Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisaslarının tələbələri ilə görüş keçirib. Ali məktəbdə keçirilən tədbiri rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov sözügedən sərəncamın icrası məqsədilə ali məktəblə birgə hazırlanan tədbirlər planı barədə məlumat verib.
Qeyd edilib ki, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada nəqliyyat-yol kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Son illər muxtar respublikada bir neçə magistral yol beynəlxalq standartlar əsasında yenidən qurularaq ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Bildirilib ki, son 10 ildə nəqliyyat sektorunun davamlı inkişafı sayəsində yük və sərnişin daşımasının həcmi 2,3 dəfə artıb, 1 beynəlxalq hava limanı, 5 avtovağzal, dünya standartlarına uyğun avtobus parkı tikilib istifadəyə verilib, 50 körpü salınıb, 797 kilometr uzunluğunda yeni avtomobil yolları çəkilib. Son dövrlər nəqliyyat-yol kompleksi üzrə dövlət idarəetməsi sahəsində struktur islahatlar həyata keçirilməkdədir.
Sonda tələbələrin Nəqliyyat Nazirliyinin nəzdindəki müvafiq struktur bölmələrdə təcrübə keçmələri, iş prosesini əsaslı şəkildə mənimsəmələri ilə bağlı təkliflər müzakirə olunub, tələbələrin sualları cavablandırılıb.
Mehriban SULTAN