Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilib. Aprelin 5-də universitetin bu ixtisas üzrə 2 və 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Burada tələbələri prokurorluğun kriminilastik avtomaşınının iş prinsipi ilə tanış ediblər. Tələbələrə cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri barədə danışılıb. Cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elan etmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri izah olunub.
Tələbələrə “Prokurorluq haqqında” Qanuna əsasən prokurorluğun fəaliyyət istiqamətləri barədə də məlumat verilib. Qeyd edilib ki, həmin istiqamətlər dövlət ittihamını müdafiə etmək, məhkəmə qərarlarından protest vermək, məhkəmədə iddia qaldırmaq, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak etməkdən ibarətdir.
Tələbələrin Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə prosesində iştirakları da təmin olunub. Məhkəmə prosesindən sonra tələbələrə Azərbaycan Respublikasının qanunvericilik bazasında kompüter proqramı barədə məlumat verilib. Qeyd olunub ki, proqrama Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar və ikitərəfli müqavilələr, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının və digər sənədlərin nümunələri daxildir. Tələbələrə prokurorluq orqanlarında işə qəbul, prokurorluq işçilərinin nəzəri, peşə biliklərinin səviyyəsinin kompüter vasitəsilə yoxlanılması, attestasiyalar keçirilməsi qaydaları haqqında da məlumat verilib.
Aprelin 6-da isə universitetdə Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu ixtisas üzrə təhsil alan tələbələrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öz ixtisaslarını daha dərindən öyrənmələri üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Ali Məclis Sədrinin adıçəkilən sərəncamının və bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb. Prokuror bildirib ki, bu sərəncam tələbələrin dərs məşğələləri zamanı qazandıqları biliklərin təcrübədə tətbiqi, onların gələcək fəaliyyətə hazırlanmaları, yaxşı mütəxəssis kimi yetişmələri baxımından böyük əhəmiyyətə malikdir. Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda görüləcək işlərə dair tədbirlər planının təsdiq olunduğunu bildirən prokuror diqqətə çatdırıb ki, planda Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar məşğələlərin keçirilməsi, onların prokurorluqda istintaq olunan cinayət işləri üzrə ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakının və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsinin, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi üzrə məhkəmələrdə iştirakının təmin olunması nəzərdə tutulub. Bundan başqa, planda gələcək hüquqşünasların muxtar respublika prokurorluğunun kitabxanasından və qanunvericilik bazası sistemindən istifadə etmələri, istehsalat təcrübələri keçmələri üçün lazımi şərait yaradılması da öz əksini tapıb.
Prokuror bildirib ki, artıq bu istiqamətdə xeyli iş görülüb və həyata keçirilən tədbirlər davam etdirilir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, gələcəkdə görüləcək işlər barədə təkliflər dinlənilib.
Muxtar Məmmədov