23 Dekabr 2024, Bazar ertəsi

 Ağbulaq İstirahət Mərkəzindən reportaj 

Ötən şənbə, səhər saat 900-da Naxçıvan şəhərindən olan, sınaq imtahanlarında yüksək nəticələr göstərən və aztəminatlı ailələrin uşaqlarından ibarət bir qrup məktəbli Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzinə birgünlük istirahətə yollandı. Bu layihə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, muxtar respublika Təhsil, Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən həyata keçirilir.

Onlar üçün ayrılan iki avtobusla yola düşən məktəblilər yolların rahat olması səbəbindən qısa zamanda mənzil başına çatdılar. Burada onları mərkəzin əməkdaşları qarşıladı. Məktəblilər əşyalarını yerləşdirdikdən sonra mərkəzlə tanış oldular. 

Tanışlıqdan sonra istirahət mərkəzinin mini-futbol meydançasında komandaların yarışı başlandı, məktəblilərin futbol idman növünə böyük maraq göstərməsi elə bu yarışlar zamanı ortaya çıxdı. Belə ki, komandalar qalib gəlmək üçün var- qüvvələrini nümayiş etdirdilər. Yarışlar nahar fasiləsindən sonra da davam etdi. Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Zəhra İsmayılovanın rəhbərliyi ilə məktəblilər şahmat və dama yarışlarına qatıldılar. Gərgin mübarizə şəraitində keçən qarşılaşmalar tamaşaçı məktəblilər tərəfindən maraqla qarşılandı. Şam yeməyindən sonra isə mərkəzin istirahət otağında vətənpərvərlik mövzusunda çəkilmiş “ Dolu” filmi nümayiş etdirildi. Filmin nümayişindən sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova məktəblilərlə söhbətlər apararaq filmdən çıxarılan nəticələr barədə sorğu keçirdi. Sorğu nəticəsində məlum oldu ki, məktəblilərin əksəriyyəti böyüyəndə filmin qəhrəmanları kimi olmaq, vətən uğrunda fədakarlıqlar göstərmək istəyir, onlar kimi müqəddəs vətən torpaqlarının hər qarışı uğrunda mübarizə aparmağa can atır. Axşam uşaqlar geniş və işıqlı, hər cür şəraitə malik otaqlarına istirahətə çəkildilər. Qaranlıq öz pərdəsini gözəl mənzərəli Ağbulaq kəndinin üzərinə çəkdiyində məktəblilər sabah keçirəcəkləri günün həyəcanı ilə şirin yuxuya getmişdilər. Günəş dağların ardından boylananda isə uşaqlar yavaş-yavaş idman meydançasına toplaşmağa başladılar. Burada səhər gimnastikası ilə məşğul olan uşaqları bir-birindən ləziz səhər yeməkləri gözləyirdi.
Səhər yeməyi başa çatdıqdan sonra uşaqlar üçün əyləncəli oyun və viktorinalar, şeir və rəsm müsabiqələri təşkil edilmişdi. Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin müəllimi Türkan Qocayeva uşaqları qaydalar barədə məlumatlandırdıqdan sonra əyləncəli oyunlara və tarix fənnindən viktorinaya start verildi. Viktorinada uşaqların fəal iştirakı bir daha onu göstərdi ki, burada istirahət edənlərin əksəriyyəti hərtərəfli biliyə, intellektə, dünyagörüşünə malik şagirdlərdir. Sonrakı müddətdə uşaqlar mütaliə ilə məşğul oldular, mütaliə olunan kitabları müzakirə etdilər. Uşaqlar M.Servantesin “Lamançlı Don Kixot”unu, C.Sviftin “Qulliverin səyahəti”ni, J.Vernin və F.Kuperin romanlarını, eləcə də Azərbaycan uşaq ədəbiyyatı nümunələrini böyük həvəslə mütaliə etdilər. Görkəmli sənətkar və yazıçıların əsərlərinin mütaliədən sonrakı müzakirəsi uşaqların aktiv iştirakı ilə yadda qaldı. Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Nihad Cəfərov dedi ki, dərslərin çox olması səbəbindən mütaliəyə o qədər də vaxt ayıra bilməyib. Ancaq burada onların mütaliəsi üçün yaxşı şərait yaradılıb. Çalışacaq ki, bundan sonra evdə də mütaliəni davam etdirsin.
İstirahət mərkəzinin idman sahəsində keçirilən voleybol və badminton idman növü üzrə qarşılaşmalar da maraqlı səhnələrlə yadda qaldı. Məktəblilər bu idman növlərinə də böyük maraq göstərdiklərini elə ilk görüşlərdən nümayiş etdirdilər. Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərindən Dilara Abdullayeva, İlham Zeynalov və başqaları bu görüşlərdə xüsusilə fərqləndilər. Görüşlərdən sonra məktəblilərin Ağbulaq İstirahət Mərkəzinə səfərinin başa çatdığı elan edildi, onlar Naxçıvan şəhərinə yola düşdülər.
Naxçıvan şəhərində məktəbliləri qarşılayanlar da az deyildi. Təşkilatçı qurumların nümayəndələri, valideynlər və ailə üzvləri, məktəblilərin dostları və rəfiqələri də qarşılayanlar arasında idi. Valideynlərdən Lətif Hüseynov, Kamran Abdullayev və Sahib Zeynalov övladlarını qarşıladıqdan sonra təəssüratlarını bizimlə bölüşdülər. Bildirdilər ki, övladlarında birgünlük istirahətdən sonra böyük sevinc, ruh yüksəkliyi hiss ediblər. Sözsüz ki, orada keçirilən müxtəlif müsabiqələr bundan sonra da uşaqların qabiliyyət və yaradıcılıq potensiallarının inkişafına müsbət təsir göstərəcək, onları daha yaxşı oxumağa həvəsləndirəcək. Uşaqların əhval-ruhiyyəsindən də yaxşı görünür ki, onların Ağbulağa göndərilmələri yaxşı istirahət etmələri ilə bərabər, fiziki fəaliyyət ehtiyaclarını ödəmələrinə, yaradıcılıqlarını inkişaf etdirmələrinə səbəb olub. Uşaqlar bu şəraitin yaradılmasına görə dövlətimizə minnətdardırlar.
Beləcə məktəblilərin Ağbulaq İstirahət Mərkəzinə səfəri başa çatdı.
Qeyd edək ki, tədbir bu il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən keçirilir. Aprelin 2-də startı verilən layihə çərçivəsində, ümumilikdə, 405 şagirdin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil ediləcək. Layihə hər həftənin şənbə və bazar günlərində olmaqla, 2 aprel-5 iyun tarixlərində reallaşdırılacaq.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR