Dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə 218 ümumtəhsil məktəbi ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs təşkil olunub.
“Heydər Əliyev dühası yenilməzdir” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev əvvəlcə muzey barədə şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb. Muzey həmin ilin may ayının 10-dan fəaliyyət göstərir.
Qeyd olunub ki, Heydər Əliyev Muzeyi müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndərimizin ictimai-siyasi fəaliyyətinə dair materialların toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, tədqiq və təbliğini həyata keçirən elmi-tədqiqat müəssisəsidir. Muzey ekspozisiya zalından və kitabxanadan, muzey fondundan ibarətdir. Burada kitabxana yaradılıb, ümummilli liderimiz haqqında çəkilmiş filmləri nümayiş etdirmək üçün lazımi avadanlıqlar, kompüter dəstləri quraşdırılıb. Həmçinin muzeyin internet saytı yaradılıb.
“Muzey fondunda ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 588 ədəd eksponat toplanıb”, – deyən Ramil Orucəliyev bildirib ki, bu eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.
Dahi şəxsiyyətin mənalı həyatı və zəngin siyasi fəaliyyəti barədə danışan Heydər Əliyev Muzeyinin direktoru bildirib ki, ulu öndərimiz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilən görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
Ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev doğma xalqını düşdüyü bəlalardan xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdıb, əvvəlcə Bakıya, sonra isə Naxçıvana gəlib. Həmin ildə də Azərbaycan Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilib. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin on ikinci çağırış birinci sessiyasında xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi üçün tarixi qərarlar qəbul olunub. Həmin sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb, Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı Ali Məclis adlandırılıb, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərar qəbul edilib. Həmin qərarlar, sessiyaya gətirilən üçrəngli bayraq, 3 sentyabr 1991-ci ildə ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi haqqında qərar bu gün muzeydə nümayiş etdirilir.
Qeyd edilib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis edilib və ulu öndərimiz partiyanın sədri seçilib. 1993-cü ilin may-iyununda müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxıb. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilib. Həmin gündən başlayaraq Azərbaycanda dövlət quruculuğu prosesinə start verilib, ölkənin parçalanmasının, yox olmasının qarşısı alınıb. Məhz buna görə də 15 İyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, 1979-cu və 1983-cü illərdə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.
Vurğulanıb ki, Azərbaycanın 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəyə rəhbərlik etdiyi illər ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb, müstəqilliyimizin əbədiliyini təmin edib.
Qeyd edək ki, interaktiv dərs Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin Naxçıvan Muxtar Respublikasında anılması ilə bağlı Tədbirlər Planına əsasən keçilib.
Rauf Əliyev