Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2015-ci il ərzindəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik bölmənin elmi-tədqiqat institutlarının və bölmə tərkibindəki digər qurumların fəaliyyəti ilə bağlı geniş məruzə edib.
Qeyd olunub ki, bu il AMEA Naxçıvan Bölməsində 2015-ci ilin muxtar respublikada “Kənd təsərrüfatı ili” elan edilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70, 1941-1945-ci illər müharibəsində qələbənin 70, “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə əlaqədar tədbirlər keçirilib. Hesabat ilində elmi-tədqiqat müəssisələrində 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 32 elmi-tədqiqat işinin 86 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Müxtəlif obyektiv səbəblərlə əlaqədar planda nəzərdə tutulan 9 mərhələ üzrə elmi-tədqiqat işləri dayandırılıb, 77 mərhələ üzrə tədqiqatlar tamamlanıb. Elmi-tədqiqat işləri 19 şöbə və 8 laboratoriyada 2 nəfər akademik, 6 nəfər AMEA-nın müxbir üzvü, 4 nəfər elmlər doktoru, 48 nəfər fəlsəfə doktoru, 7 nəfər doktorant, 2 nəfər dissertant, 8 nəfər elmi işçi olmaqla, 77 elmi işçi və köməkçi heyət tərəfindən yerinə yetirilib.
Ayrı-ayrı institutların əldə etdiyi uğurlara və buraxılan nöqsanlara da toxunan akademik İsmayıl Hacıyev bölmə üzrə ümumiləşdirilmiş nəticələrdən bəhs edib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 2015-ci ildə bölmə əməkdaşlarının 13 monoqrafiya, 5 kitab, 2 metodik vəsait, 523 elmi məqalə və konfrans materialı, 28 tezisi olmaqla, 571 elmi əsəri nəşr edilib. Əsərlərdən 1 monoqrafiya, 155 elmi məqalə və konfrans materialı, 2 tezis olmaqla, 158 əsər xaricdə çapdan çıxıb. Elmi əsərlərdən 24-ü impakt faktorlu jurnallarda nəşr olunub. Hesabat ilində “Xəbərlər” jurnalının 4 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə bölmə əməkdaşlarının 110 məqaləsi işıq üzü görüb. 2015-ci ildə bölmədə bir elmi işçiyə düşən əsər sayı 7,5 olub.
Bildirilib ki, AMEA Naxçıvan Bölməsində ştat cədvəli üzrə 2015-ci ildə 244 nəfər əməkdaş çalışıb. Hesabat dövründə 17 nəfər (1 elmi işçi, 3 laborant, 13 texniki işçi) yeni işə götürülüb. Bölmədə əməkdaşların 77 nəfəri elmi işçi, 9 nəfəri isə laborant olaraq fəaliyyət göstərir. Hazırda bölmədə 24 nəfər doktorant (13 fəlsəfə doktoru hazırlığı üzrə, 11 elmlər doktoru hazırlığı üzrə), 31 nəfər dissertant müvafiq dissertasiyalar üzrə tədqiqatlarını davam etdirirlər.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə bölmənin 1 nəfər əməkdaşı “Əməkdar elm xadimi” adına, 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb, 3 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
İldən-ilə bölmənin maddi-texniki bazasının dövlət qayğısı ilə gücləndirildiyini deyən akademik İsmayıl Hacıyev bölmədə 2015-ci ildə 1 beynəlxalq elmi simpozium, 19 konfrans və tədbir, 11 iclas, 3 təqdimat mərasimi, 38 elmi seminar keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bölmədə fəaliyyət göstərən Heydər Əliyev lektoriyasında ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif istiqamətlərinin öyrənilməsi diqqətdə saxlanılıb.
Sonra AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti üzvlərinin çıxışları olub.
Yığıncaqda 2015-ci ildə əldə etdikləri uğurlu nəticələrə görə bölmənin iki nəfər əməkdaşına “İlin alimi” fəxri diplomu verilib.
Nərgiz İsmayılova