23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamdan sonra muxtar respublikamızda geniş yaradıcılıq və təşkilatçılıq işi aparılmış, milli dəyərlərin qorunması və inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Bu ilin noyabr ayının ilk günlərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən xalq yaradıcılığı sərgisi də həmin tədbirlərin davamı idi. Xalq yaradıcılığının təntənəsinə çevrilən tədbirdə Naxçıvan Musiqi Kollecinin gənc kollektivlərindən birinin – qədim musiqi alətləri ansamblının çıxışına hamı heyran qalmışdı. 

Xalq musiqimizin ən ulu örnəklərini sazın ecazkar səsində, neyin naləsində, zurnanın harayında, rübabın kövrək ahəngində, balabanın yanğısında dinləmək xoşdur. Bu musiqi alətlərinin unudulanını üzə çıxarmaq, bu günün adamlarına çatdırmaq nə qədər nəcib və xeyirxah bir işdir. Ansamblın tərkibinə daxil edilmiş ən qədim musiqi alətlərindən olan rübab, tənbur, ud, çəğanə, ney, saz, cürə saz, qanun, zurna, balaban, tütək, nağara və qoşanağara kimi milli musiqi alətlərində səsləndirilən musiqilərdə, müğənnilərdən Əbülfəz Məmmədovun, Əfsanə Babayevanın, Ağaxan Məmmədovun, Rüstəm İbrahimovun, Cavad Babayevin və başqalarının ifa etdikləri “Şur təsnifi”, “Dilkeş təsnifi”, “Ceyran sevgilim”, “Gilənar”, “Sən-sən”, “Güləbətin”, “Tellərin” və başqa xalq mahnılarında milli-mənəvi dəyərlərimizin təravəti duyuldu.

Nəğmə nəğməyə calandı, həzin folklor təranələri dalğa-dalğa ətrafa yayıldı.
Həmin ansambl haqqında oxucu­lara ətraflı məlumat vermək üçün bu ansamblın fəaliyyət göstərdiyi nəğmə dolu bir ünvana – ümummilli liderimiz Heydər Əliyevin milli mədəniyyətimizə göstərdiyi xüsusi qayğı və diqqət sayəsində 1975-ci ilin aprel ayından fəaliyyətə başlayan Naxçıvan Musiqi Kollecinə yollandıq. Əsaslı təmir və yenidənqurma tədbirlərindən sonra yerləşdiyi ərazinin hüsnünə xüsusi gözəllik verən bu təhsil ocağına çatarkən musiqi ifaçılarının şaqraq səsi uzaqdan eşidilirdi.
Əvvəlcə Musiqi Kolleci barədə məlumat verək. Kollecin direktoru Həsən Seyidov bildirdi ki, muxtar respublikada təhsilə və mədəniyyətə göstərilən diqqət və qayğıdan bu il 40 illik yubileyi qeyd olunan Naxçıvan Musiqi Kollecinə də pay düşmüşdür. Yenidənqurma zamanı kollecin maddi-texniki bazası möhkəmləndirilmiş, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada tədrisin nümunəvi təşkili üçün hər cür şərait yaradılmışdır. Təhsil ocağında 5-i elektron lövhəli olmaqla, 70 sinif otağı, kompüter və müəllimlər otaqları, kitabxana, iclas və idman zalları, xoreoqrafiya sinfi, hərbi kabinə, səsyazma studiyası, arxiv və bufet müəllim və tələbə heyətinin istifadəsinə verilmişdir. Kollecin kompüter sinfində 23 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur.
Kollecdə 11 ixtisas üzrə 562 tələbənin təlim-tərbiyəsi ilə 156 müəllim və konsertmeysterin məşğul olduğunu qeyd edən Həsən Seyidov ixtisaslı musiqiçi kadrların hazırlanmasında fəaliyyətlərini daha da artıraraq onlara göstərilən bu qayğı və diqqətə əməli işlərilə cavab verəcəklərini bildirdi. Hiss olundu ki, ən yüksək maddi-texniki bazaya malik olan bu sənət ocağında sözlü-nəğməli, qəlbləri ilham­landıran, insanlara xoş ovqat təlqin edən, musiqi sənətimizi yaşadacaq musiqiçilər təhsillərini davam etdirirlər.
Musiqiçi kadrların hazırlanmasında əməyi olan müəllimlərdən Qurban Qasımovun, Mustafa Məmmədovun, Vahid Quliyevin, Aynur Məmmədovanın, Rəna Cəfərovanın, Mahirə Məmmədovanın, İlahə Əliyevanın, Cəlil İsmayılovun, İxtiyar Seyidovun və başqalarının adlarını sadalayan Həsən müəllim xalqın mövcudluğunun əsas göstəricilərindən biri olan milli-mənəvi xəzinənin yaşadılmasında kollecin müəllim heyətinin bundan sonra da uğurla fəaliyyət göstərəcəklərini qeyd etdi.
Bu sənət ocağında milli musiqimizi inkişaf etdirən müəllimlərdən biri – Xalq çalğı alətləri şöbəsinin saz ixtisası üzrə müəllimi, qədim musiqi alətləri ansamblının yaradıcısı İxtiyar Seyidovla məşq otağında görüşdük. İlk baxışdan ansamblda ifa olunan xalq mahnıları və gənc musiqiçilərin qədim musiqi alətləri olan rübabda, udda, neydə, çəğanədə, cürə sazda, nağara və qoşanağarada, kamançada müşayiətləri diqqətimizi cəlb etdi. Yüksək peşəkarlıqla ifa edən musiqiçilərə yönələn diqqətimizi İxtiyar müəllimin səsi yayındırdı:
– Bunlar ansamblımızda səsləndirilən ən qədim musiqi alətlərimizdir. Gördüyünüz bu musiqi alətlərini heç bir dəzgahdan istifadə etmədən tut, cəviz və ərik ağaclarının materiallarından hazırlamışam. Onu da deyim ki, ansamblımızda ifa olunan musiqi alətləri belə qədim alətlərin hamısı deyil. Onlardan qopuzun başqa növlərini, tulumu və digər musiqi alətlərimizi yaxın vaxtlarda hazırlayıb qurtarandan sonra ansamblımızın tərkibinə daxil etməklə repertuarımızı daha da zənginləşdirəcəyik. Xalqın mənəvi dünyası onun varlıq şəhadətnaməsidir, – deyən İxtiyar müəllim bildirdi ki, gördüyünüz bu musiqi alətlərini qoruyub saxlamaq milli dəyərlərə sahib çıxmaqdır. Bu milli-mənəvi dəyərlər əvvəlcə mədəni xəzinələri yaradır, sonra isə bu sənətlər xalqları, millətləri yaşadır, onları əbədi və qüdrətli edir.
Yaradıcılıq uğurlarını müəllimliklə yanaşı, yaratdığı qədim musiqi alətləri ansamblında davam etdirən mühasibim ansamblın fəaliyyətinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğuladı:
– Müasir elmi biliklərə yiyələnən gənclərimiz milli-mənəvi dəyərlərimizi mənimsəməklə öz layiqli yerlərini tuta bilərlər. Milli-mənəvi dəyərlərə dərindən bələd olan gənclik özlüyündə mənsub olduğu dövlətin gələcəyinin qarantına çevrilir, daha doğrusu, o da milli-mənəvi dəyərlərin qorunub saxlanması və yaşadılması sahəsində bir vətəndaş kimi dövlətin keşiyində dayanır.

Nizami Əzizəliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR