23 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, müasir informasiya texnologiyalarının tətbiqi peşə təhsilinin inkişafını və ixtisaslı kadr hazırlığını zəruri etmişdir. Ona görə də muxtar respublikada digər təhsil sahələri ilə yanaşı, peşə təhsilinin inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür, yeni peşə təhsili müəssisələri yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırmışdır. Bu səbəbdən son illər peşə təhsilinin məzmunu tamamilə yeniləşmiş, peşə tədrisi müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. İqtisadiyyatın çoxşaxəli inkişafı, yeni peşə və sənət sahələrinin yaranması özü ilə bərabər ixtisaslı kadrlara olan tələbatı da artırır. Artıq müasir dövrdə peşə təhsili günün tələbinə çevrilmişdir”.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 4 peşə məktəbi və 1 peşə liseyi fəaliyyət göstərir. 2009-cu ildə Naxçıvan Şəhər Peşə Liseyi, 2010-cu ildə Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi fəaliyyətə başlamışdır. 2014-cü ildə isə Şərur Texniki-Peşə və Sürücülük Məktəbi yaradılmış və müasir tələblərə cavab verən yeni bina ilə təmin edilmişdir. Hazır­da Ordubad Peşə Məktəbinin binasında yenidənqurma işləri davam etdirilir.
Muxtar respublikanın peşə təhsili müəssisələrində müdavimlərin peşə hazırlığını təmin etmək üçün lazımi şərait yaradılmış, ümumilikdə, 18 elektron lövhəli sinif, metodiki kabinələr, emalatxanalar istifadəyə verilmiş, 34 kompüter dəsti quraşdırılmış və internet şəbəkəsinə qoşulmuşdur. Müdavimlərin yataqxana və yeməklə təmin olunması da bu sahəyə dövlət səviyyəsində ayrılan xüsusi diqqətdən xəbər verir. Peşə təhsili müəssisələri isə yaradılan bu şəraitdən istifadə edərək qarşıya qoyulmuş vəzifələrin icrasını diqqətdə saxlayır. 2015-ci ildə tədrisin müasir tələblər səviyyəsində təşkili məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ötən dövrdə bu sahədə fəaliyyət göstərən müəllimlərin, mühəndis-pedaqoji işçilərin və istehsalat təlimi ustalarının iştirakı ilə seminar-treninqlər keçirilmiş, yeni açılan ixtisaslar dərslik və bədii ədəbiyyatlarla təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə ilk peşə-ixtisas təhsili müəssisələrinin muzeylərlə əlaqəli işi təmin edilmiş, peşə təhsili müəssisələri ümumtəhsil məktəbləri ilə birlikdə distant tədris prosesində iştirak etmişdir.
Bu gün muxtar respublikada gənc­lərin marağına və əmək bazarının tələbinə uyğun peşə təhsilinə yönəldilməsi əsas məsələdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası bu istiqamətdə fəaliyyəti daha da genişləndirmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində IX-XI sinif şagirdlərinin iştirakı ilə peşə seçiminə köməklik məqsədilə məşğələlər keçirilmiş, şagirdlərə əmək bazarının tələbinə uyğun ixtisaslar barədə ətraflı məlumatlar verilmişdir.
İstehsalat təcrübələrinin keçirilməsi peşə təhsilində mühüm amildir. Məhz bu yolla müdavimlərin nəzəri bilikləri praktiki bacarıqları ilə əlaqəli şəkildə inkişaf etdirilir. Bu sahədə işin səmərəli təşkili məqsədilə hər bir ixtisasa uyğun istehsalat sahəsi ilə təhsil müəssisələri arasında müqavilələr bağlanmış, müdavimlər istehsalat təlimi ustalarının nəzarəti altında ixtisaslarına uyğun təcrübə keçmişlər. Belə ki, arıçı peşə ixtisasının müdavimləri Dövlət Baytarlıq Xidmətində, bərbər ixtisasında oxuyanlar gözəllik salonlarında, kəndin elektrikləşdirilməsi və rabitəsi ixtisası üzrə təhsil alanlar elektrik və rabitə şöbələrində, qaz qaynaqçısı ixtisasının müdavimləri qaz idarələrində, traktorçu-maşinist ixtisasının müdavimləri isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində istehsalat təcrübələrində olmuşdur.
Təhsil müəssisələrində tələbata uyğun yeni ixtisasların açılması da bu gün həyata keçirilən tədbirlər sırasındadır. Bunu nəzərə alaraq Naxçıvan Şəhər Peşə Liseyində ötən tədris ilindən 5 yeni ixtisas açılmış, bərbər-manikürçü, elektrik qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, arıçı və traktorçu-maşinist ixtisasları üzrə kadr hazırlığına başlanılmışdır. Liseyin fəaliyyəti dövründə 218 məzunu olmuşdur ki, onlardan 48-i ötən tədris ilinin məzunlarıdır. Hazır­da liseydə müxtəlif peşə ixtisasları üzrə 50 müdavim təhsilini davam etdirir.
2014-cü ildən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmiş Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində tədris müasir tələblərə uyğun qurulmuşdur. Məktəbdə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrinin idarəetmə məsələləri üzrə təcrübi təlimlər keçirilir. 2015-ci ildə məktəbi bütün sürücülük kateqoriyaları üzrə 269-u qadın olmaqla, 2353 müdavim bitirmişdir. Təlim kursunu başa vuran müdavimlər imtahandan keçmiş, onlara bilik, bacarıq və vərdişlərinin, eləcə də sürücülük hazırlıqlarının səviyyəsi yoxlanılaraq şəhadətnamə verilmişdir. Hazırda 295 müdavim sürücülük peşəsi ixtisası üzrə təhsilini davam etdirir. Məktəbdə kənd təsərrüfatı sahəsi üzrə tələbat da nəzərə alınaraq traktorçu-maşinist peşəsi üzrə müdavim qəbulu aparılmışdır. Ötən dövrdə 58 müdavim həmin ixtisası bitirmişdir.
Muxtar respublikanın ixtisaslı kadrlarla təminatında mühüm rol oynayan təhsil müəssisələrindən biri də Şərur Texniki-Peşə və Sürücülük Məktəbidir. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə məktəbin yeni binasının açılışı olmuşdur. Binada ən müasir təlim-tədris avadanlıqları quraşdırılmış, müxtəlif sahələr üzrə ixtisaslı kadrların hazırlanması üçün hərtərəfli şərait yaradılmışdır. Hazır­da Şərur Texniki-Peşə və Sürücü­lük Məktəbində tələbat nəzərə alınaraq 11 ixtisas üzrə – qadın bərbəri, bərbər, qaz təsərrüfatı avadanlıqlarının təmiri üzrə çilingər, kompüter istifadəçisi, traktorçu-maşinist, xalça­çı, kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, qazanxana maşinisti, aşpaz köməkçisi, ofisiant və sürücülük peşələrinin tədrisi aparılır. Hazırda məktəbdə 9 ixtisas üzrə 175 müdavim, o cümlədən sürücülük ixtisası üzrə 59 nəfər kurslarda iştirak edir. Məktəbin 2014-2015-ci tədris ilində 568, 2015-2016-cı tədris ilinin 4 ayında isə 129 nəfər olmaqla, ümumilikdə, 697 məzunu olmuşdur.
Ordubad Peşə Məktəbində elektrik qaz qaynaqçısı, əməliyyatçı-mühasib, kommersiya agenti, modelyer-dizayner və qənnadçı-şirniyyatçı peşə ixtisaslarında 96 müdavim təhsil alır. Ötən tədris ilində məktəbin 116 məzunu olmuşdur. Məktəbdə sürücülük peşəsi üzrə müdavim hazır­lığının aparılması da nəzərdə tutulmuşdur. Culfa Peşə Məktəbinin isə bu dövrdə əməliyyatçı-mühasib, traktorçu-maşinist, elektrik qaz qaynaqçısı, tikiş avadanlıqları operatoru, tikişçi və qadın bərbəri ixtisasları üzrə 75 məzunu olmuşdur. Hazırda məktəbdə həmin ixtisaslar üzrə 91 müdavim təhsilini davam etdirir.
Ümumiyyətlə, 2015-ci ildə muxtar respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrini 3075 məzun bitirmiş, müdavimlərin ixtisaslarına uyğun əmək fəaliyyətinə başlaması diqqətdə saxlanılmışdır. Hazırda isə peşə məktəblərində 707 müdavim təhsil alır.
Təhsil Nazirliyi bundan sonra da peşə təhsili müəssisələrində ixtisaslı kadrların hazırlanması işini diqqət mərkəzində saxlayacaqdır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR