışlar aparmağı formalaşdırmaq lazımdır. Bunu da unutmaq olmaz ki, şagirdlərin hamısının qavrama qabiliyyəti eyni deyil. Müəllim fərdi yanaşma prinsipinə əməl etməli, həm dərsdə, həm də dərsdənkənar məşğələlərdə öz işini məhz bu istiqamətdə qurmağa çalışmalıdır.
Bu işdə o, özü nümunə olmağa çalışıb. Məktəbdaxili nizam-intizama, məktəbdənkənar və sinifdənxaric məşğələlərin vaxtlı-vaxtında keçirilməsinə, həmin məşğələlərin dərslərlə əlaqəli qurulmasına diqqəti artırıb. Zəif oxuyan şagirdlər əlavə məşğələlərə cəlb olunub. Valideynlərlə əlaqələr gücləndirilib. Kollektiv qarşısında bir vəzifənin qısa müddətdə yerinə yetirilməsi məsələsi qoyulub: buraxılmış nöqsanlar aradan qaldırılmalı, məsuliyyət hissi artırılmalı, təşəbbüskarlığa geniş yer verilməlidir.
* * *
2005-ci ildə Milax kənd tam orta məktəbi üçün 234 şagird yerlik yeni bina istifadəyə verilərkən artıq bu tədris ocağı xeyli uğurlara imza atmışdı. Artıq Nəbi müəllim də öz zəhmətinin qiymətini alıb. 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının, 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülməsi onunla yanaşı, pedaqoji kollektivin də böyük sevincinə səbəb olub. Müəllimlər bir daha şahidi olublar ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda müəllim nüfuzu yüksəlməkdə, onun əməyinə verilən dəyər artmaqdadır.
* * *
Nəbi müəllim ömrünə yazılan daha bir səhifəni xəyalında canlandırmağa başladı. Bu, məktəbin qazandığı uğurları özündə əks etdirən səhifədir: məktəbin 2 şagirdi 2008-2011-ci illərdə Azərbaycan Respublikası üzrə keçirilən fənn olimpiadasının qalibi olub (Riyaziyyat üzrə). Muxtar respublika üzrə belə şagirdlərin sayı 10-u ötüb. Şagirdlər rayondaxili bilik yarışlarında da fəallıq göstərirlər. 2008-ci ildən başlayaraq ali məktəblərə qəbul olunan məzunlardan hər il 2-3 nəfəri 500-dən yuxarı bal toplayır.
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən, Milax kənd tam orta məktəbi 2008, 2011, 2012, 2013, 2014-cü illərdə respublikanın yaxşı məktəbləri sırasına düşüb. Ötənilki uğurlar da ürəkaçandır. Belə ki, 2015-ci ildə məktəbi bitirən 11 şagirddən 10 nəfəri tələbə adını qazanıb, 3 nəfər isə 500 baldan yuxarı nəticə göstərib. Cari dərs ilinin yekunlarının daha yüksək olacağı gözlənilir.
Bu uğurların təməlində nə dayanır? Bu sualla Nəbi Tağıyevə müraciət edirəm.
– İşə məsuliyyət və sabaha cavabdehlik hissi, tapşırılan vəzifənin qeyd-şərtsiz yerinə yetirilməsi, bağlandığın sənətə məhəbbət. Bu gün məktəbdə fəaliyyət göstərən bütün müəllimlər öz işlərini bu prinsiplər əsasında qurublar. Onlar unutmurlar ki, ölkəmizin gələcəyini yetişdirirlər. Məktəbdə yaradılan şərait barədə geniş danışmaq istəmirəm. Bir onu deyim ki, bu gün muxtar respublikadakı məktəbləri kənd və şəhər məktəblərinə ayırmaq olmaz.
Nəbi müəllim bir qədər dayanır, sonra sözünə davam edir:
– Müəllim təkcə savadlı məzun yetişdirməyə çalışmamalıdır. Vətənpərvər ruhlu gənclər formalaşdırmaq başlıca məsələdir. Dünən də belə olub, bu gün də, sabah da belə olmalıdır. Bunun üçün təlimin müxtəlif metodlarından, məktəbdənkənar və sinifdənxaric məşğələlərdən səmərəli istifadə etmək diqqətdə saxlanılmalıdır. Sevinirəm ki, məktəbimizin müəllimləri belə tədbirlərə həssaslıqla yanaşırlar.
Müsahibim stolun siyirməsindən bir neçə məktub çıxarıb mənə uzadır. Onlardan birini alıb baxıram. Vaxtilə Milax kənd tam orta məktəbini bitirmiş Adəm Quliyevdəndir. Adəm müəllim Bakıda yaşayır, kimya üzrə fəlsəfə doktorudur. O yazır:
– Hörmətli Nəbi müəllim, sizi və məktəbin kollektivini ürəkdən salamlayıram. Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm. Novruz bizim ən əziz bayramlarımızdan biridir. Sevinirəm ki, birlik, həmrəylik, torpağa bağlılıq, yurd sevgisi, vətənpərvərlik kimi hissləri, müsbət insani keyfiyyətləri bizə orta məktəbdə aşılamısınız.
Başımı qaldırıb Nəbi müəllimə baxıram. Üzundə təbəssüm görürəm. Bu təbəssüm neçə illər onun bir müəllim, bir məktəb direktoru, bir vətənpərvər ziyalı kimi çəkdiyi zəhmətin yaratdığı təbəssümdür...
Muxtar Məmmədov