23 Dekabr 2024, Bazar ertəsi

2015-ci il muxtar respublika üçün bir çox sahələrdə qazanılan uğurlarla yadda qalacaq. Təhsil sahəsində də qazandığımız uğurlar az olmamışdır. Təhsil elə bir sahədir ki, burada dövlətin qayğısı ilə yanaşı, müəllim əməyi, müəllim biliyi, pedaqoji ustalığı da mühüm rol oynayır. Ulu diyarımızdakı təhsil ocaqları bu iki amilin vəhdətində ilbəil uğurlarının sayını artırmaqla təhsilin inkişafına öz töhfələrini verirlər. Qeyd edək ki, şəhər və rayonlar arasında sağlam rəqabət mövcuddur. Hər qəbul imtahanında muxtar respublikanın şəhər və rayonları yüksək nəticə göstərmək uğrunda mübarizə aparır. Şəhər və rayonlarımızın qəbul imtahanlarında qazandıqları nəticələrin oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb kiçik araşdırma apardıq. Əvvəlcə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin nəticələrinə nəzər yetirək. Qazanılan nəticələr Naxçıvan şəhərində son 15 il ərzində 16 məktəb binasının tikilməsi  və ya yenidən qurulması, lazımi avadanlıqlarla təmin olunmasının bəhrəsidir. 

 2015-ci ildə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi 17 tam orta məktəbi bitirən 588 məzunun 534 nəfəri ali və orta ixtisas məktəblərinə daxil olmaq üçün sənəd vermiş, onlardan 365 nəfəri ali məktəblərə, 55 nəfəri isə müxtəlif orta ixtisas məktəblərinə qəbul olunmuşdur. 2014-2015-ci tədris ilində Prezident təqaüdünə layiq görülən 8 nəfərdən 5-nin Naxçıvan şəhərinin məktəblərindən olması müəllim əməyinin bəhrəsi, təhsildəki keyfiyyətin göstəricisidir. Bu il tələbə adını qazanmış məzunlardan 47 nəfəri 500-600, 15 nəfəri 600-650, 12 nəfəri isə 650-700 intervalında olmaqla, ümumilikdə, 74 abituriyent 500-700 intervalında bal toplamışdır. 17 tam orta məktəbdən 14-ü ali məktəbə qəbulda 50 faizdən yuxarı nəticə göstərmişdir. Şəhər məktəbləri üzrə üç məzun qızıl medala, 2 məzun isə gümüş medala layiq görülmüşdür. Medalçıların hamısı 660-dan yuxarı bal toplayaraq istədikləri ali məktəblərə qəbul olunmuşlar. Şəhərin təhsil müəssisələrində hərbi-vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, hər il Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunanların sayı artır. Yuxarıda bəhs olunan tədris ilində liseyə 42 nəfər qəbul olunmuşdur.

Muxtar respublikanın böyük bölgələrindən biri olan Şərur rayonunun uğurlarına diqqət yetirək. Qeyd olunmalıdır ki, rayonda müstəqilliyin ilk illərində fəaliyyət göstərən 56 məktəbin hamısı köhnə binada yerləşirdi. Son 20 ildə 40 məktəb binası tikilərək və ya yenidən qurularaq məktəblilərin və müəllimlərin istifadəsinə verilmişdir. Əgər 1994-cü ildə rayonun ümumtəhsil məktəblərini 1060 nəfər şagird bitirib, onlardan 80 nəfəri çox da yüksək olmayan nəticə ilə ali məktəblərə qəbul olmuşdusa, 2015-ci ildə 664 məzundan 301 nəfəri tələbə adını qazanmışdır. Onlardan 47 nəfər 500-700 intervalında nəticə göstərmişdir. Sevindirici haldır ki, bu il Zeyvə kənd tam orta məktəbinin məzunu Əli Allahverdiyev 700 bal toplamışdır.
Babək rayonu da təhsilə göstərilən qayğıdan xeyli bəhrələnmişdir. Babəkli məzunların qəbul imtahanlarındakı nəticələri ilbəil həm keyfiyyət, həm də kəmiyyət baxımından yüksəlir. Əgər 1996-cı ildə rayon üzrə ali məktəbə sənəd verən 605 məzundan 123-ü tələbə adını qazanmışdısa, 2014-2015-ci tədris ilində 498 məzundan 262-si ali məktəblərə qəbul olunmuşdur. 2004-2005-ci tədris ilində 9 nəfər 500-700 intervalında bal toplamışdısa, 2014-2015-ci tədris ilində onların sayı 46-ya çatmışdır.
Digər rayonlarda olduğu kimi, Ordubad rayonunda da son 20 ildə təhsildə bir çox uğurlar qazanılmışdır. Elə son tədris ilinin nəticələrinə nəzər salaq. Ümumtəhsil məktəblərini 376 məzun bitirmiş, onlardan 288-i sənəd vermiş, 165 nəfər tələbə adını qazanmışdır. Qəbul olunan məzunların 81 nəfərini qızlar təşkil etmişdir. Məzunların 37 nəfəri 500-700 intervalında bal toplamışdır.
Muxtar respublikada təhsilin inkişafına töhfələrini verən bölgələrimiz sırasında Culfa rayonunun da öz payı var. 1995-ci ildə rayon üzrə 14 nəfər gənc tələbə adını qazanmışdısa, 20 il sonra bu rəqəm 172 olmuşdur. 2001-ci ildə 1 nəfər 500-700 intervalında bal toplamışdır. 2015-ci ildə 48 nəfər həmin nailiyyəti qazanmış, 17 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir.
O da xüsusi vurğulanmalıdır ki, son illər Culfa rayonunda dəqiq elmlərə maraq getdikcə artır. Çünki yeni istifadəyə verilən təhsil ocaqlarında laboratoriyalardan, əyani vəsaitlərdən səmərəli istifadə olunur. 2014 və 2015-ci illərdə məzunlardan 6-nın Azərbaycan Tibb Universitetinin Müalicə işi, bir nəfərin isə Naxçıvan Dövlət Universitetinin Tibbi profilaktika ixtisaslarına qəbul olunmasını belə amillərlə bağlamaq olar. Bakı Dövlət Universitetinin Kompüter elmləri ixtisasının iki nəfər tələbəsi də Culfa məktəblərinin məzunudur.
Muxtar respublikamızın ən gənc rayonu olan Kəngərli rayonunda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində rayonun ümumtəhsil məktəblərində 3084 şagird təhsil almış, onların təlim-tərbiyəsi ilə 357 müəllim məşğul olmuşdur. Həmin tədris ilində təhsilini başa vuran 260 şagirddən 193-ü ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd vermiş, 93 nəfəri tələbə adına layiq görülmüşdür. Ali məktəblərə qəbul olunanlardan 5 nəfəri 500-700 intervalında bal toplamışdır.
Şahbuz rayonunun da bu sahədəki uğurları ürəkaçandır və bu uğurlar ilbəil yüksəlir. 1994-cü ildə rayon üzrə cəmi 14 məzunun tələbə adını qazanması rayonda o dövrdə təhsilin vəziyyətini açıq-aydın göstərir. 1996-cı ildən başlayaraq muxtar respublikada təhsilin inkişafının prioritet vəzifəyə çevrilməsindən, bu sahəyə dövlət qayğısının davamlı xarakter almasından sonra Şahbuzda da xeyli irəliləyişlər olmuşdur. 2001-ci ildən isə qazanılan uğurların həcmi daha da artmışdır. 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərini 179 məzun bitirmiş, onlardan 139-u sənəd vermiş, 92 nəfər tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olunan məzunların 21 nəfəri 500-700 intervalında bal toplamışdır.
Sərhəd bölgəsi olan Sədərək rayonunda da təhsil sahəsində uğurlar durmadan artır. Bir zamanlar güllələr açılan, top mərmiləri düşən bu yurd yerinin məktəbliləri bu gün gül-çiçək içində olan yollarla rahat bir şəkildə bütün müasir tələblərə cavab verən məktəblərə gedir, oxuyur, ali məktəbə qəbul olunur, Vətəninə layiqli gənclər kimi yetişirlər. Keçmişə baxaq. 1994-cü ildə rayon üzrə bir nəfər də olsun tələbə adını qazanma­mışdı. Bəs bu gün? 2014-2015-ci tədris ilində rayon ümumtəhsil məktəblərini 88 məzun bitirmiş, onlardan 58-i ali məktəblərə sənəd vermiş, 26 nəfər tələbə adını qazanmışdır. Məzunların 4 nəfəri 500-700 intervalında bal toplamışdır. Sevindirici haldır ki, son iki ildə 600 balı keçən məzunlar sırasına sədərəkli gənclər də qoşulur. Qeyd edim ki, rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrində orta tibb işçilərinə ehtiyac duyulur. Bu il ilk dəfə olaraq Sədərək kənd tam orta məktəbinin məzunu Naxçıvan Tibb Kollecinə qəbul olunmuşdur.
Qazanılan nailiyyətlər göz qabağındadır. Əsas vəzifə bu nailiyyətləri daha da artırmaqdan, yaradıcı ideyaları və müsbət təcrübəni mənimsəyib tətbiq etməkdən, təhsili müasir dövrün tələblərinə uyğunlaşdırmaqdan ibarətdir. Heç şübhə yoxdur ki, muxtar respublikanın təhsil işçiləri gənc nəslin yetişdirilməsi sahəsində onlara göstərilən etimadı doğruldacaq, müəllim nüfuzunu və adını daim yüksəklərə qaldıracaqlar.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR