23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının maarifçilik tarixi çox qədim və zəngindir. Naxçıvanda xalq maarifi işinin təbliği və inkişafında xidmətləri olanlardan, eləcə də xalq maarifinin ilk təməl daşını qoyanlardan biri də Abbasqulu bəy Mahmud ağa oğlu Kəngərlidir.
2004-cü ildə Sankt-Peterburqda Rusiya Dövlət Tarix Arxivində elmi axtarışlar apararkən 1349-cu fondda Abbasqulu bəyin xidmət kitabçasını tapdım.
Üz qabığında belə yazılmışdı: İkisinifli Şahbuz məktəbinin nəzarətçisi Abbasqulu bəy Mahmud ağa oğlu Kəngərlinin xidməti haqqında.
Bu xidmət kitabçası 23 iyul 1910-cu ildə tərtib edilmişdir. Həmin xidmət kitabçasında olanları yazmazdan əvvəl Abbasqulu bəyin atası və babaları haqqında, azacıq da olsa, məlumat vermək maraqlı olardı.
Abbasqulu bəyin atası Mahmud ağa (1821-1883) məşhur hərbçi Novruz ağanın oğlu, Naxçıvan xanlığının qoşun rəisi Hacı Lütfəli Sultanın nəvəsidir. Mahmud ağa 1848-ci ildə general-mayor Kalbalı xan Kəngərli-Naxçıvanskinin rəhbərliyi altında Naxçıvan milisi dəstəsinin tərkibində Dağıstanın Gergebil aulu (kəndi) ətrafında döyüşmüşdür. Bu döyüşlərdə o, praporşik, sonralar isə podporuçik hərbi rütbələrini almışdır. Naxçıvana qayıtdıqdan sonra Ordubadda torpağı mühafizə idarəsində rəis işləmişdir. 1866-cı ildə xəstəliyi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və Naxçıvan şəhərində yaşamışdır. Ona göstərdiyi xidmətlərə görə Kırna kəndi tiyul olaraq verilmişdir.

Abbasqulu bəy Mahmud ağa oğlu 1865-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. O, Naxçıvan şəhər məktəbində təhsil almış və 1885-ci ildə oranı bitirmişdir.
18 may 1888-ci ildə İrəvan Quberniya İdarəsinin qərarı ilə Naxçıvan Şəhər Polis İdarəsində ikincidərəcəli dəftərxana xidmətçisi vəzifəsinə təyin olunmuşdur. Qeyd edək ki, onun polis idarəsində xidməti haqqında ətraflı məlumat tarix elmləri doktoru Fəxrəddin Cəfərov­un “Qəza polisi” kitabında dərc edilmişdir. 1892-ci ildə isə öz ərizəsi əsasında işdən azad olunmuşdur.
Bir müddətdən sonra o, İrəvan xalq məktəblərinin direktorunun təyinatı ilə 1899-cu ildə Ordubad mahalının Vənənd birsinifli məktəbinə nəzarətçi təyin olunmuş və 1903-cü ilədək orada işləmişdir.
1903-cü ildə onu Naxçıvan şəhərinin yaxınlığında yerləşən Yamxana kəndinin məktəbinə ikinci müəllim təyin etmişlər. Abbasqulu bəy Kəngərli 1904-cü ildə Əbrəqunus kəndindəki birsinifli məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir. Bütün fəaliyyətini maarifə həsr edən Abbasqulu bəyi 1906-cı ildə vaxtilə oxuduğu Naxçıvan şəhər rus-tatar (Azərbaycan) məktəbinə müəllim təyin etmişlər. 1909-cu ildə o, Naxçıvan şəhərində imtahan verib ikisinifli məktəblər üçün müəllimlik diplomu almışdır. Elə həmin ildə onu Naxçıvan diyarının ən nümunəvi məktəblərindən birinə – Şahbuzkənd ikisinifli məktəbə nəzarətçi-müəllim vəzifəsinə təyin etmişlər. (Əmr №3213).
Məlumat üçün deyək ki, Şahbuzkəndin olduqca maraqlı tarixi vardır. Hələ 1830-cu ildən sonra sənədlərdə Dərəşahbuz adı ilə yazılan bu kənd mərkəz rolunu oynamışdır.
I Ehsan xana aid olan sənədlərə əsasən demək olar ki, o, 1830-cu ildən ömrünün sonuna kimi, yəni 1846-cı ilədək verdiyi əmrlərin çoxunun altında Dərəşahbuz adını qeyd etmişdir.
I Ehsan xan 1840-cı ilədək Naxçıvanın naibi olmuş, 1840-cı ildən isə Naxçıvan Kəngərli süvari dəstəsinin atamanı vəzifəsini daşımışdır.
O vaxtlar Dərəşahbuz mərkəz olmaqla bərabər, həm də Naxçıvan xanlarının və onların varislərinin yay seyrəngahları olmuşdur. Hətta son illərə qədər Cəfərqulu xan Naxçıvanski-Kəngərlinin orada buzxanası qalırdı.
Çox mühüm strateji ərazidə yerləşən bu kəndin yaxınlığında tarixlər şahidi olmuş Şapur qalası da vardır.
Hələ çar Rusiyasının hakimiyyəti dövründə, 1896-cı ildə Dərəşahbuzda (indiki Şahbuzkənddə) üçsinifli rus-tatar məktəbi açılmışdır. Bu məktəb yeni üsullu məktəb adlanırdı. Sənədlərə əsasən demək olar ki, bu məktəbi yaradan və ilk müdirlik edən Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş Mirzə Məhəmməd bəy Zamanbəyov (Zamanov) – Kəngərli olmuşdur. Onun haqqında əvvəlki yazılarımızda ətraflı bəhs etmişik.
Sonralar bu məşhur elm ocağına Qori Müəllimlər Seminariyasının məzunları Mirzə Sadıq Xəlil oğlu Xəlilov və Mirzə Nəsrulla Xudaqulu oğlu Quliyev rəhbərlik etmişlər. Maraqlıdır ki, cəmi 28 il ömür sürən Mirzə Nəsrulla Quliyev gənc olsa da, çox nümunəvi müəllim kimi tanınmışdır. Onun pedaqoji fəaliyyəti unudulası deyil. Yəqin ki, bu mövzuya təkrarən qayıdacağıq. Abbasqulu bəyin xidmət kitabçasından məlum olur ki, o, 1909-cu ildə belə nümunəvi məktəbdə əvvəlki ənənəni – yaxşı təlim-tərbiyəni qoruyub saxlaya bilmişdi. 1910-cu ilin məlumatına əsasən, o, ildə 450 rubl əməkhaqqı alırmış.
Abbasqulu bəyin 1910-cu ildən sonra pedaqoji fəaliyyəti haqqında məlumatlara rast gəlinir. Amma sonrakı pedaqoji fəaliyyəti tədqiq edilmədiyindən onun pedaqoji işi haqqında ətraflı heç nə demək olmur. Öz ömrünü Naxçıvanda maarifin inkişafına həsr edən və ucqar kəndlərdə müqəddəs müəllimlik adını uca tutan Abbasqulu bəy Kəngərlinin maarifçilik tariximizdə silinməz izi vardır.

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR