Naxçıvan Muxtar Respublikasının ümumtəhsil, peşə və orta ixtisas məktəblərində təhsil alan şagird, tələbə və müdavimlər arasında keçirilən “Kitab bilik mənbəyidir” adlı müsabiqəyə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Yazıçılar Birliyi və “Şərq qapısı” qəzeti redaksiyasının birgə təşkil etdiyi müsabiqədə daha çox bədii ədəbiyyat oxumuş, hazırcavab, geniş dünyagörüşə malik şagird, müdavim və tələbələr iştirak ediblər. Müsabiqənin birinci mərhələsi mart ayında şəhər və rayon təhsil şöbələri tərəfindən keçirilib.
Müsabiqə ümumtəhsil məktəblərinin I-IV, V-VIII, IX-XI sinif şagirdləri, digər təhsil müəssisələrinin isə müdavim və tələbələri arasında 6-10, 10-15 və 15 yaşdan yuxarı qruplar üzrə fərdi qaydada keçirilib. Birinci mərhələdə qalib çıxan ümumtəhsil məktəbi hər yaş qrupu üzrə 2 nəfər olmaqla, 6 şagird ilə, digər təhsil müəssisələri isə 3 nəfər ilə təmsil olunublar.
Məlumat üçün bildirək ki, sorğu anketinə daxil edilmiş hər sual 5 balla qiymətləndirilib. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt verilib. Müsabiqə iştirakçısı oxumuş olduğu daha çox kitab üçün sualları düzgün cavablandıranda yüksək bal qazanıb.
Aprelin 8-də Təhsil Nazirliyində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Təhsil naziri Məmməd Qəribov qalibləri təbrik edərək bu gün muxtar respublikamızın ümumtəhsil məktəblərində müasir maddi-texniki bazaya malik olan kitabxanaların fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, kitabxanaların hamısı bədii ədəbiyyat və pulsuz dərsliklərlə təmin edilib. Kitabxanalara 2005-ci ildən indiyədək 2 milyon 152 min 243 nüsxə dərslik verilib ki, onların da 132 min 761 nüsxəsi 2015-ci ilin avqust ayında gətirilib. Bundan başqa, məktəb kitabxanalarına 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə verilib. Vurğulanıb ki, bu gün hər bir məktəb kitabxanasından səmərəli istifadə edilməli, şagirdlərin təlim-tərbiyəsində bədii ədəbiyyatlardan istifadə, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır.
“Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov, Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxışlarında bildiriblər ki, “Kitab bilik mənbəyidir” kəlamı illərdən süzülüb gəlsə də, aktuallığını itirmir, əksinə, həyatımızın, təhsilimizin şüarına çevrilir. İnsan oxuduğu kitablarla kamilləşir, savadlanır, ucalır. Buna görə də biz biliklərimizə görə kitablara borcluyuq. Bir müddət bundan əvvəl kitaba həvəs azalsa da, son zamanlarda problem aradan qalxmaq üzrədir. Xüsusilə bu, məktəb kitabxanalarında oxucuların sayının artmasında daha aydın hiss olunur. Şagirdlərimiz daim kitabxana ilə yaxından əlaqə saxlamalı, burada olan bədii ədəbiyyat, metodiki vəsait və gündəlik mətbuatla müntəzəm maraqlanmalıdırlar. Bildirilib ki, müsabiqənin qalibləri haqqında “Şərq qapısı” qəzetində yazıların dərc olunması nəzərdə tutulub.
Sonda hər yaş qrupu üzrə 1-ci, 2-ci, 3-cü və həvəsləndirici yerlərə layiq görülənlərə diplom və qiymətli hədiyyələr verilib.
Xəbərlər şöbəsi