23 Dekabr 2024, Bazar ertəsi

Adətən, cəmiyyət özünün ən çətin problemlərini həll etmək üçün özünə qayıtmalı, daxili aləmini, milli-mənəvi dünyasını təzələməli olur. İlk növbədə, insan resurslarının təkmilləşdirilməsi üçün potensial imkanlar səfərbər edilir. Gənc nəslin yetişdirilməsi, geniş mənada kamil vətəndaş tərbiyəsi böyük uğurların bünövrəsini qoyur. Müasir dünyamızın inkişaf dinamikasına xas olan bu məntiq yalnız təhsil müstəvisində böyük uğurlarla nəticələnir.

Təbii ki, hazırkı dövrün təhsil sistemi – kurikulum özünün koqnitiv (idraki) xarakteri ilə insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Bu gün bizim qarşımızda çox mühüm vəzifələr durur. Belə ki, qlobal dünyanın insanları kimi özümüzün milli varlığımızı saxlamaqla yanaşı, həm də ümumi düşüncə tərzinə, inteqrativ təfəkkürə sahib olmalı, inkişafı daha geniş miqyasda görməyi bacarmalıyıq. Əks halda, dünyada aparılan beynəlxalq şəxsiyyəti qiymətləndirmənin tələbləri bizim üçün əlçatmaz bir səviyyəyə çevrilər.
Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin inkişaf istiqamətlərini müəyyənləşdirərək 15 iyun 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramını təsdiq etmişdir. Bununla əlaqədar olaraq həmin il iyunun 29-da Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf üçün kredit haqqında” saziş imzalanmış və bu sənəd dövlət başçısının sərəncamı ilə təsdiq edilmişdir.

1999-cu ildə – yəni islahat pro­qramı qəbul olunduqdan sonra yeni iş qaydaları, prosedurları üzrə zəruri bilik və bacarıqları formalaşdırmaq, kadr hazırlığını təmin etmək, digər təşkilati işləri həyata keçirmək kimi məsələlərin həllinə başlanmışdır. ABŞ, İngiltərə, İsrail, İtaliya, Finlandiya, İsveç və digər inkişaf etmiş ölkələrin təcrübələri öyrənilmişdir. Bu sahədə həyata keçirilmiş tədbirlərin əhəmiyyəti ondan ibarətdir ki, ölkəmizin təhsil işçiləri ümumi təhsil sahəsində qabaqcıl dövlətlərdə ümumtəhsilin məzmununa, şagirdlərin qiymətləndirilməsinə verilən tələblərlə tanış olmuş, gələcək inkişaf yollarının aydın təsəvvür edilməsinə hərtərəfli imkanlar yaranmışdır.
XX əsrin sonları və XXI əsrin əvvəllərinədək ənənəvi təhsil alanlara bir obyekt kimi yanaşılmış, təhsildə avtoritar idarəetmə üsullarına üstünlük verilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra demokratik, müstəqil ölkənin əsas prinsiplərinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanmışdır. Ənənəvi təhsil sistemi artıq öz dövrünü başa vurmuş, yerini yeni kurikulum təhsil sisteminə vermişdir.
Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, dünya təhsil sisteminə inteqrasiya, informasiya əsrinin tələbləri, təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması, mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi kurikulum təhsil sisteminə keçidi şərtləndirən əsas amillərdir.
“Kurikulum” latın sözü olub, lüğəti mənası “kurs”, “elm” deməkdir. Bu söz ingiliscə, rusca lüğətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur. 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Ötən əsrin 70-ci illərindən kurikulum nəzəriyyəsinin formalaşması başa çatmışdır. Azərbaycanda isə bu termin 90-cı illərin sonlarından başlayaraq istifadə olunmaqdadır.
Beləliklə, Azərbaycan təhsil sistemində milli və ümumbəşəri dəyərlər nəzərə alınaraq ilk dəfə “Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu” hazır­lanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli Qərarı ilə “Azərbaycan Respublikasında Ümumtəhsil Konsepsiyası (Milli Kurikulumu)” təsdiq edilmişdir. Bu sənəd çərçivə sənədi olub, ümumtəhsil üzrə məzmun standartlarını və təlim nəticələrini, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri əhatə edir.
2008-ci ildə I siniflər kurikulumun tələblərinə uyğun təlim prosesinə başlamışlar. Növbəti illərdə isə digər siniflər bu təhsil sisteminə qoşulmuşdur. 2015-ci ildən isə VIII siniflərdə kurikulumun tətbiqi davam etdirilir.
Yeni fənn kurikulumları özünün səciyyəvi xüsusiyyətləri ilə fərqlənir. Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir. Kurikulum təhsil sistemi hər bir fənn üzrə məqsəd, vəzifə, məzmun, texnologiya və qiymətləndirmə məsələlərini əhatə edir.
Kurikulumların Naxçıvan Muxtar Respublikasında öyrənilməsini və tətbiqini əməli olaraq həyata keçirmək məqsədilə Naxçıvan Müəllimlər İnstitutunda beş ilə yaxındır ki, Kurikulum Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə kurikuluma, fəal inter­aktiv təlim metodlarına, təlim texnologiyalarına aid olan 5000-ə yaxın elektron variantında informasiya bankı yaradılmış, müxtəlif tədris materialları, slaydlar, fənlərin tədrisinə aid metodiki vəsaitlər toplanmışdır. Tədrisin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir edən bu materiallar muxtar respublikamızın müəllimlərinə kurslar, seminarlar, treninqlər, elmi-praktik konfranslar keçirilərkən təqdim olunur.
Naxçıvan Müəllimlər İnstitutu muxtar respublikanın ümumi təhsil məktəblərinin əksəriyyətində – Naxçıvan şəhərində, Babək, Şərur, Ordubad, Culfa, Şahbuz, Sədərək rayonlarında ardıcıl olaraq kurikulumun tətbiqi məsələlərinə dair elmi-praktik konfranslar, seminarlar keçirir. Keçirilən bu konfransların müsbət tərəfi ondadır ki, müəllimlər daha çox onları maraqlandıran, ehtiyac duyduqları, lazım olan məsələlərə dair geniş şəkildə məlumatlar alırlar. Açıq suallar, müzakirələr, dialoqlar müəllimlərin nəzəri və praktik təcrübələrinin yüksəldilməsində mühüm rol oynayır.
Hafizə məktəblərindən təfəkkür məktəblərinə keçid dərin maraqlar doğurur. Növbəti məqaləmizdə bu barədə söhbət açacağıq.
Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Təhsildə biliklərin mexaniki şəkildə əzbərlənməsinə yox, təhlilə, məntiqi təfəkkürə əsaslanan istiqamətlərin inkişafına çalışmalıyıq. Şagird və tələbələrin sərbəst mühakimə yürütmək və təhlil aparmaq bacarıqlarına, analitik nəticə çıxarmaq qabiliyyətlərinə üstünlük verməliyik”.

Oruc HƏSƏNLİ
pedaqoji elmlər doktoru, professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR