Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində “Elektron təhsilin təşkili və innovasiyalar” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirib ki, müasir dövrdə qarşıda duran vəzifələrdən biri təhsildə müasir texnologiyaların imkanlarından tam istifadə olunması və elektron təhsilin inkişaf etdirilməsidir. Belə ki, təhsildə innovativ nəticələrin əldə olunması gələcəkdə cəmiyyət həyatının bütün sahələrində hərtərəfli inkişaf üçün cığırlar açan mühüm nailiyyətlərdəndir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı qarşıya yeni vəzifələr qoyub. Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində milli-mənəvi dəyərlərimizi özündə əks etdirən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili həyata keçirilir. Belə ki, muxtar respublikada muzeylərlə 200-dən çox məktəbin virtual əlaqəsi yaradılıb. Şagirdlərimizin milli-mənəvi irsimizə aid biliklərinin artırılmasına xidmət edən bu işlər tədris ili boyu davam etdirilir.
Bildirilib ki, ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb. Təhsil müəssisələrinə 3800-dən çox kompüter verilib ki, onların da 86 faizi internet şəbəkəsinə qoşulub. Eyni zamanda ümumtəhsil məktəblərində təhsil alan əlaçı şagirdlərdən 932 nəfərinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən kompüter hədiyyə olunub. Muxtar respublikada fəaliyyət göstərən şahmat məktəbləri 77 müasir kompüter və 9 elektron lövhə ilə təchiz edilib. Bununla yanaşı, şahmat məktəblərinə 19, sertifikat almış müəllimlərin tədris apardığı ümumtəhsil məktəblərinin elektron lövhəli siniflərində istifadə üçün 93 olmaqla, cəmi 112 kompüter dəsti verilib. Ümumtəhsil məktəblərində elektron tədris mühitinin yaradılması məqsədilə məktəb kitabxanaları şahmatın tədrisi üçün 325, digər fənlərin tədrisi üçün isə 2140 ədəd elektron tədris vəsaitləri ilə təmin olunub.
Sonra Naxçıvan Muxtar Respublikasının İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin direktoru Vüqar Rəsulovun “Distant təhsil və yeni texnologiyalar”, Ordubad Rayon Təhsil Şöbəsinin informasiya-kommunikasiya texnologiyaları üzrə aparıcı məsləhətçisi Elşən Babayevin “Təhsildə yeni metodlar”, Culfa Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Ruslan Nağıyevin “Culfa rayonunda elektron təhsilin təşkili”, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin informasiya və kommunikasiya texnologiyaları üzrə məsləhətçisi Elşən Qəbulovun “Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər”, Təhsilin idarə olunması məlumat sistemləri sektorunun aparıcı məsləhətçisi Pənah İsmayılovun “Muzeylərlə interaktiv əlaqənin təşkili” mövzularında çıxışları olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov çıxış edərək muxtar respublikamızın təhsil müəssisələrində istifadə olunan elektron tədris vəsaitləri haqqında məlumat verib.
Əli Cabbarov