Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamını yüksək dəyərləndirib, bu qurultayın tarixi əhəmiyyətindən və fəaliyyətindən danışıb. Bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən bu qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycan ilə yanaşı, Türkiyə, Macarıstan, Almaniya və digər ölkələrdən gəlmiş geniş tərkibdə nümayəndə heyəti iştirak edib, XX əsrdə türkologiyaya ən geniş baxış bu tədbirdə nümayiş olunub. Dövrünün möhtəşəm hadisələrindən olan Birinci Türkoloji Qurultayda çox mühüm ortaq məsələlər müzakirə edilib. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub. Eyni zamanda qurultayda türk xalqlarının inkişafında mühüm rol oynayan bir sıra qərarlar qəbul edilib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı qərarı xüsusi qeyd etmək lazımdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Birinci Türkoloji Qurultay və dil məsələləri”, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Adil Bağırov “Birinci Türkoloji Qurultay və əlifba məsələləri”, institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Birinci Türkoloji Qurultaya Naxçıvanda hazırlığın gedişi”, institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev “Tanınmış qurultay iştirakçılarının planlı repressiyası” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə qurultayın tarixindən, fəaliyyətindən və əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, Birinci Türkoloji Qurultay türk xalqlarının tarixində ən böyük hadisələrdən biridir. Birinci qurultayın işində keçmiş SSRİ məkanının türkdilli xalqlar yaşayan bütün bölgələrindən, xarici ölkələrdən dəvət olunan tanınmış alimlər iştirak ediblər. Qurultayda türkdilli xalqların tarix və etnoqrafiyasına, ədəbiyyatına, dilçilik məsələlərinə, türk dillərinin tədrisi problemlərinə həsr olunan 37 məruzə dinlənib.
Bildirilib ki, qurultayın diqqət mərkəzində olan əsas məsələsi bütün türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi idi. Bu möhtəşəm elmi tədbirdə terminologiya, orfoqrafiya, ana dilinin tədrisi metodikası sahəsində olan problemlər meydana çıxarılıb və onların həlli yolları göstərilib, türkdilli xalqların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi, inkişaf etdirilməsi sahəsində yollar müəyyənləşdirilib.
Nərgiz İsmayılova