“Naxçıvan” Universitetində Pedaqoji fakültənin əyani şöbə üzrə III kurs tələbələrinin 2015-2016-cı tədris ilinin ikinci yarısında keçdikləri pedaqoji təcrübəyə həsr edilmiş yekun konfrans keçirilib.
Konfransda çıxış edən ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev bildirib ki, pedaqoji təcrübə tələbələrin ali təhsil zamanı aldıqları nəzəri bilikləri sınaqdan çıxarmaları, pedaqoji mühitə alışmaları, müəllimlik sənətinin sirlərinə daha dərindən yiyələnmələri, ümumtəhsil məktəbləri ilə əməkdaşlığın möhkəmləndirilməsi, yüksək intellektli müəllim hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor pedaqoji təcrübənin uğurla başa çatması münasibətilə tələbələri təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb.
Təcrübə müddətində tələbələrin göstərdiyi fəallığı vurğulayan pedaqoji təcrübənin qrup rəhbərləri bildiriblər ki, 2015-2016-cı tədris ilinin birinci yarısında “Naxçıvan” Universitetinin 98 tələbəsi Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəbdə, 8 və 15 nömrəli tam orta məktəblərdə pedaqoji təcrübə keçiblər.
Təcrübəçi tələbələrdən bir neçəsi çıxış edərək təcrübə zamanı onlar üçün yaradılmış şəraitdən, göstərilən qayğıdan danışıblar.
Sonra tələbə-gənclər görülmüş işlərə dair hesabatı, gündəliyi, sınaq dərslərinin nümunəvi icmallarını, protokolları və əyani vəsaitləri, həmçinin keçirilmiş tərbiyəvi-əxlaqi tədbirlərin mətninə aid sənədləri təhvil veriblər.
Sonda təcrübədə fərqlənən tələbələrə diplom və fəxri fərmanlar təqdim olunub.
Xəbərlər şöbəsi