23 Dekabr 2024, Bazar ertəsi

Söz yox ki, hamı deyəcək ki, müəllim günümüzün aparıcı qüvvəsi, gənc nəslin tərbiyəsi keşiyində dayanan mənsub bir şəxs, sabahımız üçün daha çox əmək sərf etməli olan ziyalı qüvvəsi. Bu həmişə belə olubdur. Lakin qəribə də olsa, bu günün müəllimləri dövlət və cəmiyyət qarşısında yerinə yetirməli olan vəzifələrdən başqa, əlavə işlərlə də məşğul olurlar. Məsələn, indi hamının müəllim deyə çağırdığı, hörmət, izzət göstərdiyi şəxslərin bir çoxu piştaxta arxasında dayanaraq özləri demişkən “çak-çux” edirlər. Bu əməllərinə çox vaxt haqq qazandıraraq dolanmaq üçün bu cür işlərlə məşğul olduqlarını söyləyirlər. Düzdür, iqtisadi vəziyyət bu gün müəllimlərin də həyat tərzinə, dolanışığına ciddi təsir göstərmişdir.

Yaxşı haldır ki, respublikamızın Prezidenti Heydər Əliyev müəllimlərin əməyi, yaşayışı ilə həmişə maraqlanır, onların vəziyyətini yaxşılaşdırmaq üçün imkan daxilində lazım gələn tədbirlər həyata keçirir. Lap elə son vaxtlarda müəllimlərin əməkhaqlarının artırılması, onlara bir sıra imtiyazlar verilməsi bu cür təqdirəlayiq hallardır. Amma bununla da kifayətlənməyən müəllimlər kiçik müəssisə, kooperativ və ya mağaza açaraq alverlə məşğul olurlar. Özləri azmış kimi, məktəbyaşlı uşaqlarını da bu işə təhrik edirlər. Sonra isə məktəbə gəlir, hər gün çiyin-çiyinə verərək bazarda, yarmarkada alver etdiyi uşaqlara mənəviyyatdan, vətəndaşlıq borcundan, insani keyfiyyətlərdən dərs deyirlər.
Alver olan yerdə hər cür hadisə ilə qarşılaşmaq mümkündür. Malını baha satmaq istəyən hər bir adam yalan da danışmalı, qiymətdə saxtakarlıq etməli, riyakarlıq donuna da girməlidir. Dəfələrlə bu cür hallarla qarşılaşan müəllim sabah dərs dediyi şagirdlərə həqiqətdən, təmizlikdən, vicdan borcundan ağızdolusu danışır. Əgər cəmiyyətin gələcəyi olan bugünkü şagirdlərin tərbiyəsi müəllimi düşündürmürsə, onda vay bu xalqın halına. Çünki asan qazanc yolunu üstün tutan müəllimin heç vaxt yüksəkkeyfiyyətli dərsindən, şagirdlərə fərdi yanaşmaq prinsipindən danışmaq mümkün deyildir. Belələri heç dərslərinə də vaxtlı-vaxtında gəlmirlər. Öhdələrində olan 45 dəqiqəni isə birtəhər başa vuraraq qazanc dalınca getməyi daha üstün tuturlar. Bu kimi halların nəticəsidir ki, indi gənc nəsildə elmə, savada olan maraq daha da azalıb. Qəbul imtahanları zamanı şagirdlərin bilik səviyyəsinin çox aşağı olması dəfələrlə qeyd edilmişdir. Halbuki hər bir xalqın gələcəyi, onun mənəvi zənginliyi və dəyəri gənc­lərin yüksək savadından, dünyagörüşünün geniş olmasından asılıdır. Bu gün bəzi yas məclislərində müəllimlərimizin mollalıq etdiklərinin də şahidi oluruq. Əgər dinimizi, onun qanun-qaydalarını, şəriətimizin yol verdiyi əməlləri dərindən bilirsə, onda müəllimliyi atıb bu işlə məşğul olmağında bir o qədər də günah bilməzdik. Amma dərd orasıdır ki, yarımçıq müəllimliyi kimi, elə mollalığı da bitkin deyildir.
Bu günlərdə Bakı şəhərində Respublika Sarayında keçirilən ümumxalq toplantısı xalqın həmrəyliyə, birliyə çağırışı, yığıncağı idi. Burada tutduğu vəzifəsindən, daşıdığı əqidəsindən asılı olmayaraq, hamı üçün qarşıda duran vəzifələr açıq-aydın müəyyənləşdirilmişdir. Müharibə şəraitində yaşayan respublikamızın bugünkü vəziyyəti ziyalıların aparıcı qüvvəsi olan müəllimləri daha çox düşündürməlidir. Onlar adamların qarşıdurmasına mane olmaq üçün xalq arasında geniş izahat işləri aparmalı, onları düzgün yola istiqamətləndirməlidirlər. Çünki müstəqilliyə yenicə qədəm qoymuş respublikamızın daha da möhkəmlənməsi üçün onların məqsədyönlü fəaliyyəti çox böyük səmərə verər. Müəllimlərimizi bu gün bax bu istiqamətdə iş aparan adamlar içərisində görmək istəyirik.

“Şərq qapısı” qəzeti
1995-ci il, 9 avqust

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR