Heydər Əliyev adına Hərbi Liseydə kursantlar arasında keçirilən və Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Torpaq, uğrunda ölən varsa Vətəndir” adlı inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək muxtar respublikada təhsilə, eləcə də böyüməkdə olan nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, belə müsabiqələr gənclərin istedadlarının üzə çıxarılmasında və onların özünüifadə qabiliyyətlərinin artırılmasında böyük əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin keçirilməsinin kursantların vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını bildirib. Qeyd olunub ki, bu müsabiqənin keçirilməsində məqsəd Xocalı gerçəkliklərini, vətən, yurd sevgisini, torpağa bağlılığı gənclərin sözü ilə təqdim etməkdən ibarət olub.
1-22 fevral tarixlərində keçirilən müsabiqəyə 50-yə yaxın inşa təqdim edilib. Münsiflər heyətinin yekun qərarına əsasən, liseyin birinci kurs kursantı Turqay Məhərrəmli birinci yeri tutub. İkinci yerə üçüncü kurs kursant Musa Əsgərovun, üçüncü yerə isə üçüncü kurs kursant Qabil Haqverdiyevin inşa yazıları layiq görülüb.
Hərbi liseyin rəisi, general-mayor Elman Orucov çıxış edərək kursantlar arasında belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra qaliblərə diplomlar təqdim edilib.
Xəbərlər şöbəsi