23 Dekabr 2024, Bazar ertəsi

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirdi.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-də başlandı və 3 saat davam etdi. Muxtar respublikada Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1206 abituriyent iştirak edirdi. İmtahana 118 nəzarətçi-müəllim, 10 imtahan rəhbəri cəlb olunmuşdu. Abituriyent­lərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan aparılan yerlərdə normal şərait yaradılmışdı.
İmtahan başlanmazdan əvvəl imtahan keçiriləcək məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. 7 nömrəli tam orta məktəbdə imtahanlarda iştirak edəcək Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin məzunu Məhərrəm Mustafayev dedi ki, bir azdan imtahanların başlanacağı xəbəri onu bir az həyəcanlandırıb. Ancaq o, əmindir ki, imtahan zalında həyəcanına qalib gələ biləcək, gələcəyi üçün mühüm mərhələ olan bu imtahandan uğur qazanacaq, valideynlərinin və müəllimlərinin üzünü güldürəcək.

Övladının imtahanlara qatılması ilə əlaqədar həyəcanı üzündən oxunan Məhərrəmin anası Nahidə Əhmədova övladının ali təhsil almasının ən böyük arzusu olduğunu dilə gətirdi. Dedi ki, cəmiyyətin inkişafının əsasında duran ən mühüm amil insanın formalaşması, təlim və təhsil almasıdır. İnsanın bir şəxsiyyət kimi formalaşmasında aldığı təhsilin rolu böyükdür. Bir valideyn kimi övladımın gələcəyi ilə bağlı heç bir plan qurmamışam, təhsilin övladlarıma verə biləcəyim ən böyük hədiyyə olduğunu düşünmüşəm. İndi isə onun ali təhsil almasını çox arzu edirəm. Çünki oğlum ali təhsilli olarsa, yaxşı bir karyera qurub istədiyinə nail olmağa çalışacaq.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə imtahanlara qatılan Hülya Tağıyevanın babası Əsədulla Tağıyev nəvəsinə mənəvi dəstək olmaq üçün Ordubad rayonunun Vənənd kəndindən gəlmişdi. Sakitcə bir kənarda oturub nəvəsinin imtahandan çıxmasını gözləyirdi. Əsədulla dayı dedi ki, buraya nəvəsi Aysu və qızı Sevinc Tağıyeva ilə gəlib. İlk dəfə nəvəsi Aysu ali məktəbə qəbul olmaqla onları sevindirib. Aysu ali məktəbi uğurla başa vurub. İndi növbə Hülyanındır. Ondan da xoş xəbərlər eşitmək istəyir. İnanır ki, Hülya onun yaxşı təhsil alması üçün çəkilən zəhmətlərin qarşılığını birə-beş verəcək, qəbul imtahanlarında yaxşı nəticələr göstərəcək.
...Nəhayət, imtahan başa çatdı. İmtahandan yenicə çıxmış Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin məzunu Zülfünaz Əlməmməd­ovanın üzündə imtahanda keçirdiyi həyəcan və gərginliyin izləri açıq-aşkar görünürdü. Ancaq gözləri gülürdü. Bildirdi ki, imtahanda əsas amil olan sakitlik tam təmin edilmişdi. Bu da onun sualların əksəriyyətini dəqiq cavablandırmasına imkan verib.
Qeyd edək ki, imtahanda iştirak edən abituriyentlərin valideynləri və onların yaxınları üçün ərazidə ictimai iaşə xidməti də təşkil olunmuşdu.
Məlumat üçün bildirək ki, imtahanda təqdim olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib. Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR