Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 6-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.
Muxtar respublikada imtahan Naxçıvan Dövlət Universitetinin binalarında keçirilib. İmtahanda iştirak etmək üçün 758 bakalavr sənəd verib. İmtahan bütün binalarda eyni vaxtda – saat 1300-də başlanaraq 1530-da başa çatıb.
İmtahan prosesinin idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. Bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılıb.
Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıqtipli), informatika üzrə 25 (5-i açıqtipli) və xarici dil üzrə 25 (5-i açıqtipli) test tapşırığı təqdim olunub. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Dünəndən başlayaraq komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılıb. Artıq nəticələr elan edilib. Bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Xəbərlər şöbəsi