23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, dünən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələr Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində və Naxçıvan bələdiyyəsində olublar. Bələdiyyələrlə İş Mərkəzində tələbələrə mərkəzin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Bildirilib ki, mərkəzdə bələdiyyə fəaliyyətinə inzibati nəzarət qaydasında daxil olan bələdiyyə aktlarının qanunvericiliyin tələblərinə uyğun olub-olmaması araşdırılır. Bələdiyyələrə metodik köməkliklər göstərilir, onlar bələdiyyə qanunvericiliyinə aid hüquqi ədəbiyyatlarla təmin edilirlər.
Tələbələr bələdiyyələrdən daxil olmuş aktlarla tanış olub, habelə bələdiyyə aktlarının araşdırılması işində iştirak ediblər.
Naxçıvan bələdiyyəsində bələdiyyənin Ümumi və Vergi şöbələrinin gündəlik iş prosesi ilə tanış olan tələbələrə Ümumi şöbədə daxil olan sənədlərin qeydiyyatı, işlənmə qaydası, rəsmiləşdirilməsi və göndərilməsi qaydaları, qeydiyyat jurnallarının işlənməsi, Vergi şöbəsində isə torpaq və əmlak vergisinin hesablanması qaydası, bildirişlərin yazılması, paylanılması proseduru, habelə vergi ödəyicilərinin qeydiyyatının aparılması barədə ətraflı məlumatlar verilib.

Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr həmin gün nazirliyin aparatında, Məhkəmə Ekspertizası Mərkəzində və Penitensiar Xidmətin aparatında olublar. Onlara nazirlikdə katibliyə daxil olan sənədlərin qeydiyyatı, işlənmə qaydası, rəsmiləşdirilməsi və göndərilməsi qaydaları, qeydiyyat jurnallarının işlənməsi barədə məlumatlar verilib. Məhkəmə Ekspertizası Mərkəzində tələbələr praktik olaraq ballistik ekspertizaların keçirilməsi ilə bağlı atəş zalında güllələrin tutulması, atəş zamanı güllənin sürətinin ölçülməsi, silahı dəzgaha bərkidib təhlükəsiz yerdən atəş açmaq üçün nəzərdə tutulan avadanlıqlarla, eyni zamanda daktiloskopik ekspertizaların keçirilməsi ilə bağlı əl-barmaq izlərinin eyniləşdirilməsində istifadə olunan avadanlıqlarla tanış olublar. Penitensiar Xidmətdə tələbələrə xidmətin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Sonra tədbir Naxçıvan Dövlət Universitetində davam etdirilib. Universitetin rektoru Saleh Məhərrəmov belə tədbirlərin tələbələrin təhsil aldıqları ixtisaslara daha dərindən yiyələnməsin­də böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev bildirib ki, Ali Məclis Sədrinin imzaladığı Sərəncamdan irəli gələn vəzifələr nazirlikdə müzakirə olunub, bununla bağlı nazirliyin və Naxçıvan Dövlət Universitetinin birgə tədbirlər planı təsdiq edilib. Universitetin müvafiq ixtisaslar üzrə tələbələri nazirlikdə və bələdiyyələrdə təcrübə kursları keçirlər. Suliddin Əliyev 1924-cü ildə yaradılan nazirliyin ötən dövr ərzində keçdiyi yoldan danışıb. Qeyd olunub ki, nazirliyin davamlı inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin 24 avqust 2002-ci il tarixli Fərmanı ilə nazirliyə əlavə səlahiyyətlər verilib.
Nazirliyin bugünkü fəaliyyət istiqamətləri barədə də danışan Suliddin Əliyev vurğulayıb ki, hazırda nazirliyin strukturuna Penitensiar Xidmət, Məhkəmə Ekspertizası Mərkəzi, icra xidməti, notariat və qeydiyyat qurumları, Bələdiyyələrlə İş Mərkəzi və digər şöbə, bölmələr daxildir.
Diqqətə çatdırılıb ki, həmin qurumların bəzilərinin praktik işi ilə yaxından tanış olan tələbələrlə növbəti görüşlər nazirliyin digər xidmət sahələrində təşkil ediləcək, belə görüşlər onların bu sahə üzrə nəzəri biliklərinin praktik şəkildə mənimsənilməsinə müsbət təsirini göstərəcək.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR