23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində “Eynəli bəy Sultanovun Naxçıvan ədəbi mühitinin formalaşmasında rolu” mövzusunda elmi konfrans keçirilib.
Elmi konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncam imzalayıb. Vurğulanıb ki, ədəbi-mədəni fikir tariximizdə öz dəst-xətti ilə seçilən Eynəli bəy Sultanov bütün ömrünü təmənnasız olaraq xalqın, millətin tərəqqisi yolunda fəda edib. O, dünyanın qabaqcıl ədəbi-mədəni fikrini Azərbaycana gətirərək, Azərbaycan xalqının dünyada tanınmasına çalışıb.

“Obrazlı şəkildə demək mümkündür ki, mollanəsrəddinçi təlimə gedən yol müəyyən mənada Azərbaycan maarifçilik hərəkatından, o cümlədən Eynəli bəy Sultanov təfəkküründən keçir. Daha doğrusu, “Molla Nəsrəddin” məktəbinin insanları qəflət yuxusundan ayıltmaq, cəmiyyəti elmsizlikdən xilas etmək, qadın hüquqsuzluğunu gündəmə gətirmək kimi tarixi missiyalarını biz Eynəli bəy Sultanovun həyat və fəaliyyətində də izləyirik. Eynəli bəy Sultanov 1907-ci ildən sonra “Molla Nəsrəddin” jurnalında “Neştər” imzası ilə yazılar da çap etdirib, Naxçıvan və İrəvan müxbiri olaraq mollanəsrəddinçilər sırasında özünəməxsus yer tutub”. Bu fikirləri ali məktəbin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli “Eynəli bəy Sultanov və mollanəsrəddinçi təlimi” mövzusundakı məruzəsində səsləndirib.
Elmi konfransda Kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılovanın “Eynəli bəy Sultanov mədəni-maarif tədbirlərinin fəal təşkilatçısı kimi”, Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qalibə Hacıyevanın “Eynəli bəy Sultanovun yaradıcılığında dialektizmlər”, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazovun “Eynəli bəy Sultanov və teatr” mövzularında məruzələri dinlənilib. Qeyd olunub ki, Eynəli bəy Sultanov mədəni-maarif tədbirlərinin təşkilatçısı, mütərəqqi ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi kimi tanınırdı. Hələ 1882-1883-cü illərdə Naxçıvanda “Ziyalı məclisi”, “Müsəlman şiə dram incəsənət cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlər yaratmışdı.
Elmi konfransın bədii hissəsində tələbələr Azərbaycan ədəbiyyatı, mətbuatı, teatrı və ictimai fikir tarixində özünəməxsus yeri olan şəxsiyyətlərdən biri Eynəli bəy Sultanov­un “Seyidlər” hekayəsindən və “İfşaedici vərəqlər” silsilə məqalələrindən parçalar səsləndiriblər.

Mina Qasımova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR