23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Xocalı soyqırımı ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 200-dən çox məktəbi və Heydər Əliyev adına Hərbi Lisey ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında interaktiv əlaqə yaradılıb.

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar keçilən dərsdə muzeyin direktor əvəzi Aynurə Məhərrəmova muzey haqda şagirdlərə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş həmyerlilərimizin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış muzeyin fondunda 1500 eksponat saxlanılır ki, onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Nümayiş etdirilən eksponatların hər biri tariximizin qanlı və şanlı səhifələrini özündə əks etdirir. Burada, əsasən, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanlarının, Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri və onlara aid materiallar qorunur. Muzeydəki 1918-1920-ci illərdə Naxçıvanda ermənilərin törətdikləri qanlı cinayətlər, 1937-1938-ci illərin repressiya qurbanları, 1941-1945-ci illər müharibəsinin Naxçıvandan olan iştirakçıları, eyni zamanda ən yeni tariximizdə baş vermiş 20 Yanvar, Xocalı soyqırımı hadisələri haqqında eksponatlar bu tarixi dövrlər haqqında ətraflı məlumatlar verir. Muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına şərait yaradır.

Qeyd olunub ki, ötən əsrin sonlarında xalqımıza qarşı törədilmiş Xocalı faciəsindən 24 il keçir. Bu faciə iki yüz ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Faciənin törədilməsində məqsəd torpaqlarımızı ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizə əzmini qırmaq idi. Lakin xalqımızın qəhrəman oğul və qızları erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə mərdliklə mübarizə aparıb, qəhrəmanlıq tariximizə şanlı səhifələr yazıblar.
İnteraktiv dərsdə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Xocalı şəhərində törədilən soyqırımı barədə şagirdlərə ətraflı məlumat verilib, bu faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi vurğulanıb, Azərbaycan Prezidentinin Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs olunub.
Bildirilib ki, Azərbaycan Respublikasının apardığı xarici siyasət nəticəsində dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, faciənin səbəbləri haqqında dünya ictimaiyyətinə ətraflı məlumatlar verilir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş soyqırımını pisləmək barədə müraciətlər edirlər. Xocalı faciəsi ən dəhşətli hərbi cinayətlərdən sayılmaqla yanaşı, həm də insanlığa qarşı törədilmiş soyqırımıdır. Vaxt gələcək, bu tarixi faciənin iştirakçısı olmuş cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar. Çünki tarix heç nəyi unutmur.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR