Xəbər verdiyimiz kimi, ötən həftə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil, peşə və orta ixtisas məktəblərində təhsil alan şagird, tələbə və müdavimlər arasında keçirilən “Kitab bilik mənbəyidir” adlı müsabiqəyə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Yazıçılar Birliyi və “Şərq qapısı” qəzeti redaksiyasının birgə təşkil etdiyi müsabiqədə daha çox bədii ədəbiyyat oxumuş, hazırcavab, geniş dünyagörüşə malik olan istedadlı gənclər iştirak ediblər. Müsabiqə ümumtəhsil məktəblərinin I-IV, V-VIII, IX-XI sinif şagirdləri, digər təhsil müəssisələrinin isə müdavim və tələbələri arasında 6-10, 10-15 və 15 yaşdan yuxarı qruplar üzrə fərdi qaydada keçirilib. Birinci mərhələdə qalib çıxan ümumtəhsil məktəbi hər yaş qrupu üzrə 2 nəfər olmaqla, 6 şagird ilə, digər təhsil müəssisələri isə 3 nəfər ilə təmsil olunublar. Məlumat üçün bildirək ki, sorğu anketinə daxil edilmiş hər sual 5 balla qiymətləndirilib. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt verilib. Müsabiqə iştirakçısı oxumuş olduğu daha çox kitab üçün sualları düzgün cavablandırmaqla yüksək bal qazanıb. Aprelin 8-də Təhsil Nazirliyində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, 27 nəfər müsabiqənin qalibi olub. Müsabiqədə yer tutan yeniyetmə və gəncləri oxucularımızla yaxından tanış etmək üçün onları redaksiyamıza dəvət etdik. Birinci yerin qalibi olan məktəbliləri sizə təqdim edirik.
Gülnar Səlimli: – 2000-ci ildə Sədərək rayonunun Sədərək kəndində anadan olmuşam. Hazırda Sədərək kənd 1 nömrəli tam orta məktəbin IX sinfinin şagirdiyəm. Məktəbimizin böyük kitabxanası var. İstədiyim bədii ədəbiyyatı, jurnalı əldə edə bilirəm. Cəmiyyətin inkişafında, insanın formalaşmasında, dünyagörüşünün artmasında, doğma yurduna, mənsub olduğu xalqa, onun tarixi keçmişinə məhəbbət ruhunda tərbiyə olunmasında əsas rol oynayan amillərdən biri də kitab və mütaliədir. Kitab insanın ən yaxın dostu, sirdaşı, yolgöstərənidir. Bunun üçün bacardığım qədər kitab oxumağa üstünlük verirəm. Kitab oxuyanda mənəvi zövq alıram. Sonuncu olaraq M.S.Ordubadinin “Qılınc və qələm” romanını oxumuşam. Əsər Azərbaycanın dövlətçilik tarixinin ən böyük səhifələrindən birini – Atabəylər dövrünü əks etdirir. Romanda ən çox diqqətimi çəkən dahi şairimiz Nizami Gəncəvinin yaşadığı dövrün təsvir edilməsidir. Əsərdə XII əsrdə Azərbaycanın yadelli işğalçılara qarşı mübarizəsini, xalq azadlıq hərəkatını böyük həvəslə oxudum. Onu deyim ki, dünya ədəbiyyatına da marağım çoxdur. Onlar sırasında Dostoyevskinin “Cinayət və cəza”, “Alçaldılmış və təhqir edilmiş insanlar”, Viktor Hüqonun “Səfillər”, “Paris Notrdam kilsəsi”, Daniel Defonun “Robinzon Kruzo”, Aleksandr Dümanın “Üç muşketyor”, Rafaello Covanyolinin “Spartak”, Robert Stivensonun “Dəfinələr adası”, Conatan Sviftin “Qulliverin səyahəti” və başqalarının adını çəkə bilərəm.
Bu müsabiqənin təşkili mütaliəyə marağımı daha da artırıb. Bunun üçün kitabxanalarda yüksək şərait var. Qalır ki, bu şəraitdən istifadə edəsən. Mütaliə insanın daxili aləmini zənginləşdirir, söz ehtiyatını artırır. Belə tədbirlərin təşkilinin bundan sonra da davam etdirilməsini istərdim.
İnci Ocaqverdiyeva: – 2006-cı ildə Babək rayonunun Didivar kəndində anadan olmuşam. 2012-ci ildə Didivar kənd tam orta məktəbinin I sinfinə qəbul olmuşam. Hazırda həmin məktəbin IV sinfində oxuyuram. Mütaliəni çox sevirəm. Oxuduğum kitablardan “Koroğlu”, “Qaçaq Nəbi” dastanları, “Sirlər xəzinəsi”, “Göyçək Fatma” və başqalarının adlarını deyə bilərəm. Mircəlal Paşayevin “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” fəslini oxuyub sinif yoldaşlarıma da danışdım. “İtə ataram, yada satmaram” ifadəsinin niyə işlənildiyini izah elədim. Dedim ki, Sona ana toxuduğu xalçanı bazarda satmağa gedir. Lakin onun qiymətli xalçasını əcnəbilər su qiymətinə almaq istəyirlər. Ana sonda qərara gəlir ki, satmasın və “İtə ataram, amma yada satmaram!” deyərək xalçasını götürüb evinə qayıdır. Oxuduğum kitabların sayını artırmağa çalışıram. Kitablardan çox şey öyrənirəm. Yay tətilində daha çox kitab oxuyacağam.
Emil Qaybalıyev: – 2002-ci ildə Şahbuz şəhərində anadan olmuşam. Hazırda Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin VIII sinfində təhsil alıram. Dərslərimi əla qiymətlərlə oxuyuram. Sınaq-test imtahanlarında, müsabiqələrdə, idman tədbirlərində uğurlu nəticələr əldə etmişəm. Bu nəticələri qazanmağımda mütaliənin əvəzsiz rolu var. Mütaliə dünyagörüşümün formalaşmasında mənə çox böyük köməklik edir. V sinifdə oxuduğum vaxtdan etibarən bədii ədəbiyyatların mütaliəsi ilə məşğul oluram, məktəb kitabxanasının fəal üzvüyəm. Dəfələrlə keçirilən məktəb və rayon müsabiqələrinin qalibi olmuşam.
Tarix fənninə daha çox marağım olduğuna görə tarixi əsərlərin mütaliəsi ilə daha çox məşğul oluram. Vasili Qriqoryeviç Yanın “Çingiz xan”, Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan tarixi”, “Azərbaycan Atabəylər dövləti”, Fuad Əliyev və Mirabdulla Əliyevin “Naxçıvan xanlığı”, Fuad Əliyev və Urfan Həsənovun “İrəvan xanlığı” kimi tarixi əsərlərini oxumuşam. Hər həftə ərzində mütləq bir kitabın mütaliəsini başa çatdırıram. Mütaliəni özümdə vərdişə çevirmişəm. Kitab oxumadan günlərimi keçirmək istəmirəm.
Sara Əzimova