23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Sərəncamı ilə 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan müəllimlər mükafatlandırılmışlar. Mükafatlandırılanlar arasında muxtar respublikamızda fəaliyyət göstərən müəllimlər də var. Həmin müəllimləri oxucularımızla yaxından tanış etmək üçün redaksiyamıza dəvət edib təəssüratlarını öyrəndik.

Tahirə QASIMOVA – Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi: – Pedaqoji fəaliyyətə 1994-cü ildə başlamışam. O illərdə rayon üzrə çox az halda tələbə adını qazananlar olurdu. 2014-2015-ci tədris ilində isə rayonun ümumtəhsil məktəblərini 88 məzun bitirmiş, onlardan 58-i ali məktəblərə qəbul üçün sənəd vermiş, 26 nəfər tələbə adını qazanmışdır. Məzunların 4 nəfəri 500-700 intervalında bal toplamışdır. Sevindirici haldır ki, son iki ildə 600 balı keçən məzunlar sırasına sədərəkli gənclər də daxil olur.
Əmək fəaliyyətimin dövlət başçısı tərəfindən yüksək qiymətləndirilməsi mənim üçün ən böyük mükafatdır. Çalışacağam ki, bu mükafata əməli işimlə cavab verim.

Hüseyn RZAYEV – Şahbuz rayon Ayrınc kənd tam orta məktəbinin müəllimi: – Mən 1979-cu ildə indiki Naxçıvan Dövlət Universitetinin fizika ixtisasını bitirmişəm. İlk əmək fəaliyyətimə Şahbuz rayon Ayrınc kənd tam orta məktəbində başlamışam. İndiyə kimi də bu məktəbdə fizika fənnini tədris edirəm. Bu illər ərzində bir sıra diplomlara, mükafatlara layiq görülmüşəm. Tədris etdiyim fənn üzrə şagirdlərimin 28-i hazırda fizika müəllimi, 2-si isə fizika ixtisası üzrə fəlsəfə doktorudur. Qeyd edim ki, fəaliyyət göstərdiyim məktəbin yeni binası 2005-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Həmin ildən məktəb kollektivinin məsuliyyəti qat-qat artmış, bir sıra uğurlar əldə edilmişdir.
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi kimi mükafatlandırılmağımı, ümumilikdə, kollektivimizin əməyinə verilən qiymət kimi dəyərləndirir, dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonrakı fəaliyyətimdə də vətənpərvər, savadlı, intellektli nəslin yetişməsinə çalışacaq, bu işdə savadımı, bacarığımı və var-qüvvəmi əsirgəməyəcəyəm.
Şərəbanı SEYİDOVA – Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbinin müəllimi: – Təhsil digər fəaliyyət sahələrindən fərqli olaraq canlı orqanizmi xatırladır. O, strateji sahə kimi konkret yanaşma, böyük məsuliyyət və davamlı qayğı tələb edir. Muxtar respublikamızda təhsil sahəsinə yüksək qayğı göstərilir. İndi 18-19 il bundan əvvəl muxtar respublikadakı məktəblərin vəziyyətini xatırlamaq belə, istəmirsən. Minimum tələblərə cavab verməyən soyuq sinif otaqları, köhnəlmiş tədris avadanlıqları təhsil ocaqlarında tədrisin səviyyəsini yüksəltməyə imkan vermirdi. Əksinə, həmin təhsil ocaqlarında dərs keçmək belə, mümkün deyildi. Ümumilikdə, muxtar respublikada müasir tələblərə cavab verən məktəb binaları barmaqla sayılacaq qədər idi. İndi isə təkcə Naxçıvan şəhərində deyil, ən ucqar dağ kənd­lərində belə, müasir məktəb binaları tikilir, onların maddi-texniki bazaları gücləndirilir, yeni informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılır. Bütün bunların nəticəsidir ki, təhsildə keyfiyyət göstəricisi ilbəil artır.
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmaq bir müəllim üçün ən böyük mükafatdır. Mən bir müəllim kimi bunu təhsil işçilərinin zəhmətinə və fədakarlığına verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirirəm. Bundan sonra da bilik və bacarığımı, qəlbimin hərarətini daim dövlətin və xalqın sabahı naminə sərf edəcəyəm.
Həcər AXUNDZADƏ – Babək qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi: – Mən Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirəm. Çalışıram ki, tədris etdiyim fənni şagirdlərimə yaxşı mənimsədim. Zəhmətim də hədər getmir. Dərs dediyim şagirdlər sınaq-test imtahanlarında yaxşı nəticələr göstərirlər. Onlara həyatda fəal mövqe tutmağı öyrətməyi də özümə borc sayıram. Dərs dediyin şagirdlərin xoş sorağını alanda qəlbin dağa dönür, ürəyin iftixar hissi ilə döyünür.
Müəllim elə sənətin sahibidir ki, o, gələcəyimiz olan gənclərin təhsil almalarında, milli ruhda tərbiyə olunmalarında xüsusi rol oynayır. Deməli, gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyularsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaqdır. Çalışıram ki, bu təməlin daha da möhkəm olmasında fəal iştirak edim.
İndi isə mən daha sevincliyəm. Çünki əməyim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Mənə verilən bu qiymətə görə dövlətimizə minnətdarlığımı bildirirəm. Bu qiymət təkcə mənə deyil, məktəb kollektivinə verilən qiymətdir. Bundan sonra da yaradıcı ideyaları və müsbət təcrübəni mənimsəyib tədris prosesində tətbiq edəcək, etimadı doğrultmağa çalışacağam.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR