Bu il dekabrın 4-5-də Fransanın Sen Jermen şəhərində yerləşən Milli Arxeologiya Muzeyinin təşkilatçılığı ilə “Son Tunc və Erkən Dəmir dövründə Xəzər dənizi ətrafındakı ərazilərdə əlaqələr” adlı beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və İran ərazilərində aparılan arxeoloji qazıntıların nəticələri haqqında dünyanın tanınmış alimləri məruzələr etmiş, mədəniyyətlərarası əlaqələri öyrənməyə çalışmışlar. Bu beynəlxalq konfransda Azərbaycan alimlərinin dörd məruzəsi dinlənilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və həmin muzeyin Arxeologiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Milli Azərbaycan Tarixi Muzeyinin Son Tunc və Erkən Dəmir dövrü mədəni irsinin öyrənilməsində rolu” mövzusunda çıxış etmiş, Azərbaycanın bu dövr maddi-mədəniyyəti və onun araşdırılması haqqında geniş məlumat vermişlər.
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və onun tələbəsi Svetlana Ağasoylu “Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrü mədəniyyəti” mövzusunda məruzə etmiş, bu dövrdəki mədəniyyətlərarası əlaqələr haqqında məlumat vermişlər. Bu dövrdə Azərbaycanın qərbində və Naxçıvanda yaşayan tayfaların Urartu dövlətinə qarşı vahid ittifaqda birləşdiyi faktlarla göstərilmişdir.
Professor Mişel Kazanovanın və tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərovun “Son Tunc və Erkən Dəmir dövründə Cənubi Qafqazda dəfn adəti və ritual” adlı məruzəsi xüsusilə maraqla qarşılanmışdır. Tədqiqatçılar Azərbaycanın cənub bölgələrində apardıqları yeni tədqiqatları əvvəlki tədqiqatlarla müqayisəli şəkildə öyrənərək regionda yaşayan qədim tayfaların dəfn adətini və ritualları bərpa edə bilmişlər.
Xəzər Universitetinin dosenti, Berlindəki Qafqaz Araşdırmaları İnstitutunun direktoru Nuridə Atəşi vaxtilə Almaniya vətəndaşlarının Azərbaycan ərazisində apardığı arxeoloji materialları təhlil edərək onların elm aləminə yanlış şəkildə tanıdıldığını qeyd etmişdir. Konfrans iştirakçıları bu tip saxtakarlıqların yolverilməz olduğunu bildirmiş, tədqiqatçının araşdırmalarını dəstəkləmişlər. ABŞ, Fransa, Almaniya, İspaniya və digər ölkələrdən gəlmiş tədqiqatçıların da əsərlərində Azərbaycan abidələrinə müəyyən qədər yer verilmişdir. Konfrans müvəffəqiyyətlə başa çatmış, məruzələrin toplu halında çap olunması və gələcəkdə daha geniş konfransların keçirilməsi, Xəzər hövzəsi mədəniyyətlərinin geniş araşdırılması zəruri hesab edilmişdir.
Xəbərlər şöbəsi