23 Dekabr 2024, Bazar ertəsi

Haqqında söhbət açacağımız Əli Allahverdiyev qəbul imtahanında 700 bal toplayıb

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirdi. İmtahanda muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri məzunlarının yüksək nəticələr əldə etməsi hamını sevindirir. Bu sevincin ən böyüyünü isə Şərur rayonunun Zeyvə kənd tam orta məktəbinin kollektivi yaşayır. Çünki məktəbin məzunu, 1998-ci il təvəllüdlü Əli Allahverdiyev I qrup üzrə 700 bal toplayıb. Bu gün kütləvi informasiya vasitələrinin əksəriyyəti Əlinin qazandığı bu uğurdan yazır. Düzdür, qəbul imtahanında 9 nəfər 700 bal toplayıb. Ancaq Əlinin digərlərindən fərqi ondadır ki, o nə fərdi hazırlıq keçib, nə də kurslarda hazırlaşıb. 11 il öz üzərində çalışan Əli sınaqlarda da yüksək bal toplayıb. Belə ki, 10-cu sinifdə sınaq imtahanından 700 bal, 11-ci sinifdə isə 690 bal toplayıb. Əli eyni zamanda bir sıra beynəlxalq fənn olimpiadalarında da uğurlu çıxış edib. O, respublika üzrə riyaziyyat olimpiadasında gümüş medal, Nigeriyada fənn olimpiadasında qızıl medal, Türkiyədə riyaziyyat üzrə olimpiadada isə 2 qızıl, 2 bürünc medal qazanıb.

Biz də Əlini oxucularımızla yaxından tanış etmək üçün redaksiyamıza dəvət edib həmsöhbət olduq. Onunla söhbət edərkən dövlətimizin gənclərə göstərdiyi qayğı, onların hərtərəfli yetişməsi üçün yaradılan münbit şərait haqqında düşünürdüm və bütün bunların doğrudan da hədər getmədiyinin bir daha şahidi oldum. Əli zəngin biliyə, yüksək intellektə sahib olmaqla yanaşı, həm də müsbət mənəvi keyfiyyətlərə malik bir gənc təsiri bağışladı. Axı müasir dövrün gənci, hər şeydən əvvəl, vətənpərvər, milli mentalitetimizə sadiq olmalı, əxlaqı, davranışı ilə seçilməli, istər təhsildə, istərsə də ictimaiyyət arasında dərin biliyi ilə nümunə olmalıdır. Bu günün tələbəsi sabahın qurucusu olmaqla məsuliyyətini dərk edib müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Əli ilə qısa söhbət zamanı hiss etmək çətin deyildi ki, bütün bu vacib keyfiyyətlər bu gəncdə cəmləşib. O deyir:
– Qarşıma qoyduğum məqsədə çatmağımda başlıca amil bu gün muxtar respublikada təhsilin inkişafına yaradılan şəraitdir. Bitirdiyim Zeyvə kənd tam orta məktəbi müasir bina ilə təmin olunub, məktəb hərtərəfli maddi-texniki bazaya malikdir. Ümumiyyətlə isə bu gün muxtar respublikada yeni inşa olunmuş məktəb binalarının hamısı ən yüksək standartlara cavab verir. Kim bu şəraitdən səmərəli istifadə edirsə, çəkdiyi zəhmət hədər getmir. Mən də vaxtımın çoxunu məktəbdə keçirirdim. Biliklərimi də mütəmadi olaraq keçirilən sınaqlarda möhkəmləndirirdim. Əlavə kursda iştirak etməyə ehtiyac duymamışam. Sevinirəm ki, məktəb kollektivinin və ailəmin məndən gözlədiklərinə nail oldum.
Əli sonda arzularından da danışdı. 700 bal toplamaq onu arxayın salmayıb. Hələ hədəfləri çoxdur. Ən böyük arzusu Bakı Ali Neft Məktəbini bitirmək və Böyük Britaniyanın Oksford Universitetində təhsilini davam etdirməkdir. Fizika-riyaziyyat üzrə alim kimi yetişmək və bir alim kimi gərəkli kəşflər etməyi qarşısına məqsəd qoyub. Biz də qazandığı uğura görə onu təbrik edir, uğurlar arzulayır və inanırıq ki, Əli bütün arzularına çatacaq.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR