Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iş prosesi ilə tanış olmuşlar.
Sonra Ədliyyə Nazirliyinin akt zalında tələbələrlə görüş keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış etmişdir.
Qeyd olunmuşdur ki, növbəti görüş ali təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Ali Məclis Sədrinin 27 iyul 2015-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin üzərinə düşən vəzifələrlə bağlıdır.
Bildirilmişdir ki, nazirliyin fəaliyyət istiqamətləri genişdir. Bunlardan biri də ekspertiza fəaliyyətidir. Muxtar respublikanın mövcud coğrafi relyefi ekspertiza işlərinin Bakı şəhərinə göndərilməsinə çətinlik yaradırdı. Bunu aradan qaldırmaq məqsədilə Ali Məclis Sədrinin təşəbbüsü ilə 5 oktyabr 2005-ci ildə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialı təsis edilmişdir. Qısa müddət ərzində filial üçün inzibati bina ayrılmış, lazımi avadanlıqlarla təmin olunmuşdur. Ekspertlər ixtisasartırma kurslarına göndərilmişdir.
Ali Məclis Sədrinin 22 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialı müstəqil Məhkəmə Ekspertizası Mərkəzinə çevrilmişdir. Hazırda mərkəzdə 11 növ, 17 ixtisas sahəsi üzrə tədqiqatlar aparılır.
Mərkəzdə 17 inzibati vəzifə üzrə çalışan əməkdaşlardan 14 nəfəri Naxçıvan Dövlət Universitetinin məzunudur. Bu da məzunların bu sahəyə marağını göstərir.
Vurğulanmışdır ki, növbəti tədbirlər nazirliyin digər xidmət sahəsi olan Penitensiar Xidmətdə təşkil ediləcəkdir. Bu, tələbələrin həmin sahə üzrə nəzəri biliklərinin praktik şəkildə mənimsənilməsinə müsbət təsirini göstərəcəkdir.
Xəbərlər şöbəsi