Şərur Rayon Təhsil Şöbəsində IX-X-XI siniflər üzrə sınaq-test imtahanlarının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirib ki, inkişaf etmiş ölkələrdə təhsilə strateji sahə səviyyəsində baxılır. Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında son illərdə bu sahədə qazanılan uğurların getdikcə artması da təhsilə həmin prizmadan yanaşılmasıdır.
Nazir qeyd edib ki, təhsilin səviyyəsinin yüksəldilməsi xeyli dərəcədə keyfiyyət amilindən asılıdır və muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır, təhsil müəssisələrində müasir iş şəraitinin yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, digər məqsədyönlü tədbirlərə də böyük önəm verilir. Məktəb və rayondaxili, muxtar respublika səviyyəli, müxtəlif formalı bilik yarışlarının, imtahanların keçirilməsi də bu məqsədə xidmət edir. Belə tədbirlər sırasında sınaq-test imtahanları da var və son illərdə belə imtahanların keçirilməsi ənənə şəklini alıb.
Nazir diqqətə çatdırıb ki, son illər muxtar respublikanın tam orta təhsil müəssisələri şagirdlərinin bilik və bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilən həmin imtahanlarda şəffaflıq təmin olunub. Şagirdlərin biliyinin obyektiv qiymətləndirilməsinə diqqət artırılıb.
Vurğulanıb ki, zəif nəticə göstərən məktəblər və şagirdlər üçün əlavə tədbirlərin həyata keçirilməsi öz töhfələrini verir. Şərur rayonunda sınaq-test imtahanlarının günün tələblərinə uyğun təşkili diqqət mərkəzində saxlanılır. Rayonun pedaqoji kollektivləri bu sahədə mövcud olan nöqsanları aradan qaldırmalı, qazanılan uğurları artırmalıdırlar.
Sonra çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov bildirib ki, 27 dekabr 2015-ci il tarixdə keçirilmiş sınaq-test imtahanında 599 şagird iştirak edib. Onların 46 nəfəri 500-700 intervalında bal toplayıb. I ixtisas qrupu üzrə Muğancıq-Mehrab kənd tam orta məktəbinin şagirdi Tuncay Əliyev 614 bal, II ixtisas qrupu üzrə Aralıq kənd tam orta məktəbinin şagirdi Vüsal Quliyev 619 bal, yenə eyni məktəb və ixtisasdan Hacı Hacızadə 604 bal, IV ixtisas qrupu üzrə Oğlanqala kənd tam orta məktəbindən Səma Qurbanova 657 bal, Yengicə kənd məktəbinin şagirdi Şəhla Rüstəmova isə 622 bal toplayıblar. Zaur Həsənov sınaq-test imtahanlarında müşahidə edilən nöqsanlardan da danışıb.
Tədbirə yekun vuran təhsil naziri Piri Nağıyev həmin nöqsanların tezliklə aradan qaldırılmasının vacibliyindən və qarşıda duran vəzifələrdən bəhs edib.
Xəbərlər şöbəsi