23 Dekabr 2024, Bazar ertəsi

 Bu mövzuda elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda keçirilən respublika elmi konfransının plenar iclasını ali təhsil ocağının rektoru, professor Oruc Həsənli açıb.
O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra demokratik, müstəqil ölkənin əsas prinsiplərinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanılıb. Ənənəvi təhsil sistemi artıq öz dövrünü başa vurub, yerini yeni kurikulum təhsil sisteminə verib.
Qeyd edilib ki, Azərbaycan təhsil sistemində milli və ümumbəşəri dəyərlər nəzərə alınaraq ilk dəfə “Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu” hazırlanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Ümumtəhsil Konsepsiyası (Milli Kurikulumu)” təsdiq edilib. Bu sənəd çərçivə sənədi olub, ümumtəhsil üzrə məzmun standartlarını və təlim nəticələrini, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri əhatə edir.

Yeni fənn kurikulumları özünün səciyyəvi xüsusiyyətləri ilə fərqlənir. Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir. Kurikulum təhsil sistemi hər bir fənn üzrə məqsəd, vəzifə, məzmun, texnologiya və qiymətləndirmə məsələlərini əhatə edir.
Bildirilib ki, kurikulumların Naxçıvan Muxtar Respublikasında öyrənilməsini və tətbiqini əməli olaraq həyata keçirmək məqsədilə Naxçıvan Müəllimlər İnstitutunda beş ilə yaxındır, Kurikulum Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə kurikuluma, fəal interaktiv təlim metodlarına, təlim texnologiyalarına aid olan 5000-ə yaxın elektron variantında informasiya bankı yaradılıb, müxtəlif tədris materialları, slaydlar, fənlərin tədrisinə aid metodik vəsaitlər toplanılıb. Tədrisin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir edən bu materiallar muxtar respublikamızın müəllimlərinə kurslar, seminarlar, treninqlər, elmi-praktik konfranslar keçirilərkən təqdim olunur.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun müəllimlərindən dosent Kamal Camalovun “Mollanəsrəddinçilər düşündürərək öyrətməyin üsul və vasitələri haqqında”, dosent Tofiq Məmmədovun “Təhsildə kurikulum strategiyasına dair”, Naxçıvan şəhərindəki 12 nömrəli uşaq bağçasının müdiri Sevinc Səfərovanın “Məktəbəqədər təhsilin müasir problemləri”, Şərur rayon Zeyvə kənd tam orta məktəbinin müəllimi Fərmayıl Əsgərovun “İbtidai siniflərdə müəllim-şagird münasibətləri”, Kəngərli rayon Xok kənd tam orta məktəbinin direktoru Emin Məmmədxanlının “Məktəbdə müasir kurikulumun təşkili təcrübəsindən” mövzularında məruzələri dinlənilib.
Sonra konfransın bölmə iclaslarına başlanılıb. “Ümumtəhsil məktəblərində şəxsiyyətyönümlü kurikulumların tətbiqi yolları”, “Nəticəyönümlü kurikulumların tətbiqi”, “Kurikulumların tətbiqində dərs nümunələri”, “Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları” və “Kurikulumda strategiyalar” adlı bölmələrdə Naxçıvan Müəllimlər İnstitutunun, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun, Naxçıvan və Gəncə Dövlət universitetlərinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, muxtar respublikanın ümumtəhsil məktəblərinin və məktəbəqədər tərbiyə müəssisələrinin əməkdaşlarının kurikulumla bağlı müxtəlif mövzularda məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR