Naxçıvan Dövlət Universitetində 2012-ci ildən elektron imtahanların keçirilməsi tədrisdə müasir texnologiyaların tətbiqinə yüksək önəm verilməsinin ifadəsidir. Yanvar ayının 29-da ali təhsil ocağında bu sahədə daha bir ilkə imza atılıb. Belə ki, ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində doktorant və dissertantlar informatika fənnindən elektron-test üsulu ilə minimum imtahanı veriblər.
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında əldə olunmuş razılığa əsasən, imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün tədris ilinin əvvəlindən həftədə bir dəfə onlayn dərslər keçilib. Bu dərslərdə informatikanın nəzəri və praktik əsasları AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən onlayn şəkildə tədris olunub, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanıb.
Məlumat üçün qeyd edək ki, 2011-ci ildən Naxçıvanda yaşayan doktorant və dissertantlar tədris olunan dərsləri məsafədən izləyirlər.
Keçirilən namizədlik minimum imtahanında 28 nəfər elmi tədqiqatçı iştirak edib. Onlara 50 sual təqdim olunub. İmtahan qaydalarına əsasən, 25 suala düzgün cavab verənlər məqbul qiymət almış olurlar. Həmin imtahanlara nəzarət etmək məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Naxçıvan Dövlət Universitetinə dəvət olunub, həmçinin imtahan prosesi sözügedən institutun rəhbərliyi tərəfindən videomüşahidə sistemi vasitəsilə də canlı olaraq izlənilib.
Elmi tədqiqatçılar yaradılan şəraitə görə minnətdarlıq edərək bildiriblər ki, əvvəllər imtahan vermək üçün Bakı şəhərinə gedirdik, indi isə Naxçıvanda bizim üçün bu şərait yaradılıb. Dərslərdən sonra imtahanların da Naxçıvanda təşkili burada təhsil alan doktorant və dissertantların ürəyincə olub.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da Naxçıvan Dövlət Universitetində yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Mina QASIMOVA