Aprel ayının 3-də Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin rezidenturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.
Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin binasında keçirilən imtahan saat 1100-də başlayıb və 2 saat 30 dəqiqə davam edib. Namizədlərə 100 test tapşırığı təqdim olunub. Namizədin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaqlar. Müsabiqəyə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılır.
* * *
Həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər üçün sınaq imtahanı keçirib. Muxtar respublikanın bütün rayonlarında keçirilən imtahan saat 1100-də başlayıb və 3 saat vaxt ayrılıb.
Sınaq imtahanları abituriyentlərin qəbul imtahanına hazırlaşmasında, onlarda imtahan vərdişlərinin formalaşmasında və bilik səviyyələrinin real qiymətləndirilməsində mühüm rol oynayır. Qeyd edək ki, sınaq imtahanlarında əldə edilən nəticələr qəbul imtahanlarının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil.
Növbəti sınaq imtahanları aprel ayının 10 və 24-ü, may ayının 5-də keçiriləcək.
Xəbərlər şöbəsi