23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti xalqımızın elmi potensialının formalaşmasında mühüm mərhələ təşkil edir. Ötən əsrin əvvəllərində Azərbaycanın iqtisadiyyatını, təbii sərvətlərini, tarixini, fəlsəfəsini və incəsənətini öyrənmək üçün yaradılan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti elmi-təşkilati işlərin əsasını qoymuşdur. SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin təşkil olunmasından sonra isə burada rus alimləri ilə yanaşı, Azərbaycan alimləri də fundamental elmi araşdırmalar aparmışlar.  1935-ci ildə şöbə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmiş, kimya, geologiya, botanika, fizika və humanitar elmlər sahəsində sanballı elmi tədqiqatların aparılması Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunmasına gətirib çıxarmışdı. 

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli və Azərbaycan Xalq Komissarları Sovetinin həmin ilin 27 mart tarixli xüsusi qərarı ilə İttifaq Akademiyasının Azərbaycan filialı Azərbaycan Elmlər Akademiyasına çevrilmişdir. O vaxt akademiya özündə dörd bölməni, on altı elmi-tədqiqat institutunu, iki elmi-tədqiqat şöbəsini və üç muzeyi birləşdirirdi. Akademiyanın ilk heyəti 15 nəfərdən ibarət olmuşdur. Elmlər Akademiyasının tərkibində 4 bölmə, 16 elmi-tədqiqat institutu, 2 elmi-tədqiqat şöbəsi və 3 muzey vardı. Bunlardan başqa, Naxçıvanda, Gəncədə, Xankəndində elmi bazalar mövcud idi. Akademiyanın ilk heyətinə Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.Qrossheym, S.Dadaşov, İ.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə.Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.Şiroqorov daxil idi.

Akademiyanın tarixini şərti olaraq bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ 1945-1970-ci illəri əhatə edir və əsasən onun formalaşması dövrü kimi xarakterizə olunur. Akademiya tarixində ən parlaq mərhələ 1970-1985-ci illərə təsadüf edir. Həmin dövrdə ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində elmi tədqiqatların əhatə dairəsi genişlənmiş, güclü kadr potensialı və texniki arsenal yaradılmışdı. Bu illərdə Azərbaycan Elmlər Akademiyasında çalışan işçilərin sayı artaraq 15 min nəfərə, o cümlədən elmi işçilərin sayı 5 minə çatmışdı.
1987-1993-cü illərdə səriştəsiz insanların ölkəyə rəhbərlik etmələri bir sıra sahələrdə olduğu kimi, elmin inkişafının da zəifləməsinə, kadr potensialının aşağı düşməsinə, təcrübəli və savadlı elm adamlarının ölkəni tərk etməsinə səbəb oldu. Lakin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər müstəqil dövlətin bünövrəsinin elmi sütunlar üzərində qurulduğunu reallığa çevirdi, akademiyanın hərtərəfli inkişafı təmin olundu. Dahi şəxsiyyətin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu, 2003-cü il 4 yanvar tarixli Fərmanına əsasən isə müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verilmişdir. Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının hərtərəfli inkişafı üçün hüquqi zəmin yaranmış, akademiyanın fəaliyyət dairəsi genişlənmiş, səlahiyyətləri artmışdır.
Ümummilli liderin elmin inkişafı ilə bağlı müəyyənləşdirdiyi siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, insan kapitalının yaradılması sahəsində ardıcıl tədbirlər həyata keçirilir, elmi potensialın qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi götürülür. Bu sahədə görülən işlərin nəticəsidir ki, 2003-cü ildən ötən dövr akademiyanın fəaliyyətində və Azərbaycan elminin inkişafında yeni mərhələ kimi dəyərləndirilir. “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”nın həyata keçirilməsi bu mənada mühüm əhəmiyyətə malik olmuşdur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçilərindən 560-ı elmlər doktoru, 2046-sı isə fəlsəfə doktorudur. 2014-cü ilin iyununda AMEA-ya 26 akademik, 50 müxbir üzv seçilmiş, beləliklə də, akademiklərin sayı 74-ə, müxbir üzvlərin sayı isə 120-yə çatdırılmışdır.
Ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılmışdır. Qısa müddət ərzində maddi-texniki baza möhkəmləndirilmiş, kadr potensialı təkmilləşdirilmişdir. Naxçıvan bölməsinin yaradılması zəruriliyindən bəhs edən ümummilli liderimiz demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikamızın indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.
AMEA Naxçıvan Bölməsinin tərkibində “Tarix, Etnoqrafiya və Arxeologiya”, “İncəsənət, Dil və Ədəbiyyat”, “Təbii Ehtiyatlar”, “Bioresurslar” institutları, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası fəaliyyət göstərir. AMEA Naxçıvan Bölməsi muxtar respublikada elmi mühitin canlanmasına və elmin inkişafına əsaslı töhfə verir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin professor-müəllim heyəti də Naxçıvanda elmin inkişafında, elmi kadrların hazırlanmasında yaxından iştirak edirlər.
Elmin inkişafı bilavasitə yüksək­ixtisaslı elmi kadrların hazırlanmasından asılıdır. Naxçıvan Dövlət Universitetində və AMEA Naxçıvan Bölməsində doktorantura və dissertantura yolu ilə elmi kadrlar hazırlanır. 1998-ci ildən Naxçıvan Dövlət Universitetində 4 ixtisas üzrə Dissertasiya Şurasının fəaliyyəti yüksəkixtisaslı elmi kadrların hazırlanmasına öz müsbət təsirini göstərmişdir. 2006-cı ildən isə AMEA Naxçıvan Bölməsində 3 ixtisas üzrə Dissertasiya Şurası yaradılmışdır. Fəaliyyəti dövründə bu şurada 75 nəfər fəlsəfə doktoru, o cümlədən 10 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir. 2013-cü ildən həmin şuraya doktorluq Müdafiə Şurası səlahiyyəti verilmişdir. Hazırda muxtar respublikada 35 elmlər doktoru, 188 fəlsəfə doktoru fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasına 2003, 2007 və 2014-cü illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm adamlarından 3-ü akademik, 13-ü isə müxbir üzv seçilmişdir.
AMEA Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat müəssisəsinin 100-ə yaxın elmi işçisi, ali təhsil müəssisələrinin 420 professor-müəllim heyəti elmi-tədqiqat işləri ilə məşğuldurlar. Onların apardıqları elmi-tədqiqat işlərinin nəticələri dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu jurnallarında, ölkəmizin və muxtar respublikamızın elmi nəşrlərində dərc edilir. Son illər muxtar respublika tədqiqatçılarının 208 monoqrafiyası, 750-yə yaxın kitabı, 320-dən çox dərslik və tədris vəsaiti, 18 mindən artıq məqalə və tezisi nəşr edilmişdir.
Naxçıvan Muxtar Respublikasının tarixinin, abidələrinin, folklorunun, ədəbi-mədəni mühitinin, biomüxtəlifliyinin, təbii sərvətlərinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılmış, bir sıra ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar çap edilmişdir. “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan: tarixi və abidələri”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvanın folklor antologiyası”, “Naxçıvan teatrının salnaməsi”, Naxçıvan Muxtar Respublikası flora və faunasının Qırmızı kitabları, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: mövcud vəziyyəti və perspektivləri”, “Naxçıvan dialektləri”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan arxeologiyası”, “Naxçıvan tarixi” çoxcildliyi və digər əsərlər elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Bundan başqa, Naxçıvanın arxeologiyası, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, dialekt və şivələri, təbii və bioloji müxtəliflikləri, təbii sərvətləri dərin araşdırmalara cəlb edilmiş, elmi konfrans və simpoziumlar keçirilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanın tarixi və arxeologiyası sahəsində sanballı nəticələr əldə edilmiş, Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasının 5 min ildən artıq tarixə malik olması, Kür-Araz və Boyalı qablar mədəniyyətinin bu ərazidə formalaşması, Duzdağın mədən üsulu ilə dünyada duz çıxarılan ilk duz mədəni olması elmi təsdiqini tapmışdır.
Naxçıvan ziyalıları, elm adamları fəaliyyətləri ilə bundan sonra da Azərbaycan elminin hərtərəfli inkişafına öz layiqli töhfələrini verəcəklər.

Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR