Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Naxçıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin əməkdaşları internet vasitəsilə hesabat iclasını onlayn izləyiblər.
Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik Akif Əlizadə çıxışında AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin müəlliflər kollektivinin hazırladığı 3 cildlik “Naxçıvan tarixi” kitabı haqqında danışıb. Akademik bildirib ki, əsər Naxçıvanın qədim tarixini, ayrı-ayrı mərhələlərdəki inkişaf səviyyəsini, bu diyarın ölkəmizə və dünyaya bəxş etdiyi görkəmli siyasi və ədəbi şəxsiyyətləri, onların müstəqillik uğrunda mübarizəsini əks etdirən dəyərli monoqrafik tədqiqatdır. Rəyasət Heyəti kitabın aktuallığını və Azərbaycançılıq ideologiyasının təbliği baxımından əhəmiyyətini nəzərə alaraq əsəri 2015-ci ilin ən mühüm elmi nəticəsi hesab edib. Tədbirdə kitabın müəlliflər kollektivinin 2016-cı il üçün Azərbaycan Respublikasının dövlət mükafatına təqdim olunması qərara alınıb.
Sonra AMEA Naxçıvan Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin sədri, akademik İsmayıl Hacıyevin hesabatı dinlənilib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin internet vasitəsilə bağlandığı telekörpünü yüksək qiymətləndiriblər. Naxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan Bölməsi haqqında müsbət fikirlərini bölüşən alimlər bu elm-təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiq olunduğunu, yüksək tələblərə cavab verən elektron idarəetmə sisteminin yaradıldığını qeyd ediblər. Bildirilib ki, bu cür elektron resurslardan istifadə Azərbaycan elminin ən son texnoloji yeniliklərə verdiyi önəmin göstəricisidir.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının ali məktəblər ailəsində özünəməxsus yer tutan Naxçıvan Dövlət Universiteti bu yaxınlarda daha bir ilkə imza atıb. Belə ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində doktorant və dissertantlar informatika fənnindən elektron-test üsulu ilə minimum imtahanı veriblər.
Sonra AMEA-nın Gəncə Bölməsi, Lənkəran və Şəki regional elmi mərkəzlərinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib.
Onlayn müzakirə şəklində keçən hesabatlarda Naxçıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin əməkdaşları canlı bağlantı vasitəsilə sual-cavabda iştirak ediblər.
Mina Qasımova