23 Dekabr 2024, Bazar ertəsi

İyulun 3-də Naxçıvan Müəllimlər İnstitutunda “Məhəmməd Tağı Sidqi: Taleyi və sənəti” kitabının təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmməd­ov kitabın işıq üzü görməsi münasibətilə ziyalıları, muxtar respublika oxucularını təbrik etmişdir.
Qeyd olunmuşdur ki, görkəmli pedaqoqun 1892-ci ildə Ordubadda açdığı “Əxtər” (“Ulduz”) və 1894-cü ildə Naxçıvanda yaratdığı “Tərbiyə” məktəbləri Azərbaycanda milli və dünyəvi məktəbin genişlənməsinə, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr vermişdir. Bununla yanaşı, 1896-cı ildə Naxçıvan qəzasında ilk dəfə olaraq qız məktəbi açmışdır. XIX əsrin sonunda Naxçıvan kimi ucqar bir bölgədə, dindar bir yerdə qızlar üçün məktəb açmaq böyük hünər tələb edirdi. Naxçıvan din xadimlərinin, molla və müctəhidlərin təzyiq və hücumlarına baxmayaraq, Sidqi öz mütərəqqi fikirlərindən dönməmiş, qız məktəbinin açılmasına nail olmuşdur.

Görkəmli pedaqoq şagirdlərin müsbət əxlaqi keyfiyyətlərə və vərdişlərə yiyələnməsi məqsədilə imla mətnlərindən ibarət “Əxlaq nümunələri”, hekayələrdən ibarət “Qızlara hədiyyə”, cografi məlumatları sistemləşdirərək “Müxtəsər coğrafiya risaləsi” kimi mükəmməl elmi-pedaqoji dəyərə malik olan dərsliklər yazmışdır ki, bunlar da ictimai mühitin tədricən maariflənməsinə, yeni nəslin formalaşmasına təsir göstərmişdir. Sidqinin yeni üsullu məktəbləri Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Bəhruz Kəngərli kimi görkəmli şəxslər yetirmişdir.
Vurğulanmışdır ki, pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olan Sidqi uşaq, yeniyetmə və gənclər üçün tərbiyəvi əhəmiyyətli, ibrətamiz şeir və hekayələr yazmış, rus, ərəb və farscadan tərcümələr etmişdir.
Sidqinin yaradıcılığı və pedaqoji fəaliyyəti ilə bağlı məsələlər gənc­lərin təhsillənməsi, tərbiyələnməsi və psixoloji inkişafında böyük əhəmiyyət kəsb edir. Onun irsi dünən olduğu kimi, bu gün də aktual və müasirdir. Bu baxımdan Məhəmməd Tağı Sidqi irsinin öyrənilməsi və təbliği elmin və təhsilin xüsusi qayğı ilə əhatə olunduğu muxtar respublikamızda Ali Məclis Sədrinin diqqəti və himayəsi altındadır.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Məhəmməd Tağı Sidqinin 2004-cü ildə 150, 2014-cü ildə idə 160 illik yubileyləri qeyd olunmuş, həyatının və yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə görkəmli pedaqoqun doğulub boya-başa çatdığı Ordubad şəhərində ev-muzeyinin yaradılması qərara alınmışdır”, – deyən Rəhman Məmməd­ov bildirmişdir ki, bununla yanaşı, Məhəmməd Tağı Sidqinin adı Naxçıvan Dövlət Kukla Teatrına verilmiş, “Naxçıvan” jurnalının bir nömrəsi görkəmli pedaqoqun həyat və fəaliyyətinə həsr edilmiş, seçilmiş əsərləri çap olunmuşdur. Hazırda Ordubad şəhərində 1 nömrəli, Naxçıvan şəhərində isə 4 nömrəli tam orta məktəblər görkəmli pedaqoqun adını daşıyır.
Qeyd olunmuşdur ki, nəfis tərtibatla nəşr olunan “Məhəmməd Tağı Sidqi: Taleyi və sənəti” kitabı da görkəmli pedaqoqun irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlərin davamıdır. 184 səhifədən ibarət olan kitabda maarifçi və şairin həyatı, taleyi, mühiti, ədəbi-ictimai və pedaqoji fəaliyyəti, həmçinin bədii yaradıcılığından bəhs edən məqalələr toplanmışdır ki, bu da görkəmli pedaqoqun həyatı və pedaqoji fəaliyyəti haqqında dolğun məlumat almağa imkan yaradır.
Sidqinin pedaqoji fəaliyyətinin bütün pedaqoqlar üçün bir nümunə olduğunu diqqətə çatdıran Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri bildirmişdir ki, bu baxımdan “Məhəmməd Tağı Sidqi: Taleyi və sənəti” kitabının təhsil müəssisələrinin müəllimləri, xüsusən də ixtisaslı müəllimlər hazırlayan Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbə heyəti üçün faydalı olacağına inanırıq.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli qeyd etmişdir ki, pedaqoji görüşlərində məktəbi “cəhalət dərdinin dərmanı”, müəllimi isə “cəhalət bağının bağbanı” hesab edən görkəmli maarif xadiminin poetik öyüdnamələrində də elm ilə dünyanın abad olunmasının mümkünlüyündən, dünya dillərini öyrənməyin faydalarından, kamil insan olmaq qayəsindən geniş bəhs olunur. Oğlu Məmmədəli Sidqiyə yazılmış maarifçi şeirləri, sözün həqiqi mənasında, yeni nəslə xitab kimi səslənir.
Oruc Həsənli bu gün Naxçıvanda təhsilin inkişafına, tarixi keçmişin öyrənilməsinə xüsusi diqqət yetirildiyini bildirmişdir. Qeyd etmişdir ki, görkəmli maarifçi Sidqinin pedaqoji irsinin təbliğatçısı olacaq “Məhəmməd Tağı Sidqi: Taleyi və sənəti” kitabının ərsəyə gəlməsi də bu qayğının nəticəsidir. Buna görə bütün pedaqoqlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdardırlar.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev çıxış edərək demişdir ki, Məhəmməd Tağı Sidqi mahir pedaqoq, məktəbşünas olaraq təlim və tərbiyəyə, dilimizə, ədəbiyyatımıza dair qiymətli əsərlər yazıb-yaratmışdır. Elə tək görkəmli yetirmələrinə görə Sidqinin “Tərbiyə” məktəbini Qori Müəllimlər Seminariyası ilə müqayisə etmək olar. Bu məktəbdəki yeni təlim-tərbiyə üsulları o dövr ziyalıları üçün böyük təcrübə məktəbi idi. Cəlil Məmmədquluzadənin dediyi kimi: “... müəllim və ədiblər üçün bura bir darülürfan hesab olunurdu”.
Nazir bildirmişdir ki, Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi, görkəmli pedaqoqun ev-muzeyinin yaradılması, bu gün təqdimatına toplaşdığımız kitabın işıq üzü görməsi Naxçıvan təhsilinə, mədəniyyətinə, Naxçıvanın yaradıcı ziyalılarına Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının daha bir təzahürüdür.
Sonra çıxış edən Naxçıvan Dövlət Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov “Məhəmməd Tağı Sidqi: Taleyi və sənəti” kitabının pedaqoji və ədəbi-ictimai əhəmiyyətindən danışmışdır.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR