23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq seminar-müşavirə keçirilib.
“Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun pedaqoji ixtisasları üzrə təhsil alan tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov açıb. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 216 ümumtəhsil məktəbindən 200-ə yaxını yenidən qurulub, müasir tədris avadanlıqları ilə təmin olunaraq istifadəyə verilib. Hazırda bu təhsil müəssisələrində 45 minə yaxın şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 7 minə yaxın müəllim məşğul olur. Eyni zamanda muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri də həyata keçirilən quruculuq tədbirlərindən öz payını alıb, nəticədə, tədris şəraiti yaxşılaşıb, ixtisaslı kadr hazırlığına diqqət artırılıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ci il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin vaxtında və ardıcıl icrası mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrində təhsil alanların yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə yiyələnmələri daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqələrini daim genişləndirərək pedaqoji profilli ixtisaslıların təcrübələrinin tam orta məktəblərdə keçirilməsi prosesində yaxından iştirak edir.
Naxçıvan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru Akif İmanlı çıxış edərək adıçəkilən sərəncamdan irəli gələn vəzifələrin icrasından söhbət açıb, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə bu sahədə həyata keçirilən tədbirlərdən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Abdulla Əsgərov ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları haqqında danışıb. Bildirilib ki, Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası təhsildə qiymətləndirmə məsələləri ilə bağlı tədbirləri idarə etmək üçün nəzərdə tutulub. Sənədin əsas məzmunu qiymətləndirmə fəaliyyətinin qanuniliyini təmin edən prinsiplərin müəyyənləşdirilməsi, bu fəaliyyətin aparıcı istiqamətlərinin təyin edilməsi, qiymətləndirmə tədbirlərini həyata keçirən qurumların sosial statusunun gücləndirilməsi, qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilməsidir. Qeyd olunub ki, konsepsiya ölkədə ümumi təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədilə hazır­lanmış milli kurikulum çərçivə sənədi ilə bila­vasitə əlaqəlidir və onun tərkib hissəsini əhatə edir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR