23 Dekabr 2024, Bazar ertəsi

 Təbriz Milli Kitabxanası onun adını daşıyır

Dövrünün həm imkanlı, həm də mənəvi cəhətdən zəngin insanlarından olan vətənpərvər Hacı Məhəmməd Əliabbas oğlu Naxçıvani (1880-1962) xeyriyyəçi alim kimi də tanınıb. Səhər Vəhdəti yazır: “Kitablara məhəbbəti onu bütün İranda tanıtdı, dünya üləmaları arasında ona yer verdi”.
Hacı Mirzə Abdulla Müctehidiyə görə isə Məhəmməd Naxçıvaninin dünyanın müxtəlif ölkələrindən topladığı əlyazma və kitablar o qədər dəyərli idi ki, hələ sağlığında çox vaxt Tehrandan və Avropadan gələn alimlər onun evində bu kitabların mütaliəsi ilə məşğul olar və qeydlər götürərdilər.
“Dünya müharibəsinin (1918-1919-cu illər) hərbi tarixi”, “Tərbiyət kitabxanası və oxu zalı əlyazma və kitablarının kataloqu”, “Göz yaşlarının leysan buludu”, “Qətran Təbrizinin divanına müqəddimə”,“Hacı Mirzə Cavad Müctehid”, “Dar ağacından asılmış Seqətülislam” (Aşura günü ruslar tərəfindən dar ağacından asılaraq edam edilib), “Darsinin ləğvi”, “Allahın köməyi və yaxınlığın fəthi”, “Nizamiyyənin tarixi”, “Əmadülzakirinin vəfatı”, “Mirzə Mahmud Qənizadə Salmasinin xatirəsi”, “Mirzə Əli Ləlinin həyatı” və sair kimi əsərlər məhz onun qələminin məhsuludur. Məqalələri “Ərməğan”, “Mahtab”, “Təbriz Ədəbiyyat İnstitutu” və “Yəğma” jurnallarında nəşr olunub. Onun hazır­ladığı müxtəlif söz ustaları və filosofların əsərlərinin elmi-tənqidi mətnləri, “Saib Təbrizi”, “Ədil əl-məmlekin bir neçə beytinin redaktəsi”, “Əbu Əli Sinanın məzarı”, “Sədrəddin Rəbii”, “Setan sözünün şərhi”, “Məazi Təbrizi”, “Məhəmməd ibn Əlbəis və Azərbaycan dili”, Motul Təftəzaninin əsərlərinin fars dilinə tərcüməsi və digər əsərləri xüsusilə maraq doğurur.

Bu barədə Naxçıvan Ensiklopediyasında belə bir hissəyə rast gəlirik: “Əsas işi ticarət olsa da, ömrü boyu öz vəsaiti hesabına fars, ərəb və türk (Azərbaycan) dillərində nadir əlyazma və çap kitabları toplamış, bu məqsədlə böyük qardaşı Hüseyn Naxçıvani ilə birlikdə dəfələrlə Avropa, Asiya və Afrika ölkə­lərinə – Misirə, Türkiyəyə, Hindistana, Orta Asiyaya səfər etmiş, İranın müxtəlif şəhərlərini gəzmişdir. Onun 3692 əlyazma və çap kitabından ibarət kitabxanasındakı nadir incilər arasında “Quran”ın XII əsrə aid nüsxəsi, Nizami Gəncəvi “Xəmsə”sinin 4 nüsxəsi (2-si XIV-XV əsrlərə aiddir), Mirzə Hüseyn Zünuzinin 8 hissədən ibarət “Riyaz ül-cənnə”, ikicildlik “Bəhr ül-ülum” əsərləri, Sadıq bəy Əfşarın külliyyatı, Əlişir Nəvainin 18 əsərdən ibarət külliyyatı, Ömər Xəyyamın müasiri olan məşhur riyaziyyatçı Əbdürrəhman Xazinin “Mizan ül-hikmət” kitabları vardır”.
AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi Şəmsi Pənahoğlu bu haqda yazır: “Məhəmməd Naxçıvani Heyran xanımın “Divan”ını çap etdirib, “Xəmsəül-motəəhhedin”i türk dilinə, “Əzaye-Came”ni fars dilinə çevirib. Onun Azərbaycan ədəbiyyatına və mədəniyyətinə ən böyük xidmətlərindən biri də Əbu Mənsur Qətran Təbrizi və Saib Təbrizinin “Divan” larının elmi-tənqidi mətnini hazırlaması və çap etdirməsidir. Məhəmməd Rza Nəsiri yazır ki, Məhəmməd Naxçıvaninin Həkim Qətranın “Divan”ını redaktə edərək çap etdirməsi həm ədəbiyyatşünaslıq baxımından diqqətəlayiq bir hadisədir, həm də burada hicri-qəməri III və IV əsrin sultanları, əmirləri, vəzirləri və şairləri haqqında verilən məlumatları başqa heç bir mənbədə tapmaq mümkün deyil. Tapılsa da, çox cüzidir. Bu baxımdan adıçəkilən əsər çox dəyərli bir tədqiqat əsəridir.”
Təbriz Milli Kitabxanası Məhəmməd Naxçıvaninin adını daşıyır. Dünyanın ən müasir və zəngin kitabxanalarından biri olan bu kitabxana 1966-cı ildə YUNESKO-nun mədəni irs siyahısına salınıb. Qeyd edək ki, Təbriz Milli Kitabxanası zəmanəsinin vətənpərvər alimi və maarifpərvər ziyalısı Məhəmməd Naxçıvaninin təşəbbüsü, ianə və bağışı ilə 1957-ci ildə yaradılıb.
Məhəmməd Naxçıvaninin qardaşı Hacı Hüseyn Naxçıvani də dövrünün alim ziyalılarından biri olub. O, “İbrətnamə”, “Qırx məqalə”, “Məmləkətin təzkirələri” və sair kimi əsərləri qələmə alıb. Ümumiyyətlə, bu iki şəxsiyyətin həyat və fəaliyyətlərinin elmi şəkildə tədqiq edilməsinə ehtiyac var. Qeyd edək ki, Məhəmməd Naxçıvaninin mənsub olduğu Naxçıvanilər nəslindən indiyə qədər öyrənilməmiş bir çox şəxsiyyətlər, o cümlədən Rza Naxçıvani, Abbas Naxçıvani, Əli Naxçıvani, Mirzə Cabbar Vaiz Naxçıvani, Murtuza Rəssam Naxçıvani, Həsən Naxçıvani və başqaları çıxıb. Gəlin tariximizi birlikdə öyrənək. Bu, bizim keçmişə mənəvi borcumuz, gələcəyə isə ən dəyərli mirasımızdır.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR