Babək rayon Şıxmahmud kənd tam orta məktəbində rayonun məktəbdənkənar müəssisələrinin birgə təşkil etdikləri “Yurduma bahar gəlir” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl iştirakçılar məktəbin foyesində Novruz bayramı münasibətilə hazırlanmış sərgiyə baxıblar.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov xalqımızın milli bayramı olan Novruzun gəlişi münasibətilə tədbir iştirakçılarını təbrik edib, belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Rayon Uşaq-gənclər idman məktəbinin direktoru Füzuli Salmanov, Ekoloji Tərbiyə Mərkəzinin direktoru Ramiz Babayev və başqaları müxtəlif dərnəklərin fəaliyyətindən bəhs ediblər. Bildirilib ki, məktəbdənkənar müəssisələr uşaqların bacarıq və istedadlarının üzə çıxarılmasında, düzgün formalaşdırılmasında, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Ona görə də muxtar respublikada belə müəssisələrin fəaliyyətinə hərtərəfli şərait yaradılıb. Qeyd olunub ki, digər məktəblərdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Sonra Ekoloji Tərbiyə, Uşaq Yaradıcılıq, Turist Diyarşünaslıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə muxtar respublikanın ekologiyasını özündə əks etdirən təbii eksponatlar, herbarilər, əl işləri, həmçinin müxtəlif toxuculuq nümunələri, rəsm əsərləri nümayiş etdirilib.
Sonda Uşaq-gənclər idman məktəbinin güləşçiləri tatami üzərinə çıxıb, Şahmat Məktəbinin dərnək üzvləri şahmat taxtası arxasında öz güclərini sınayıblar.
Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.
Xəbərlər şöbəsi