İyulun 6-da Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin foyesində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkil etdiyi “Elmdən təcrübəyə” sərgisinə baxış olmuşdur. Bu sərgi bir daha göstərdi ki, Naxçıvanda elmin istehsalata tətbiqi yüksək səviyyədə həyata keçirilir. Bu sahədə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu da xeyli iş görmüşdür.
Naxçıvanın biomüxtəlifliyinin tədqiqi vəziyyəti AMEA Naxçıvan Bölməsi yaranana qədər sistemli olmamış, ərazinin malik olduğu taksonomik vahidlər müəyyənləşdirilməmiş, böyük əksəriyyət bitki və heyvanların aid olduqları qruplar, demək olar ki, tam tədqiq edilməmişdir. Bu çatışmazlıqları aradan qaldırmaq üçün Bioresurslar İnstitutunun əməkdaşları ərazinin tədqiq edilməmiş bitki və heyvanlar aləminin şöbə və siniflərinin bir çoxunu ciddi surətdə öyrənərək maraqlı nəticələr almışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərdiyi xüsusi diqqət və qayğı sayəsində müasir cihaz və avadanlıqlar alınmış, eyni zamanda təcrübə sahələrində su təchizatı da xeyli yaxşılaşdırılmışdır. Əməkdaşlarımız mütəmadi olaraq mövcud sahələrdə ekoloji mühitin yaxşılaşdırılması, ərzaq proqramının yerinə yetirilməsi üçün müxtəlif istiqamətlərdə elmi-tədqiqat işləri aparmış, sortların toxum materialları toplanılaraq AMEA Genetik Ehtiyatlar İnstitutunun Toxum genetik fonduna verilmişdir.
Bu gün regionun tükənməz təbii sərvəti hesab edilən bitkilər aləminin kompleks şəkildə hərtərəfli öyrənilməsi vacib və aktual problemlərdən biridir. Bioresurslar İnstitutunun Nəbatat bağında introduksiya edilən 100-ə yaxın ağac və kolları, həmçinin nadir və dərman bitkilərini də mədəni flora növləri kimi flora spektrinə daxil etsək, onda ərazidə 2900 növdən çox yabanı ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin yayıldığı məlum olmuşdur. Bu, Azərbaycan florası növlərinin (5000) 58 faizini təşkil edir. Aparılan tədqiqatlar əsasında müəyyənləşdirmişik ki, faydalı bitkilərimiz, təqribən, 750-800 növə yaxındır. Ərazidə 27 faydalı bitki qrupları müəyyən edilmişdir. Bunlara yem, dərman, efir yağlı, piyli-yağlı, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün yararlı, balverən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, vitaminli, kosmetik bitkilər aiddir.
Aparılan işlərdən ən mühümlərindən biri də yeni sort və formaların yaradılması və tətbiqindən ibarətdir. İnstitutumuzun uzun illər apardığı tədqiqat nəticəsində bütün parametrlərinə görə yerli sortlardan üstün olan yeni noxud və arpa sortu yaradılmışdır. Arpanın yeni yaradılmış “Qılçıqlı-85” sortu institutun Şornav təcrübə sahəsində kütləvi, Nəbatat bağının təcrübə sahəsində isə fərdi seçmə yolu ilə yaradılmışdır. Sort payızlıqdır və tezyetişəndir. Bir sünbüldə dənlərin sayı orta hesabla 60-65 ədəddir. Məhsuldarlığı hektara 60-75 sentner olmuşdur ki, bu da “Naxçıvan dəni” sortuna nisbətən hər hektardan 15-20 sentner çoxdur. Noxudun “Qaraca-85” sortu beynəlxalq İCARDA elmi mərkəzindən alınmış Flip 03-115C genetik mənbələrindən fərdi və kütləvi seçmə metodları ilə yaradılmışdır. Sort ərzaq üçün qiymətlidir. Vegetasiya müddəti 115-130 gündür. Suya və torpağa az tələbkardır. Hektardan potensial məhsuldarlığı 25 sentnerdən çoxdur.
Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr edilən bu sortlar 3 il müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycan Respublikasının 8 rayonunun sınaq məntəqələrində sınaqdan keçirilmiş və yüksək qiymətləndirilmişdir. Nəticədə, muxtar respublikada ilk dəfə olaraq yetişdirilən “Qaraca-85” noxud və “Qılçıqlı-85” arpa sortları sort funksiyasını doğrultmuş, patent və sertifikatlar alınmışdır. Hal-hazırda “Qaraca-85” noxud və “Qılçıqlı-85” arpa sortları artırılma sahəsində çoxaldılır.
Naxçıvan Muxtar Respublikasında vaxtı ilə şöhrət tapmış qiymətli üzüm sortları toplanmış, onların biomorfoloji və texnoloji təsərrüfat xüsusiyyətləri öyrənilmiş, eyni zamanda hibridləşdirmə və mutasiya yolu ilə yeni üzüm sortlarının yaradılması istiqamətində tədqiqatlar aparılaraq, 178 sortdan ibarət üzüm bitkisinin genofond zənginliyi aşkar edilmişdir. Bu sortların bioloji xüsusiyyətləri və ampeloqrafik əlamətləri öyrənilmiş və nəticələr “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” kitabında öz əksini tapmışdır. Üzüm sortlarını əhatə edən “Üzüm genofondu” bağı institutun Şornav təcrübə sahəsində salınmışdır.
Muxtar respublikanın malik olduğu alma, gilas və gilənar sort və formaları öyrənilmiş, perspektivli aborigen sortlar seçilərək fermer təsərrüfatlarına becərilmək üçün tövsiyə edilmiş, bir çoxu Nəbatat bağında toplanılmışdır.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda dərman bitkilərinin öyrənilməsi və istifadəsi istiqamətində də işlər aparılmışdır. Dərman bitkiləri toplanılaraq xüsusi reseptlər əsasında bitki qarışıqları hazırlanmış, Yaşıl aptekdə satışı təşkil edilmişdir. Bunun üçün xüsusi sertifikat da alınmışdır. Dərman bitkilərindən 27 adda yağ və ekstrat hazırlanmışdır. Onların yeni alınan cihaz və avadanlıqlar vasitəsilə daha təmiz məhsulunun əldə edilməsi üzərində “Biokimyəvi tədqiqatlar” laboratoriyası məşğul olur. İnstitutun əməkdaşları təbii ehtiyatı bol olan faydalı bitkilərimizin yayılma zonaları və təbii ehtiyatına dair bəzi araşdırmalar aparır. Regionda geniş yayılmış və təbii ehtiyatı bol olan dərman bitkilərinə adi boymadərən, təpəlik kəklikotu, adi dazı, kələkötür dazı, adi qaraqınıq, qatlı solmazçiçək, aptek gücotu, hündür andız, hündür qantəpər, quş qızılcığı, ürək damotu, tarla qatırquyruğu, dərman şahtərəsi, gürcü boyaqotu, adi üzərlik, adi yağtikan, tikanlı karvanqıran, yarpaqsız öldürgən, çölnanəsi və onlarla digərləri daxildir. Bunlarla yanaşı, qeyd etdiyimiz təcrübə sahələrində bir çox qiymətli dərman bitkiləri əkilib-becərilərək dərman bitki yığıntıları hazırlanır və institutun nəzdində fəaliyyət göstərən Yaşıl aptekdə satışı təşkil olunur. Bir çox vacib dərman bitkiləri ərazimizdə yabanı halda bitmirlər, onlar becərilən bitkilərdir. Bu qrup dərman bitkilərinə ətirli qızılgül, ətirli şüyüd, ətirli cəfəri, ətirli kərəviz, bostan reyhanı, adi razyana, adi yerkökü, adi zəyərək, əkin keşnişi, dərman gülümbaharı, bağ məzrəsi, istiot nanəsi, qara çörəkotu, böyük dəmrovotu, boyaq sarıçiçəyi (yalançı zəfəran), əkin zəfəranı, aptek birəotu, məxmərgülü və başqaları aiddir.
Naxçıvanın tükənməz təbii bitki ehtiyatlarından biri də meyvə-giləmeyvə bitkiləridir. Təkcə 1988-ci ildə muxtar respublikadan 83,3 ton həmərsin, 82,1 ton yemişan, 157 ton yabanı alma və armud meyvələri, 56,3 ton kəklikotu və sair tədarük edilmişdir. Yenə də hər il minlərlə ton meyvə və giləmeyvə, texniki dərman bitkiləri tədarük oluna bilər. Lakin haliyədə muxtar respublikanın yeyilən yabanı qida, texniki dərman və xüsusən yabanı meyvə-giləmeyvə bitki məhsullarının tədarükü və satışı ilə məşğul olan idarə və təşkilatlar olmadığından, tükənməz təbii sərvətlərimizin əsasını təşkil edən yüz min tonlarla sərvətin istifadəsiz itkisinə yol veririk.
İstər dərman bitkiləri, istərsə də meyvə-giləmeyvə bitkilərini toplayarkən mütləq qayda-qanuna ciddi əməl edilməlidir. Tutaq ki, bir ağacdan yemişan məhsulu toplayırsan, bu zaman ən azı 30-40 faiz məhsul ağac üzərində heyvanlar və bitkinin reproduksiyası üçün saxlanılmalıdır. Dərman bitkilərini toplayarkən həm toplanılma zamanı bilinməli, həm də bitkinin inkişaf xüsusiyyəti öyrənilərək toplanılmalıdır. Çünki bəzi bitkilər, xüsusən kəklikotu, kiçikdiş dağnanəsi və sair çox zəif inkişaf edir, bəziləri monokarp bitki olub, yalnız ömründə bir dəfə çiçək açaraq toxum verir. Ona görə də mütləq toplanılan bitkilər və toplanılacaq ərazilər xüsusi ekspertizadan keçirilməlidir. Bu bitkilərin çoxu haqqında “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabında ətraflı məlumat verilmişdir.
Artıq muxtar respublika ərazisində konserv zavodları fəaliyyətə başlayıb. Hələlik, yalnız mədəni flora məhsulları istehsal edilir, şübhəsiz, yaxın zamanlarda yabanı meyvə bitkiləri də istehsala cəlb ediləcəkdir.
Azərbaycan Respublikasında mövcud olan 638 növ onurğalı heyvanın 392 növü (61 faiz), yarıdan çoxu muxtar respublika ərazisində yaşayır. Onurğalı heyvanların istifadə imkanları, demək olar ki, çox yüksəkdir, lakin insanın ilk əhliləşdirdiyi keçinin (bezoar keçisi) və qoyunun (Kiçik Asiya muflonu) əcdadı olan bu növlər yeni heyvan cinslərinin yaradılmasında öz tətbiq zamanını gözləyir. Toyuqkimilərin nümayəndələri olan Xəzər uları, gözəl, boz və səhra kəklikləri, həmçinin böyük ovçuluq əhəmiyyəti kəsb edən bala dovdaq və dovdaq, çoxlu miqdarda qaz, ördək və cüllütlər də insanın həm iqtisadi, həm də estetik ehtiyacını ödəyə bilər. Balıqçılığın, xüsusən qızıl balığın süni hovuzlar sistemi ilə yetişdirilməsi də böyük iqtisadi səmərə verir. Ərazidə yayılan 3 gürzə (Cənubi Qafqaz gürzəsi, çöl gürzəsi və Radde gürzəsi) növü hesabına muxtar respublikada serpentariya mərkəzi yaradaraq gürzə zəhəri hesabına çox qiymətli dərman preparatlarının hazırlanılması da təşkil edilə bilər.
Tariyel TALIBOV
AMEA Naxçıvan Bölməsinin
Bioresurslar İnstitutunun direktoru, akademik