Naxçıvan Dövlət Universitetində 2015-2016-cı tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.
Konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq vurğulayıb ki, pedaqoji təcrübə tələbələrin ali təhsil zamanı aldıqları nəzəri bilikləri tətbiq etmələri, pedaqoji mühitə uyğunlaşmaları, pedaqoji prosesi dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor ümumtəhsil məktəbləri ilə əməkdaşlığın möhkəmlənməsinə, yüksəkixtisaslı kadr hazırlığına xidmət edəcək pedaqoji təcrübə zamanı məsuliyyət və nizam-intizamın vacibliyindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək bildirib ki, son 20 ildə muxtar respublikada 200-dən çox müasir standartlara cavab verən, yüksək təchizata malik təhsil müəssisəsi istifadəyə verilib. Yarım əsrə yaxın tarixə malik, Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universitetində də regionda intellekt bazasının, kadr potensialının formalaşması istiqamətində əhəmiyyətli işlər görülür. Növbəti pedaqoji təcrübə də gənclərin qocaman pedaqoqların zəngin və nümunəvi iş təcrübələrini öyrənmələri, gələcəyin mükəmməl pedaqoqları kimi yetişmələri baxımından öz bəhrəsini verəcək. Muxtar respublikanın tam orta məktəblərində təcrübəçi tələbələrin pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərini yaxşı mənimsəmələri üçün hər cür şərait yaradılıb.
Universitetin Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rafiq Rəhimov bildirib ki, cari semestr ərzində ali məktəbin 6 fakültəsinin pedaqoji profilli 16 ixtisası üzrə 675 nəfər III-IV kurs tələbəsi muxtar respublikanın 17 tam orta məktəbində təcrübədə olacaq. Bundan başqa, IV kurs tələbələrinin müvafiq ixtisaslar üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində, Naxçıvan “Tikiş” Açıq Səhmdar Cəmiyyətində, Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində, müxtəlif zavod və fabriklərdə istehsalat təcrübələri keçmələri nəzərdə tutulur.
Konfransda fəlsəfə elmləri doktoru Məmməd Hacıyev “Metodistlərin təcrübə dövründə yerinə yetirəcəyi işlər”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Solmaz Bayramova “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər” mövzularında məruzələr ediblər.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, dosent Qurban Qurbanlı pedaqoji təcrübənin düzgün təşkilinə xidmət edəcək təkliflərlə çıxış edib.
Konfransda ötən tədris ilindəki pedaqoji təcrübələri əks etdirən slaydlar nümayiş olunub.
Mehriban SULTAN