Hər hansı bir ölkədə təhsilin inkişafına xüsusi diqqət yetirilirsə, deməli, orada xalqın işıqlı sabahına ümid və inamla baxmaq olar. Bu gün ölkəmizdə təhsilin inkişafına yüksək diqqət və qayğı göstərilməsinin səbəbi də məhz bununla bağlıdır. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanda təhsilin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, müəllim kadrların hazırlığı, inkişaf etmiş ölkələrin bu sahədəki zəngin təcrübəsinin mənimsənilməsi, ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi kimi məsələlərə xüsusi diqqət və qayğı göstərməsi nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilib.
Muxtar respublikamızda da təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Hər il muxtar respublikamızın müxtəlif ünvanlarında məktəb binaları tikilərək və ya yenidən qurularaq istifadəyə verilir. Yeni təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılır, fənn kabinələri, laboratoriyalar, açıq və örtülü idman qurğuları istifadəyə verilir, müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq olunur. Doğma diyarımızda təhsilə göstərilən qayğı, yaradılan hərtərəfli şərait isə bəhrəsiz qalmır. Hər il ali məktəblərə sənəd verən abituriyentlərin qəbul imtahanlarında yüksək bal toplamaları göstərilən qayğının müsbət nəticələrindən xəbər verir.
2007-2008-ci tədris ilində ölkə təhsili tarixində ilk dəfə olaraq “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirilməsinə başlanılması təhsilə böyük önəm verildiyinin daha bir göstəricisidir.
Ötən ilin sonlarında ölkəmizin pedaqoji ictimaiyyətini dövlət başçısının növbəti sərəncamları sevindirdi. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli sərəncamları ilə 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrində müvəffəqiyyət qazanan ümumi təhsil müəssisələri və müəllimlər mükafatlandırıldı. Həmin ümumi təhsil müəssisələri və müəllimlər arasında muxtar respublikamızda fəaliyyət göstərən məktəblər və müəllimlər də var. Culfa şəhər 2, Naxçıvan şəhər 14 nömrəli və Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbləri müsabiqənin qalibləri sırasındadır. Müsabiqənin qalibi olmuş bu məktəblər 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatları ilə mükafatlandırılıblar.
Muxtar respublikada təhsilin inkişafına öz töhfələrini verən Culfa şəhər 2 nömrəli tam orta məktəb nümunəvi təhsil ocaqları sırasında öncül yerlərdən birini tutub. Məktəbin uğurları çoxdur. Qazanılan uğurlar, hər şeydən əvvəl, özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan məzunların sayının artmasında göstərir. Belə ki, 2014-2015-ci tədris ilində ali məktəblərə sənəd verən 26 məzundan 18 nəfəri müxtəlif ali təhsil müəssisələrinə, 1 nəfər isə orta ixtisas məktəbinə qəbul olunub. Onlardan 7 nəfər 500-700 arası bal toplayaraq təhsil aldıqları məktəbin adını daha da ucaldıblar. Məktəbin yaddaqalan göstəricilərindən biri də Azərbaycanda keçirilən fənn olimpiadasında qazandığı uğurlu nəticədir. Ötən tədris ilində məktəbin şagirdləri müxtəlif fənlər üzrə olimpiadanın qalibi olublar.
Məktəb istedadlı şagirdləri ilə də seçilir. Belə ki, şagirdlər muxtar respublika səviyyəli müsabiqələrdə yüksək nəticələr əldə ediblər. Qeyd edim ki, məktəbin VI sinif şagirdi Uğur Ramazanlının adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və o, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Məktəbin şagirdləri keçirilən kütləvi idman yarışlarında layiqli yerlər tutublar. Belə ki, məktəbin VII sinif şagirdi Abbas Məmmədov Ukraynanın Odessa şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə XII Avropa Beynəlxalq Turnirində bürünc medal qazanıb.
Mükafata layiq görülən qabaqcıl təhsil ocaqlarından biri də Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdir. 2007-ci ildə məktəb üçün yeni bina tikilərək ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə müəllim və şagirdlərin istifadəsinə verilib. 1404 şagird yerlik olan məktəbdə 1050 şagirdin təlim-tərbiyəsi ilə 150 müəllim məşğul olur. Məktəbin uğurları hər il artır. Elə götürək 2014-2015-ci tədris ilini. Məktəbi bitirən 45 nəfər məzundan 41 nəfəri ali məktəblərə sənəd verib. Onlardan 33 nəfəri ali məktəblərə, 2 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbul olan məzunlardan 9-u 500-700 intervalında bal toplayıb. Tələbə adını qazanan məzunlardan Ləman Orucova 685 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.
Müsabiqə qaliblərindən olan Ordubad rayonunun Aşağı Əylis kənd tam orta məktəbi 1976-cı ildən fəaliyyət göstərir. Məktəb üçün 2014-cü ildə yeni bina istifadəyə verilib. 234 şagird yerlik 3 mərtəbəli məktəb binasında 3 elektron lövhəli sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, kitabxana, idman zalı və açıq idman qurğuları dərslərin ən yüksək səviyyədə keçilməsinə imkan verir. Müasir tələblər səviyyəsində inşa olunan binada yaradılan tədris şəraiti məktəb kollektivinin yüksək təhsil uğurları qazanmasına imkan verib. Belə ki, ötən tədris ilində məktəbi bitirən 9 nəfər şagirddən 7-si ali məktəbə qəbul üçün sənəd verib və onların hamısı tələbə adını qazanıb. Həmin məzunlardan 3-ü 500-600 arası bal toplayıb.
Təhsil ocağının şagirdlərinin idmanda qazandığı uğurlar da az deyil. Məktəbin şagirdi Mərhəmət Əliyeva şahmat üzrə muxtar respublika çempionatında 2-ci yeri tutub. Hərbi idman oyunlarında məktəbin komandası dəfələrlə rayon birincisi olub.
Hər üç məktəbin pedaqoji kollektivləri ilə sözügedən sərəncamdan sonrakı görüşlərimiz zamanı söhbətlərimizdə onlar dövlətimiz tərəfindən məktəblərə və müəllimlərin əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirdilər. Onu da xüsusi vurğuladılar ki, ölkə başçısının bütün çıxışlarında, elm, sənət adamları ilə görüşlərində səmimiyyətlə söylədiyi, artıq aforizmə çevrilən bir kəlamı var: “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik”. Bunu artıq hər bir təhsil işçisi bir vəzifə kimi qəbul edir. Təhsil işçiləri ölkəmizdə kifayət qədər intellekt kapitalının formalaşması üçün bundan sonra da səy və əzmkarlıq göstərəcəklər.
Sara Əzimova