23 Dekabr 2024, Bazar ertəsi

“Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda Naxçıvanda keçirilən beynəlxalq konfransdan sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadədən Naxçıvanda elmin inkişafı, bu sahədə qazanılan uğurlar barədə fikirlərini öyrəndik.

Naxçıvanda elmin inkişafına yüksək diqqət və qayğı göstərildiyini bildirən Akif Əlizadə dedi ki, buraya hər gəlişimdə çox böyük yeniliklərlə qarşılaşıram. Bu gün AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının əməkdaşları, sözün həqiqi mənasında, dəyərli nəticələrə imza atırlar. Biz Naxçıvanda bölmənin müxtəlif institutlarını gəzdik, onların fəaliyyəti ilə yaxından tanış olduq. Yaradılan şərait qəlbimizi qürur hissi ilə doldurdu. Qeyd edim ki, buradakı bir neçə institutun fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Naxçıvanda dərman bitkilərinin istehsalata tətbiqi ilə bağlı böyük nailiyyətlər əldə edilməsi bizi xüsusilə sevindirdi.

İyulun 6-da keçirilən AMEA Rəyasət Heyətinin iclasından öncə maraqlı bir sərginin tamaşaçısı olduqlarını deyən AMEA-nın prezidenti vurğuladı ki, bu sərgi bir daha naxçıvanlı alimlər tərəfindən elmi nəticələrin istehsalata tətbiq səviyyəsinin yüksək olduğunu sübuta yetirdi. Mən və AMEA-nın Rəyasət Heyətinin üzvləri ona heyran qaldıq ki, elmin nəticəsinin istehsalata tətbiqi kimi mürəkkəb bir prosesin və həm də mürəkkəb bir vəzifənin öhdəsindən Naxçıvanın elm adamları yüksək peşəkarlıqla gələ bilirlər. Məlumat üçün bildirim ki, biz Azərbaycan Milli Elmlər Akademiyasında elmi-tədqiqat institutları üçün innovasiya şöbəsi yaratmışıq. Və bu şöbə həmin institutların işini stimullaşdırmağa, əldə olunan nəticələrin dəstəklənməsinə kömək edir, elm sahəsində qazanılan nəticələrin istehsalata tətbiq olunmasına yardımçı olur. Biz həmin şöbənin AMEA Naxçıvan Bölməsinin institutlarına da dəstək olması üçün nə lazımdırsa, edəcəyik.
“Bu gün elektron elmin tətbiqi inkişaf etmiş dünya ölkələrində prioritet məsələlərdən biridir. Və çox qürurverici haldır ki, Naxçıvanda bu məsələ öz həllini yüksək səviyyədə tapıb”, – deyən akademik Akif Əlizadə burada əldə edilən nəticələrin Azərbaycanın digər regionları ilə müqayisəedilməz dərəcədə yüksək olduğunu xüsusi vurğuladı. Bildirdi ki, hətta region ölkələrində buna ancaq qibtə edilə bilər. Bu gün “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanın elmi institutları və ali təhsil müəssisələri, Türkiyənin Atatürk, Estoniyanın Tallin, İngiltərənin Vorvik universitetləri ilə videobağlantılar yaradılması, virtual şəraitdə görüşlər keçirilməsi, elmi diskussiyalar aparılması, elmi problemlərin həlli yollarının araşdırılması, əməkdaşlıq şəraitində elmi-tədqiqat aparmaq imkanlarının əldə olunması, mən deyərdim ki, Naxçıvanda çoxlarının gözləmədikləri nəticələri göstərdi. Bunlar çox böyük nailiyyətlərdir. Gördüklərim məndə çox böyük təəssüratlar yaradıb. Naxçıvanda bu istiqamətdə görülən işlərə ancaq həsəd aparmaq olar. Dəqiq desək, bu gün Naxçıvanda elm sahəsində yüksək tempə nail olunub. Əldə edilən inkişaf tempi elmi kadrların daha həvəslə fəaliyyətinə şərait yaradıb. Naxçıvanda elmə kadr-elm yanaşması var. Bu, çox yüksək səviyyədə inkişaf etmiş mərhələdir. Ancaq bəzi istiqamətlərin inkişafına təsir edən kadr çatışmazlığı da var. Bu, AMEA-nın özündə də mövcuddur. Qeyd edim ki, AMEA Naxçıvan Bölməsinin bu sahədəki çətinlikləri aradan qaldırılmaqdadır. Bugünkü şərait imkan yaradıb ki, kadrlar özləri elmə meyil göstərir, Naxçıvanda elmin inkişafı üçün var qüvvələrini səfərbər edirlər. AMEA Naxçıvan Bölməsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək səviyyədə diqqət və qayğısı tam əminlik yaradır ki, Naxçıvanda elm sahəsində son illərdə qazanılmış uğurlar və nailiyyətlər günü-gündən artacaqdır. Ona görə də mən Naxçıvandan elmin inkişafı ilə bağlı nikbin əhval-ruhiyyə ilə ayrılıram. İnanıram ki, gələn səfərimizdə yeni-yeni nailiyyətlərin şahidi olacağıq.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR