23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında milli ordu quruculuğu, ixtisaslı hərbi kadrların hazır­lanması xüsusi yer tutur. Hələ Sovetlər İttifaqı dövründə, azərbaycanlıların hərb sahəsindən uzaq salındığı zamanlarda ulu öndərimizin əzmi və təşəbbüskarlığı sayəsində ölkəmizdə hərbi təhsilin inkişafına xidmət edən islahatlar aparılmış, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. 1972-ci ildən başlayaraq yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsil almağa göndərilməsi də ümummilli liderimizin bu sahədə yüksək təşəbbüskarlıqlarla həyata keçirdiyi tədbirlərdəndir. Məhz həmin dövrdə yetişdirilən milli hərbçi kadrlar ölkəmiz müstəqillik qazandıqdan sonra ordu quruculuğunda mühüm rol oynamışdır.

Xalqımızın böyük oğlu ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görüldü. “Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun”, – deyən ulu öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmizdə qüdrətli milli ordu yaradılmış, onun ixtisaslı hərbçi kadrlarla təminatına böyük qayğı ilə yanaşılmışdır. Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması da məhz bu uzaqgörənliyin nəticəsində mümkün oldu. Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradıldı.

1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən ümummilli liderimiz bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir: “Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ...Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”. Həmin dövrdə 56 kursantla fəaliyyətə başlayan filial ötən dövr ərzində böyük inkişaf yolu keçmiş, Naxçıvanda gənclərin hərb sənətinə marağının artmasına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev milli ordu quruculuğunu, gənc hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. Ölkə başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. Ulu öndərimizin adını daşıyan ilk ünvan olan Heydər Əliyev adına Hərbi Liseydə ötən dövrdə geniş quruculuq işləri aparılmış, burada ümummilli liderin büstü ucaldılmış, ikimərtəbəli qərargah binası, müasir tədris korpusu və yataqxana binası istifadəyə verilmiş, maddi-texniki baza xeyli gücləndirilmiş, kursantların yaşayış şəraiti yaxşılaşdırılmışdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2005-ci il dekabrın 19-da liseydə yaradılan şəraitlə tanış olmuş, kursantlar qarşısında çıxış edərək demişdir: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin fəaliyyətini daim diqqət mərkəzində saxlayır, tədrisin günün tələbləri səviyyəsində təşkili üçün qayğısını əsirgəmir. Bunun nəticəsidir ki, liseydə kursantların hərbi biliklərə dərindən yiyələnməsi üçün hər cür şərait yaradılmışdır. Ötən il liseyin ərazisində əsaslı təmir işləri aparılmış, tədris və yataqxana korpusları ən müasir avadanlıqlarla təchiz olunmuşdur. 750 yerlik yataqxana binasında müasir məişət şəraiti ilə yanaşı, kursantların asudə vaxtlarının səmərəli təşkili və istirahəti də təmin edilmiş, gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanı yaradılmışdır. Liseydə kursantların sağlamlığı, fiziki hazırlığı və qidalanması da diqqət mərkəzində saxlanılır. Müasir avadanlıqlarla təchiz olunmuş 25 çarpayılıq tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları və digər obyektlər kursantların istifadəsinə verilmişdir.
Liseyin daim təkmilləşdirilən maddi-texniki bazası tədrisin keyfiyyətini yüksəltmişdir. Yaradılan müasir tədris şəraiti, istifadəyə verilən əyani vəsaitlər istər hərbi, istərsə də elmi biliklərin dərindən mənimsənilməsinə və təcrübə əsasında möhkəmləndirilməsinə geniş imkanlar açır. Liseydə 26 sinif otağı, fənn kabinələri, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter və 2 linqafon otağı vardır. Sinif otaqları müasir avadanlıqlarla təmin edilmiş, elmi, bədii, hərbi və tarixi ədəbiyyatlarla, ensiklo­pedik nəşrlərlə təmin olunmuş zəngin kitabxana kursantların istifadəsinə verilmişdir. Hərbi liseydə elektron tədris sistemi vasitəsilə interaktiv dərslərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə zəngin elektron dərslik bazası yaradılmış, 10 sinif otağında elektron lövhə quraşdırılaraq distant təhsil sisteminə qoşulmuşdur.
Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən hərbi kabinə və atəş hazırlığı sinfi gələcəyin zabitlərində ilkin peşə vərdişlərinin formalaşmasına xidmət edir. Burada quraşdırılan kompüter dəstləri və 2 atış monitoru vasitəsilə kursantların real şəraitə uyğun olaraq nişanalma bacarıqları inkişaf etdirilir, yoxlanılır və qiymətləndirilir.
Bütün bu imkanlardan səmərəli istifadə edən müəllim-zabit heyəti bilikli, vətənpərvər, sağlam və əqidəli hərbçilərin yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Keçirilən dərslərlə yanaşı, müxtəlif disput, olimpiada və yarışlar təşkil olunur, kursantların muxtar respublikada keçirilən tədbir və yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsi­dir ki, Heydər Əliyev adına Hərbi Liseyin nəticələri ildən-ilə artır, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı çoxalır. Təsadüfi deyil ki, hərbi lisey təhsil sahəsindəki nailiyyətlərinə görə 2008-2009-cu tədris ilində ölkəmizdə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Ötən il təhsilini başa vuran 203 kursant müxtəlif ali hərbi məktəblərdə, o cümlədən 7 nəfər Türkiyə, 2 nəfər isə Rusiya Federasiyasının hərbi akademiyalarında təhsillərini davam etdirirlər. 2014-2015-ci tədris ilində təhsilini xüsusi nailiyyətlərlə başa vuran məzunlardan 1-i qızıl, 1-i isə gümüş medalla təltif edilmişdir. Liseyə kursant qəbulunun ildən-ilə artması da bu təhsil müəssisəsinə olan marağın nəticəsidir. Cari tədris ilində Heydər Əliyev adına Hərbi Liseyə 257 kursant qəbul olunmuşdur. Hazırda liseydə 674 kursant təhsil alır ki, onların 57 nəfəri Bakıdan və respublikamızın müxtəlif bölgələrindəndir.
Heydər Əliyev adına Hərbi Lisey artıq 12 ildir ki, ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi milli ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda fəaliyyət göstərir. Hərbi liseyin zabit-müəllim heyəti, kursant və məzunları bu şərəfli adı doğrultmağa çalışır, Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Zabit adını daşımaq böyük məsuliyyətdir və Azərbaycan Ordusunun zabiti kimi xalqımıza və vətənimizə sədaqətlə xidmət etmək qarşınızda duran əsas vəzifədir. Bundan sonra da yaxşı təhsil almalı, hərb sənətinə dərindən yiyələnməli, bilik və təcrübənizi artırmalısınız. Gələcəkdə harada xidmət etməyinizdən asılı olmayaraq, unutmamalısınız ki, siz müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan hərbi liseyin məzunlarısınız. Bu adı daim uca tutmalı, onu nümunəvi xidmətinizlə doğrultmalısınız”.
Ali Məclis Sədrinin tapşırıq və tövsiyələri təkcə kursantların deyil, müəllim və zabit heyətinin də qarşısında mühüm vəzifələr qoyur. Kollektiv bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, fiziki cəhətdən sağlam, savadlı və vətənpərvər gənclər yetişdirəcəkdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR