23 Dekabr 2024, Bazar ertəsi

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazir­liyinin təşkilatçılığı ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbləri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında interaktiv dərs aparılıb.

20 Yanvar faciəsinə həsr olunmuş interaktiv dərsdə muzeyin direktor əvəzi Aynurə Məhərrəmova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi bura gələnlərin, xüsusilə gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına imkan verir.
Qeyd olunub ki, Xatirə Muzeyi azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlarla zəngindir. Muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri vəhşilikləri əks etdirən sənədlər, şəkillər, hadisələri tarixi faktlarla oxuculara çatdıran qiymətli kitablar vardır.
Qəhrəmanlıq və qürur tariximiz olan 20 Yanvar faciəsi barədə danışan Aynurə Məhərrəmova deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Azərbaycanı birdəfəlik sovet imperiyasının buxovunda saxlamaq və sovet rejiminin hegemonluğunu hələ uzun müddət davam etdirmək məqsədilə Bakıya ordu yeridildi, misligörünməmiş qətliam törədildi.
Diqqətə çatdırılıb ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək insanlığa zidd aksiya kimi pisləyib. Əsl vətəndaşlıq və ümummilli mübarizəyə çağırış məqamı olan bu addım Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mübarizədə əsas stimul olub. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Vurğulanıb ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. 1990-cı il yanvarın 15-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal edilib, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlayıb. Xatirə Muzeyində Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar vardır. Həmçinin həmin hadisələr zamanı şəhidlik zirvəsinə ucalan Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları da nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib.
2014-cü il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin distant təhsilin muxtar respublikada tətbiqi üçün müvafiq qurumlara müxtəlif tapşırıqlar verməsi, tapşırıqların icrasının diqqət mərkəzində saxlanılması bu sahədə böyük uğurlar qazanılmasına imkan yaradıb. Ötən müddətdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi server qurulub, ümumtəhsil məktəbləri və muzeylər bu sistemə qoşulub. Həmin sistemdən interaktiv dərslərin, müəllim-şagird dialoqunun, mühazirələrin onlayn rejimdə təşkilində, seminarların keçirilməsində istifadə olunur.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR