23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ümumtəhsil məktəblərində kitabxana işinin təşkilinə həsr edilmiş seminar-müşavirə keçirilib. Məktəb kitabxanaçılarının iştirakı ilə keçirilən seminar-müşavirəni giriş sözü ilə təhsil naziri Piri Nağıyev açaraq muxtar respublikamızda təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Qeyd olunub ki, həyata keçirilən tədbirlərdən biri də məktəblərdə yaradılan zəngin kitabxanalardır. Kitabxanaların hamısı bədii ədəbiyyat və pulsuz dərsliklərlə təmin edilib. Kitabxanalara 2005-ci ildən indiyədək 2 milyon 152 min 243 nüsxə dərslik verilib ki, onların da 132 min 761 nüsxəsi 2015-ci ilin avqust ayında gətirilib. Bundan başqa, məktəb kitabxanalarına 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə verilib. Vurğulanıb ki, bu gün hər bir məktəb kitabxanasından səmərəli istifadə edilməli, şagirdlərin təlim-tərbiyəsində bədii ədəbiyyatlardan istifadə, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır. Bu işdə məktəb kitabxanaçılarının üzərinə mühüm vəzifələr düşür.

Seminar-müşavirədə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarov, Culfa Rayon Təhsil Şöbəsinin metodiki kabinetinin direktoru Qabil Abbasov, Heydər Əliyev adına tam orta məktəbin kitabxana müdiri Elsevər Həsənov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ilbəil təkmilləşən texniki informasiya vasitələri ilə məlumatlanmaq imkanları genişlənsə də, mütaliə inkişafetdirici amillər arasında öncül mövqeyini saxlamaqdadır. Bununla belə, aparılan müşahidələr və təhlillər göstərir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Bununla əlaqədar şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.
Sonda Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov ümumtəhsil məktəbləri kitabxanalarında elektron vəsaitlərdən istifadə ilə əlaqədar geniş məlumat verib.
Seminar-müşavirədə rayon (şəhər) Təhsil şöbələrinin metodiki kabinetlərinə kitabxana işinin təşkili ilə bağlı lazımi metodiki vəsaitlər təqdim edilib.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR