Naxçıvan Muxtar Respublikasında yeni təhsil müəssisələrinin tikintisi, ümumtəhsil məktəblərinin ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər tədrisin yeni metodlarla tətbiqinə geniş imkanlar açıb. Təhsil infrastrukturunun müasirləşdirilməsi sahəsində görülən işlər Heydər Əliyev adına tam orta məktəbi də əhatə edib. Məktəb ötən dövrdə muxtar respublikada təhsilin inkişafına mühüm töhfələr verib, ali və orta ixtisas məktəblərinə, hərbi təhsil müəssisələrinə qəbul zamanı uğurlu nəticələr qazanıb.
“Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 avqust 2014-cü il tarixli Sərəncamından sonra məktəbin binasında yenidənqurma işləri aparılıb. Hazırda təhsil ocağında 5-i elektron lövhəli olmaqla, 61 sinif otağı, 3 kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və müəllimlər otağı, emalatxana və idman zalı var. 1111 şagirdin təhsil aldığı məktəbdə gənclərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbin kompüter otaqlarında 57 kompüter dəsti quraşdırılıb, internetə çıxış təmin olunub. Həmçinin elektron lövhəli siniflərdə və laboratoriyalarda da müasir tədris imkanları yaradılıb. Məktəbin kitabxana fondunda 16 mindən çox dərslik və bədii ədəbiyyat vardır.
Məktəbin kitabxanasında olarkən kitabxanadan mütəmadi olaraq istifadə edən şagirdlərlə də həmsöhbət olduq. Kitab həvəskarlarından olan VIII sinif şagirdi İnci Quliyeva deyir ki, kitabxanada ulu öndərimizin həyat və fəaliyyətindən bəhs edən kitabları həvəslə mütaliə edir. Bundan başqa, o və şagird yoldaşları Azərbaycan ədəbiyyatı ilə yanaşı, xarici ölkə yazıçılarının əsərlərini də mütaliə etməyə üstünlük verirlər. Kitabxananın daimi oxucularından olan Səma Hüseynzadə mütaliə işində müəllimlərdən, məktəb kitabxanaçılarından kömək aldığını, müəllimlərin onlara yaş dövrünə uyğun kitabların seçilməsində məsləhət verdiklərini bildirdi. Qeyd etdi ki, tətil günlərində müəllimlər tərəfindən mütaliə olunacaq kitabların siyahısı hazırlanıb onlara verilir, tətil başa çatdıqdan sonra həmin kitablardan çıxarılan nəticələr müzakirə edilir.
Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Namiq Məmmədov ilə söhbət zamanı bildirdi ki, muxtar respublika rəhbərinin təhsil və tədrisin təşkili ilə bağlı qarşıya qoyduğu vəzifələr bu gün məktəbin kollektivi tərəfindən uğurla icra olunur. Ötən müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirən məktəb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb. 2004-cü ildən bəri məktəbin 429 məzunu olub, onlardan 364 nəfəri ali məktəblərə, 63 nəfəri ali hərbi, xüsusi təyinatlı ali məktəblərə və Heydər Əliyev adına Hərbi Liseyə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məktəb 2007-2008-ci tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. 2015-ci ildə məktəbi bitirən məzunlardan biri qızıl medala layiq görülüb. Ötən tədris ilində ali məktəblərə 64 nəfər qəbul olunub, onlardan 15-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb. Təhsil müəssisəsi muxtar respublikanın idman həyatına da mühüm töhfələr verib, məktəbin şagirdləri beynəlxalq və respublika əhəmiyyətli yarışlarda fəal iştirak edərək yüksək nailiyyətlər qazanıblar. Hazırda məktəbin şagirdləri arasında boks üzrə 2 Avropa çempionu var. Məktəbin bir şagirdinin adı isə “Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na salınıb. Bu nəticələrin əldə edilməsində böyük əmək sərf edən müəllimlərin fəaliyyəti də yüksək qiymətləndirilib, Ali Məclis Sədrinin 2014-cü il 21 oktyabr tarixli Sərəncamına əsasən, məktəbin iki müəllimi “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi münasibətilə keçirilən yubiley tədbirində çıxış edən Ali Məclisin Sədri muxtar respublikada təhsilin inkişafına verdiyi töhfələrə, savadlı, vətənpərvər və intellektli gənc nəslin yetişdirilməsi sahəsindəki səmərəli fəaliyyətinə görə Heydər Əliyev adına tam orta məktəbin kollektivinə təşəkkürünü bildirərək demişdir: “Ümummilli liderimizin adını daşıyan məktəbdə təhsil almaq böyük şərəf, şagirdlərə elmin sirlərini öyrətmək isə bununla yanaşı, həm də böyük məsuliyyətdir. Pedaqoji heyətin qarşısında müstəqil Azərbaycanın gələcək təminatçılarını yetişdirmək kimi mühüm vəzifə dayanır. Məktəbdə milli dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz gənclərə dərindən öyrədilməlidir. Təlim-tərbiyə və tədris prosesi bu günə qədər olduğu kimi, bundan sonra da müasir metodlarla qurulmalıdır. Müstəqil Аzərbаycаn üçün vətənpərvər gənclər hazırlanmalı, məktəb daim ulu öndərimizin adına layiq olmalıdır. Təhsilin məqsəd və vəzifələri təkcə sistemli biliklərin verilməsi ilə məhdudlaşmamalıdır. Məktəb, təhsil işi, eyni zamanda mühüm tərbiyə mərkəzi funksiyasını daşımalı, gənclərin cəmiyyətin layiqli üzvü kimi hazırlanması daim diqqət mərkəzində saxlanmalıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Bizim təhsilimiz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Ona görə də Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Heydər Əliyev adına tam orta məktəbdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların ilkin hərbi vərdişlərə yiyələnməsi də diqqət mərkəzindədir. Hərbi kabinədə çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisi üçün lazımi şərait yaradılıb, elektron lövhə quraşdırılıb. Şagirdlərə çağırışaqədərki hərbi hazırlıq fənnini tədris edən Faur Məmmədov deyir ki, məktəblilər bu fənnə böyük maraq göstərir, dərslərdə aktivlik nümayiş etdirirlər. Bu da böyüməkdə olan nəslin hərb sənətinə həvəsli olduğunun göstəricisidir. Muxtar respublikada Heydər Əliyev adına Hərbi Liseyin yaradılması, təhsil müəssisələrində hərbi kabinələrin fəaliyyət göstərməsi, onlara lazımi avadanlıqların verilməsi, hər il hərbi rəhbərlərin toplantısının keçirilməsi, onların xüsusi hərbi geyim forması ilə təmin olunması, eyni zamanda bu sahə üzrə həyata keçirilən müxtəlif tədbirlər, yarış və müsabiqələr məktəblilərin ibtidai hərbi hazırlığına, vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir göstərir, hərbi təhsilə maraq artır. Ümummilli liderin adını daşıyan məktəbdə bu sahədə həyata keçirilən tədbirlər öz bəhrəsini verib, 2015-ci ildə məktəbin 6 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
Məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Gülşən Fətullayeva ilə söhbət zamanı dedi ki, bu gün müəllimlərin qarşısında duran əsas vəzifələr istedadlı şagirdləri üzrə çıxarmaq, milli mənəviyyatlı, müstəqil ölkəmizin inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli, savadlı vətəndaş tərbiyə etməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məktəbin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Ölkənin tərəqqisi təhsildən, təhsilin inkişafı isə müəllimlərin fəaliyyətindən asılıdır. Bu məktəbdə də əldə olunan nailiyyətlər müəllim tələbkarlığının və şagird çalışqanlığının nəticəsidir. Heydər Əliyev adına tam orta məktəb muxtar respublikanın qabaqcıl təhsil mərkəzi kimi bundan sonra da öz fəaliyyətini genişləndirməlidir”.
Ümummilli liderimizin adını daşıyan tam orta məktəbdə gördüklərimiz, bu təhsil ocağının aparıcı qüvvəsi olan müəllimlər ilə söhbət zamanı bir daha əmin olduq ki, Ali Məclisin Sədri tərəfindən müəyyənləşdirilən vəzifələr bundan sonra da kollektiv üçün əsas fəaliyyət istiqaməti olacaq, gələcək illərdə də uğurlu nəticələrin qazanılması naminə böyük səy göstəriləcək.
Ulu öndərimiz xalqın yaddaşında yüksək intellektli, xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insan kimi qalıb. Bu gün Heydər Əliyev adına tam orta məktəbin hər bir şagirdi də çalışır ki, yaxşı oxumağı, öyrənməyi, qüsursuz nitqi, nümunəvi davranışı ilə ulu öndərin adını daşıyan məktəbin şagirdi adını şərəflə daşısın, vətənə, xalqa xeyirli və layiqli övlad kimi yetişsin.
Səbuhi Hüseynov