Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu tərəfindən həyata keçirilən layihə ilə bağlı Naxçıvan Dövlət Universitetində təqdimat mərasimi keçirilib. Tədbirdə İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin, Elektron təhsil şöbəsinin, Media Mərkəzinin əməkdaşları, İnformasiya-kommunikasiya texnologiyaları mühəndisliyi ixtisasının müəllim və tələbələri iştirak ediblər.
Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev tədbiri giriş sözü ilə açaraq çağdaş informasiya əsrində dünyaya inteqrasiya, informasiya-kommunikasiya texnologiyalarını hərtərəfli mənimsəmək, onlardan tədris prosesində, elmi tədqiqatlar zamanı səmərəli istifadə etmək istiqamətində ali təhsil ocağında görülən işlərdən danışıb.
Qeyd olunub ki, “Elektron universitet” layihəsinin həyata keçirilməsi, semestr imtahanlarının elektron test üsulu ilə təşkili, Cənubi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin uğurla reallaşdırılması, beynəlxalq videokonfrans və onlayn dərslərin təşkili bu istiqamətdə görülən işlərdəndir. Ali məktəbin Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyası bazasında, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun dəstəyi ilə yaradılan Milli GRİD seqmentinə qoşulması professor və müəllimlərin, aspirant və doktorantların, magistr və bakalavrların səmərəli elmi-tədqiqat işi aparmalarına, müxtəlif beynəlxalq layihələrdə iştirak etmələrinə şərait yaradacaq. Dünyada mövcud olan digər GRİD şəbəkələrinə qoşulmağa imkan verən Milli GRİD seqmenti Naxçıvan Dövlət Universitetinin dünyaya inteqrasiya imkanlarını genişləndirməklə yanaşı, elmi nəticələrin saxlanması, qorunması və onlardan səmərəli istifadədə, elmi-nəzəri və təcrübə mübadiləsində əhəmiyyətli rol oynayacaq.
AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının əməkdaşı Rövşən Həşimov AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Ovsat Abdinovun təşəbbüsü və rəhbərliyi ilə yaradılan Milli GRİD seqmenti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanın əksər elmi-tədqiqat institutlarının qoşulması nəzərdə tutulan GRİD resursların mərkəzləşdirilmiş idarəsi mümkün olmayan halda bu resurslardan istifadəni koordinasiya edən sistemdir. Milli GRİD seqmentinin qarşısında duran əsas vəzifə Azərbaycanda informasiya hesablama GRİD mühitinin yaradılması, elm, sənaye, iqtisadiyyat və digər sahələrdə onun tətbiqinə nail olmaqdır. GRİD standart, açıq, universal protokol və interfeysdən istifadə edib yüksəkkeyfiyyətli xidmət göstərir. Hazırda informasiya texnologiyaları aləmində informasiya və hesablama resurslarının qlobal inteqrasiyasını təmin edə bilən bu yeni kompüter infrastrukturu geniş vüsət alıb. GRİD-in məqsədi ərazi cəhətdən paylanmış yüksək texnoloji informasiya və hesablama resurslarına – ayrı-ayrı kompüterlərə, klasterlərə və superkompüter mərkəzlərinə, informasiya anbarlarına, şəbəkələrə, elmi instrumentarilərə etibarlı, uyğun, ucuz və təhlükəsiz girişi təmin edə bilən standartlaşdırılmış xidmətlər dəstinin yaradılmasıdır. GRİD istənilən elmi araşdırmalarda effektivdir; adi informasiya texnologiyalarından istifadə böyük zaman və resurs tələb etdiyi hallarda GRİD əvəzedilməzdir.
Qeyd edək ki, yaxın zamanlarda universitetin Fizika-riyaziyyat fakültəsinin nəzdində yaradılmış xüsusi otaqda müasir kompüter dəsti quraşdırılacaq və Milli GRİD seqmentinə qoşulma işləri tamamlanacaq.
Mehriban SULTAN