23 Dekabr 2024, Bazar ertəsi

Xəbər verdiyimiz kimi, ötən həftə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil, peşə və orta ixtisas məktəblərində təhsil alan şagird, tələbə və müdavimlər arasında keçirilən “Kitab bilik mənbəyidir” adlı müsabiqəyə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Yazıçılar Birliyi və “Şərq qapısı” qəzeti redaksiyasının birgə təşkil etdiyi müsabiqədə daha çox bədii ədəbiyyat oxumuş, hazırcavab, geniş dünyagörüşə malik olan istedadlı uşaq, yeniyetmə və gənclər iştirak ediblər. Müsabiqə ümumtəhsil məktəblərinin I-IV, V-VIII, IX-XI sinif şagirdləri, digər təhsil müəssisələrinin isə müdavim və tələbələri arasında 6-10, 10-15 və 15 yaşdan yuxarı qruplar üzrə fərdi qaydada keçirilib. Birinci mərhələdə qalib çıxan ümumtəhsil məktəbi hər yaş qrupu üzrə 2 nəfər olmaqla, 6 şagird ilə, digər təhsil müəssisələri isə 3 nəfər ilə təmsil olunublar. Məlumat üçün bildirək ki, sorğu anketinə daxil edilmiş hər sual 5 balla qiymətləndirilib. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt verilib. Müsabiqə iştirakçısı oxumuş olduğu daha çox kitaba dair sualları düzgün cavablandırmaqla yüksək bal qazanıb. Aprelin 8-də Təhsil Nazirliyində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, 27 nəfər müsabiqənin qalibi olub. Müsabiqədə birinci yeri tutan yeniyetmə və gəncləri oxucularımızla yaxından tanış etmişik. Bu dəfə isə ikinci yerin sahiblərini oxucularımıza təqdim edirik. 

Nərgiz Hacıyeva: – 2001-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. 2007-ci ildə birinci sinfə qəbul edilmişəm. Hazır­da Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbin IX sinfində təhsil alıram. Əlaçıyam. Texniki fənlərə marağım daha çoxdur. Bununla belə asudə vaxtlarımda mütaliə etməyi çox sevirəm. Mütaliəyə maraqgöstərən insanların geniş dünyagörüşə, zəngin söz ehtiyatına, səlis nitq qabiliyyətinə malik olmaları danılmaz faktdır. Belələri həmçinin həyatda rastlaşdıqları çətinliklərdən baş çıxarmaq, düzgün qərar qəbul etmək qabiliyyətinə malik olurlar. Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Daniel Defonun “Robinzon Kruzo”, Viktor Hüqonun “Səfillər”, Ernest Heminqueyin “Əcəl zəngi” və başqa kitabları maraqla oxumuşam.
Belə bir tədbirin təşkil olunması məni çox sevindirdi. Onu deyim ki, bu gün məktəblilərin mütaliə ilə məşğul olması üçün hərtərəfli imkanlar yaradılıb. Bizim məktəbimizin kitabxanası zəngindir. Klassik və müasir Azərbaycan, həmçinin dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri mütaliəsevər hər bir məktəbli üçün qiymətli hədiyyədir. Odur ki, hər birimiz bu kitabların dəyərini bilməli, onları oxumağa maraq göstərməliyik.
Fidan Hacıyeva: – Mən 2006-cı ildə Xaçmaz rayonunun Qoçaqlı kəndində anadan olmuşam. Atam hərbçidir. Naxçıvanda qulluq edir. Bununla əlaqədar olaraq ailəmiz Naxçıvan şəhərində yaşayır. Mən Naxçıvan Qarnizonu tam orta məktəbinin IV sinfində təhsil alıram. Evimizdə mütaliəyə maraq çoxdur. Bəlkə də bu səbəbdəndir ki, mən də kitab oxumağa həvəsliyəm. Daha çox nağılları sevirəm. Bu nağıllarda insanların göstərdikləri qəhrəmanlıq səhnələrini maraqla oxuyuram. “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”, “Azərbaycan xalq nağılları”, Süleyman Sani Axundovun “Seçilmiş əsərləri”, “Asiya xalq nağıl və əfsanələri”, Lindali Rottonun “Yuxuların çin olduğu yerdə” və başqa kitabları oxumuşam. Mütaliə dərslərimi yaxşı oxumaqda da mənə köməkdir.
Müsabiqədə ikinci yerə çıxmağım məni kitab oxumağa daha da həvəsləndirib.
Siyavuş Bağırov: – 2003-cü ildə Naxçıvan şəhərində anadan olmuşam. 2009-cu ildə Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbin birinci sinfinə getmişəm. Hazırda VII sinifdə oxuyuram. Asudə vaxtlarımda daha çox idmanla məşğul olur və kitab oxuyuram. Dostlarıma da məsləhət görürəm ki, kitabla yaxından dost olsunlar. İndiyə kimi bir çox kitabları oxumuşam. Onlardan Süleyman Sani Axundovun “Qorxulu nağıllar”, “İki dost, iki düşmən”, “Molla Nəsrəddin Bakıda”, “Qaranlıqdan işığa”, Homerin “Odisseya”, Elçinin “Nəvə”, “Ağ dəvə”, “Mahmud və Məryəm”, Hans Xristian Andersenin “Qar qızı”, “Kibritsatan qız”, “Homerin qəbrində bitən bir çiçək” və başqalarının adlarını çəkə bilərəm.
“Kitab bilik mənbəyidir” adlı müsabiqədə ikinci yerə çıxmağım üçün ədəbiyyat müəllimimə və məktəbin kitabxanaçısına minnətdaram. Mütaliəmdə onların böyük rolu var. Onların tövsiyələrinə əməl etməsəydim, belə uğur qazana bilməzdim.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR